Türkiyə Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır - MÖVQE ÖZƏL

Türkiyə Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır - MÖVQE ÖZƏL

"Türkiyə Azərbaycan media platformasının yaradılması olduqca strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb. Məsələ ondadır ki, postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır. Hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan biri kimi informasiya platforması çıxış edir. Belə olan halda qlobal informasiya məkanında daha böyük və daha effektiv platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik iki qardaş ölkənin vahid media platforması, həm də hər iki medianın tarixən ənənəvi olaraq güclü olduğu paltformalarda da onları güclü edəcək və inteqrasiyasını sürətləndirəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

O, bildirib ki, məsələn Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər: "Türkiyə mediası isə ingilis və fransız dilli media paltformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə gətirilməsini təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi hadisəsi deyil medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir. Yəni Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin haqlı olaraq dediyi kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol olacaq".

Politoloq qeyd ki, ancaq bu da məsələnin hamısı deyil: "Çünki Türkiyə Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni tərəfdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda, ortaq maraqları olan digər dövlətlər, Gürcüstan, Ukrayna, Macarıstan və s. kimi ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər. Ancaq bunun üçün bir sıra məsələlərə kiçik korrektələr də edilməlidir. Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır. Məsələn, türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil".

H.Babaoğlu vurğulayıb ki, eləcə də, Türkiyədə Azərbaycan filmlərinin yayımlanmasına və bu tərcüməsiz , uzaqbaşı altyazı uyğunlaşdırılması ilə verilməsinə nail olmaq lazımdır: "Beləliklə, ortaq media platformasının ortaq dili də formalaşsın ki, ortaq məqsədlərimizin daha sürətlə və daha effektiv şəkildə reallaşmasını təmin etsin. Əgər buna nail ola bilsək, inanın ki, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi texniki tərəqqi və s. kimi sahələrdə elə perspektivlər yaranacaq ki, bunlar, sözün əsl mənasında, bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsini yaradacaq. Ona görə də, Türkiyə Azərbaycan Media Platformasının yaradılmasını yalnız alqışlamaq olar".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə