Azərbaycan müxalifəti “Qarabağ probleminin həllini” necə düyünə saldı?
Yəqin başlığı oxuyanda təəccüblənəcəksiniz. Düçünəcəksiniz ki, müxalifət “Qarabağ probleminin həllini” necə düyünə sala bilər?
Tələsməyin. Bugünkü müxalifətin münaqişənin aradan qaldırılmasına bilərəkdən, yaxud, bilməyərəkdən hər vəchlə mane olmağa çalışması göz qabağındadır.
Ancaq bu yazıda söhbət daha çox bu günkü müxalifətdən yox (eyni adamlar olsalar da), 1992-ci ilin martına qədər müxalifətdə, həmin vaxtdan 1993-cü ilin iyununa qədər iqtidarda olan AXC-Musavat birliyindən gedəcək.
5-6 mart 1992-ci il.
Hər şey ondan başladı ki, Prezident A.Mütəllibov birləşmiş müxalifət tərəfindən iki gün parlamentdə “dustaq” saxlanıldıqdan sonra istefa verməyə məcbur edildi.
Prezidenti “demokratik yolla” hakimiyyətdən uzaqlaşdıranlar nədənsə hakimiyyəti götürmədilər.
Təsadüfən Parlamentin sədri seçilən və heç bir dayağı olmayan Yaqub Məmmədov hakimiyyət yükünü öz üzərinə götürmək məcburiyyətində qaldı.
Yük onun üzərində, real hakimiyyət isə müxalifətin əlində idi.
Ölkədəki 69 günlük hakimiyyətsizlik dövrü Şuşa və Laçının itirilməsi ilə nəticələndi. Güman etmək olar ki, Yusif Sərrac rolunu oynaması, bu dəhşətli faciələrin ayağına yazılması üçün Yaqub Məmmədov hakimiyyətdə saxlanılmışdı?
Başqa məntiqli izahat tapmaq mümkün deyil.
Rəhim Qazıyev danışır:
“Nazir vəzifəsinə yeni təyin olunan kimi “Zabitlər evi”nə getdim (R.Qazıyev 17 mart 1992-ci il tarixdə nazir təyin olunub). Orda 5 ədəd bilyard masası vardı. Gördüm, 2-si qalıb. Rəis dedi ki, “İsa Qəmbərov 3 stolu bağına apartdırıb”. Ona telefonla dedim ki, “İsa, indi televiziyaya çıxıb deyəcəyəm ki, “İsa Qəmbərovun millətə birinci xidməti bilyard stollarını aparmaq olub”. Heç 15 dəqiqə keçmədi ki, İsa gəldi. Dedi, “bir işdi olub, istəyirsən, gətirim, qaytarım”. Mən ona güzəşt etdim”.
Bax belə, real hakimiyyəti olanlar, bilyard oynamaq üçün orduya məxsus stolları asanlıqla “müsadirə” edib götürənlər hakimiyyəti götürmədilər.
14 may 1992-ci il.
Müdafiə naziri Rəhim Qazıyev Daşkənddə Rusiyalı həmkarı Pavel Qraçovla görüşdü və onun Gəncədə yerləşən rus desant diviziyasının komandiri Şerbaka-“Rəhim bizim dostumuzdur, ona kömək elə”-tapşırığını verməsinə nail oldu (havayıdan onu aprelin 29-30-da Şəkidə qonaq etməmişdi).
Əvvəlcədən Şerbakla danışıldığı kimi Qraçovun belə göstərişi olsa rus desant diviziyası Şuşanı azad edib (təbii ki,ciddi maliyyə müqabilində), Goran poliqonunda hazırlıq keçən 2700 əsgərimizə təhvil verməli idi.
Şuşanın tezliklə azad olunacağından son dərəcə sevincək olan R.Qazıyev əməliyyatın başlaması üçün təcili Gəncəyə gəldi və Şerbak ona xəbər verdi ki, müxalifət onun əsgərlərini çevriliş etmək üçün Bakıya aparıb.
Hakimiyyətsizlik yaradıb Şuşanın işğalına şərait yaradan AXC, əsgərləri Bakıya aparmaqla “Qarabağın incisi”nin xilasına imkan vermədi.
7 iyun 1992-ci il.
Prezident seçkiləri saxtalaşdırıldı və Ə.Elçibəy prezident seçildi.
Yeni iqtidarın hərbi əməliyyatlara başlamaq planlarından xəbər tutan hərbi mütəxəssislər bu “avantüranın” fəlakətlə nəticələnəcəyini dedilər.
Elçibəyin müşaviri Yaşar paşa Demirbulaq israrla xahiş etdi ki, atəşkəsə gedib, ordu quruculuğuna başlanılsın.
Eşitmədilər.
12 iyun 1992-ci il.
Rusların Gəncədəki desant diviziyası Müdafiə nazirliyindən daşınan “kisə-kisə” pullar müqabilində hərbi əməliyyatlara başladı və tezliklə Ağdərə rayonunu, həmçinin Şaumyankənd və ətrafını azad etdi.
Əvəzində isə xarici siyasətimizə ağır zərbə vuruldu və Qarabağ problemi üzrə danışıqlarda diplomatiyamız həddindən artıq əlverişsiz vəziyyətə düşdü.
AXC-nin Xarici İşlər naziri Tofiq Qasımov Agdərənin və Şaumyankəndin azad olunmasını təxribat adlandırdı, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunması üçün ABŞ-ın yüksək dövlət dairələrindən razılıq alındığını və həmin hərbi əməliyyatlar nəticəsində bu imkanın əldən çıxdığını dedi.
21 iyun 1992-ci il.
Qarabağ probleminin həlli məqsədilə çağırılması planlaşdırılan ATƏM-in Minsk konfransı Azərbaycan hakimiyyətinin təqsiri üzündən baş tutmadı və daha bir ağır zərbə aldıq.
24 iyun 1992-ci il.
Qara Dəniz Hövzəsi ölkələrinin toplantısı. Ermənistan prezidenti Petrosyan dəfələrlə Elçibəylə görüşüb, Dağlıq Qarabağın statusu barədə (Petrosyan yalvarıb-yaxarırdı ki, ermənilərə heç olmasa mədəni muxtariyyat verilsin- Ə.Tahirzadə) razılığa gəlmək istəsə də Azərbaycan prezidenti onunla danışmaqdan imtina etdi.
Beləliklə, əlimizə düşən son dərəcə əlverişli şansı itirdik.
7-11 iyul 1992-ci il.
ATƏM-in Helsinki sammiti.
Ermənilər aktiv işlədikləri halda Ə.Elçibəy “bacarıqsızlığından və utandığından”(Ə.Elçibəyin Dövlət müşaviri V.Quluzadə) Qarabağ probleminin dünya liderlərinə çatdırılması istiqamətində heç bir iş görmədi.
30 sentyabr 1992-ci il.
Ə.Elçibəylə heç cür danışa bilməyən Petrosyan müstəqillikdən imtina etməkdən başqa yolun qalmadığını gördü və Rusiya ilə sərhədlərin qorunması ilə əlaqədar müqavilə imzaladı.
Müqaviləyə görə Ermənistanın 345 km Türkiyə ilə, 45 km İranla olan sərhdlərinin və “Zvartnots” beynəlxalq hava limanının qorunması səlahiyyəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin 4500 nəfər əsgərinə verildi.
Artıq müstəqilliyini itirən Ermənistan tək deyildi.
Artıq Azərbaycan dünənə qədər Gəncədəki rus diviziyasının simasında “müttəfiqi” olan Rusiya ilə müharibə etmək məcburiyyətində qaldı.
Moskvadan gələn əmrlə Gəncə Desant Diviziyası dislokasiya yerinə qayıtdı.
Azərbaycan Ermənistan-Rusiya birləşmiş silahlı qüvvələrinə qarşı müharibə meydanında tək qaldı.
Dəhşətli fəlakətlərimiz başladı.
2 aprel 1993-cü il.
Kəlbəcər rayonu işğal olundu.
Ordu quruculuğundan imtina edib, “maklerlərin” təşkil etdiyi “pullu xidmətlə” torpaqları azad edəcəyini düşünən AXC-Musavat iqtidarı “seytnot” vəziyyətində “hərbi yardım” xahişləri ilə qapılar döydü və hər yerdən “əli ətəyindən uzun” geri döndü.
15 iyun 1993-cü il.
AXC-Musavat iqtidarının israrlı xahişlərindən sonra Bakıya gələn Ulu Öndər Heydər Əliyev parlamentin sədri seçildi.
17 iyun 1993-cü il.
Prezident Ə.Elçibəy heç kimə demədən iqamətgahı tərk edib, Kələki kəndinə getdi.
Heydər Əliyev tək Azərbaycanın son dərəcə ağır problemləri ilə üz-üzə qaldı.
Erməni-rus hücumları şiddətləndi.
Nizami ordu mövcud deyildi. Çünki əvvəl A.Mütəllibov, sonra Ə.Elçibəy ordumuzun olmaması üçün hər şeyi etmişdi.
Silahlı qüvvələrimiz AXC-nin, S.Hüseynovun, R.Qazıyevin, E.Məmmədovun və digər şəxslərin batalyonlarından ibarət idi və onların əmrlərini icra edirdi.
Bu vəziyyətdən maksimum yararlanan erməni-rus qoşunları tərəfindən qısa müddətdə daha 6 rayonumuz işğal olundu.
Utanmadan, qızarmadan “H.Əliyevin dövründə 6 rayon işğal olunub”-deyənlər anlamırlar ki, Şerbakın Gəncədəki desant diviziyasına güvənən AXC-Musavat iqtidarı hakimiyyəti atıb qaçandan sonra erməni-rus ordusunun qabağına çıxacaq nizami ordu qoyub getməmişdi.
Ulu Öndər Heydər Əliyev də Naxçıvandan Bakıya, Azərbaycanı xilas etmək üçün gələndə özü ilə ordu gətirmək imkanına malik deyildi və gətirməmişdi.
Yeni, güclü nizami ordu yaratmağa isə xeyli zaman və vəsait tələb olunurdu.
Beləliklə, əvvəlcə müxalifət, sonra qısa müddətli iqtidar, daha sonra günümüzə qədər və çox güman ki, əbədi müxalifət olacaq AXC-Musavat koalisiyası “Qarabağ problemi”nin həllini düyünə, Azərbaycanı isə fəlakətli vəziyyətə saldı.
Əlverişli məqamda Ermənistanla danışıqlardan qaçmaqla erməniləri rusların qucağında oturmağa məcbur etdi və Rusiya-Ermənistan ittifaqının yaranmasında həlledici rol oynadı.
Nəticədə, 30 ilə yaxın müddətdə Azərbaycan Rusiya ilə həm hərbi, həm də diplomatiya sahəsində “vuruşmaq” məcburiyyətində qaldı və bu ağır “müharibə” davam etməkdədir.
Məncə anlamaq istəyənlər üçün kifayətdir. Anlamaq istəməyənlər və anlamaq iqtidarında olmayanlar isə...
Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB