Toxun acdan nə xəbəri, yaxud Nikol-Anna cütlüyünün lüks həyatı TƏHLİL

Toxun acdan nə xəbəri, yaxud Nikol-Anna cütlüyünün lüks həyatı TƏHLİL

Yaxşı, rahat, hətta lüks yaşamağı belə kimsə qadağan edə bilməz. Bu bir həqiqətdir və kimsə buna qarşı çıxmır. Belə çıxır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bu aforizmi özünə rəhbər tutub və qalan heç nə onu maraqlandırmır. Amma bu qadının diqqətinə çatdırmaq yerinə düşərdi ki, yaxşı yaşamaq üçün, lüks həyat üçün kifayət qədər vəsait tələb olunduğu da bir həqiqətdir və kimsənin buna qarşı çıxmaması üçün həmin vəsaitlərin şəffaf olaraq, qanuni şəkildə əldə edilməsi gərəkir. Əks halda baş nazir arvadının özünü bu şəkildə rahat, lüks həyata alışdırması, əyləncələr dünyasına qərq etməsi əlbəttə ki, müzakirə mövzusuna çevrilməlidir, necə ki, biz bunun Ermənistan cəmiyyətində də olduğunun şahidiyik.

İndi erməni cəmiyyəti baş nazir və onun arvadının hal-hazırda necə həyat yaşadığını seyr edir və “rəngli inqlab” adı altında aldadıldığının da fərqindədir. Fərqindədir ki, belində çanta, nimdaş geyimdə kütlənin qarşısında demokratiya, şəffaflıq deyə bağıran biri indi qolundakı bir neçə milyon dəyərində saatla lovğalanır və yuxusunda belə görmədiyi şəkildə arvadı ilə gəzintilərə çıxır. Özü də maraqlıdır, kimin vəsaitləri hesabına. Əgər, Nikolun faşistlərə, şəxsən Hitlerə satılan babasından miras qalmışdısa, niyə bu zamana qədər onun çuxasından cin ürkürdü? Yaxud, Annanın “məzuniyyətin son saatlarının həzzi” adı altında çəkdirdiyi selfilərini bundan öncə niyə ermənilər görmürdü? Axı, qeyd etdiyimiz kimi, yaxşı, rahat, lüks yaşamağa qadağa heç zaman olmayıb və belə qadağalarsız şəraitdə Anna bu zamana qədər nə əcəb “həzz” haqqını əldən verib?
Əlbəttə, erməni baş nazir və onun arvdının sağa-sola xərclədikləri vəsaitləri erməni cəmiyyəti də yaxşı görür və ermənilərə məxsus sosial şəbəkə hesablarında da bunun şahidi olmaq olar. Məsələn, bu barədə Facebookdaki səhifəsində Qaqik Sarukyanın həmkarı Lianna Manukyanın yazdıqları təsdiq edir ki, Ermənistanın hakimiyyət postunu qamarlayan Paşinyanın öz arvadı ilə “həzz” alması üçün sağa-sola səpdiyi vəsaitlərin, özü də qarandıq yollarla ələ keçirdiyi vəsaitlərin, dövlət vəsaitlərinin fərqində olanlar var.

Ermənistanda bir çox sosial şəbəkə istifadəçiləri yazırlar ki, Anna Akopyan bəlkə uzun müddət çalışaraq, özü də fədakarlıqla çalışaraq, çox məhrumiyyətlər müqabilində illərlə vəsait, belə bir məbləğ toplayıb və indi də pul kisəsinin ağzını açıb gen-bol xərcləyir? Yəni, xüsusi ehyamla, sarkazmla bildirilir ki, belə məbləğləri Anna heç zaman nə toplaya bilməzdi, nə də bunun toplanması üçün elə bir fədakar əmək sərf etməyib. Biz sözlə, “həzz” üçün ələl keçirdiyi vəsaitlərin onların özlərinin olmaması, qamarlamaları, dövlət vəsaitlərini sərf etdiləri açıq-aşkar bildirilir.

Ən diqqət çəkən bir məqam isə ondan ibarətdir ki, baş nazir arvadının “həzz” almaq istəyi o qədər böyükdür ki, bu qadın indi də əlində avtomat şəkil çəkdirir və utanmadan bunu yayır. Xeyriyyə fonduna rəhbərlik etməklə silahla poz vermək arasındakı təzaddan utanmadan çəkdirir şəkillərini bu qadın. Doğrudur, xeyriyyə fondu dediyimiz fondun nə ilə məşğul olduğu, vəsaitlərini haradan əldə etdiyi, hara sərf edildiyi də qaranlıqdır və əslində bu da başqa bir müzakirə mövzusudur. Amma hər halda bu sadalananlar özü də Annanın kimliyi, fəaliyyəti barədə məsələlərə, məqamlara aydınlıq gətirmək üçün gərəkli faktlardır. Lakin müzakirə mövzusu bu qadının, özü də baş nazir arvadının bir tərəfdən sülh çağırışları etməsi, digər tərəfdən də silah əlində poz verməsidir. Sülhdən dəm vuran bu qadın əlindəki silahı Azərbaycanın sərhədd zonasına, dinc insanlarına, əhalisinə tuşlayan zaman bunun sülh çağırışları ilə üst-üstə düşmədiyini qanmır, yoxsa qanaraq həyasızlıq, utanmazlıq edir. Hər halda bu qədər qanmaz olmasından daha çox utanmazlığı, həyasızlığı inandırıcıdır. Çünki, milyonlarla vəsaiti öz kefi, istirahəti, həzzi üçün səpələyən bu qadının sülh çağırışları başına dəysin, heç olmasa acından ölən bircə erməniyə bir tikə yavan çörək belə verməməsi və bununla paralel olaraq özünü dırnaqarası qayğıkeş ana kimi qələmə verib çağırışlar etməsi onun daha çox həyasızlığından, utanmazlığından xəbər verir.

Əslində, bu qadının baş nazir olan əri də özü kimidir və hadisələrin xronologiyası təsdiq edir ki, indi erməni xalqı dediyi toplum onun heç vecinə də deyil. Əlbəttə, biz zamanlar xalq adından danışan beli çantalı nümayişçi obrazı onun hakimiyyət postunu qamarlaması ilə dərhal yoxa çıxdı və sanki belə bir adam olmayıb. İstər Amulsar mədəninin istismarı məsələsi olsun, istər polisin xalqın tərəfində olması tələbi olsun, istər erməni xalqının rifahı barədə qızıl dağlar vəd etməsi məsələsi olsun, bunlar indi heç Nikolun yadına da düşmür. Çünki, istismarına xalqın narazılıq etdiyi Amulsar mədəninin istismarı məsələsi onun gündəmində, polis xalqı əzmək üçün hökmü altında, xalqın rifahı isə axırıncı planındadır. Daha doğrusu, xalqın rifahı, heç onun planına da düşmür, çünki, xalqdan oğurlayıb qoluna milyonlarla dəyəri olan qızıl saat taxarkən xalq onu zərrə qədər də narahat etmir. Halbuki, ac erməni vətəndaşları çörək almaq üçün qəpik-quruşa da ehtiyac duyurlar.

Paşinyan ilin əvvəlində iş ilinin başlanması münasibətilə erməniləri təbrik edən zaman da qızıl dağlar vəd edərkən öz xalqını aldatdı. Hansı iqtisadiyyatla, hansı istehsalla, hansı məşğuliyyət sahəsi ilə bu adam vədlər verdi axı? Bunu erməni cəmiyyəti özü belə hələ də anlamaqda çətinlik çəkir. Sehrli çubuq vasitəsi ilə edəcəkdimi bunu? “Elm tələb edən əmək həmin sehirli çubuqdur və ermənilərin problemlərini bunun vasitəsi ilə həll edirik və həll etməkdə davam edirik”, deyə o zaman bəyan edən Paşinyan əslində, ehyam vurmuşdu daxili auditoruyaya. Erməni cəmiyyətinin axmaqları da bunun mahiyyətini o zaman başa düşməsə də, indi anlamaq məcburiyyətindədirlər ki, “sehrli çubuq” dediyini əslində, elə erməni baş naziri öz əlində hesab edirdi.

Soruşmaq ayıb olmasın milyonlarla dəyəri olan saat "borc" aldığı vəsait hesabına alınıb? Adi bir vətəndaşa qarşı açıq-aşkar bir hörmətsizliklə qarşılaşır Ermənistan cəmiyyəti və özlərinə qarşı kinayəli və saymazyana bir münasibət görür. Eyni zamanda dərk edənlər də bilirlər ki, erməni baş nazirinin xərclədiyi hər qəpiyi adi bir Ermənistan vətəndaşı gec-tez ödəməlidir. Guya ki, öz müdafiəçilərinin, hərbçilərinin mənəvi ruhunu yüksəltmək üçün əllərindəki avtomatla lağ obyektinə çevrilmək əvəzinə, Paşinyanın ailəsi milyonları ordu fonduna köçürə bilərdi, əgər ordu, müdafiəçi nəzərə alınsaydı. Yaxud, milyonlarla dəyəri olan saata məsrəf edilincə, bu pullar xalqın rifahına sərf edilsəydi daha böyük faydası olardı xalqa. Əgər belə olmursa, deməli, ruh yüksəkliyi də, xalqın rifahı sözləri də boş söz yığınından, populizmdən, pafoslu çıxışlardan başqa bir şey deyil. Baş nazir və ailəsi tərəfindən talançılıq təfəkkürü fonunda ordunun mənəvi ruhunun səviyyəsinin yüksəlməsinə töhfə verməsi ehtimalı belə gülüncdür. Baş nazirə gəlincə, o milyonlarla vəsaiti təmirinə sərf etdiyi öz sarayının da pəncərələri önündə vətəndaşların qışqırıq səsini eşidirsə, narazılıqlarının səbəbini soruşmaq belə artıqdır. Çünki, toxun acdan nə xəbəri olacaq. Yaxud, Nikolun və Annanın lüks həyatı kimin hesabınadır, artıq hər kəsə bəllidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə