“Etnik ermənilərin köçürülməsi danışıqlar prosesini qeyri-stabil etmək cəhdidir” ÖZƏL-ŞƏRH
Əsas problem ondan ibarətdir ki, nə ATƏT-in Minsk Qrupuna həmsədr olan ölkələr, nə də BMT daxil olmaqla digər beynəlxalq təşkilatlar məsələnin mahiyyətinə təfərrüatı ilə baxmaq və onları daxili adlandıraraq bu məsələlərlə məşğul olmaq istəmirlər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycandakı Rus İcmasının sədr müavini, Qarabağın Azərbaycanlı İcmasının müşaviri, siyasi şərhçi Anastasiya Lavrina deyib.
Siyasi şərhçinin sözlərinə görə, təəssüf ki, beynəlxalq birlik yalnız Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında çox sayda itki ilə ciddi bir hərbi qarşıdurma başlayanda reaksiya verir və bu reaksiya əsasən barışıq və atəşkəs çağırışlarından ibarətdir olur.
“Ermənistan hökuməti və erməni lobbisi susmağı tərcih edir, dünya birliyini aldadaraq həmrəylik və insanlıq jesti kimi etnik ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsini təşviq edirlər. Bu, yalnız beynəlxalq humanitar hüququn bütün normalarının pozulması deyil, həm də işğal olunmuş torpaqları doldurmaq və bütün danışıqlar prosesini qeyri stabil etmək üçün açıq cəhddir.
İşğal altındakı Dağlıq Qarabağ separatçılarının başçısı, cəzasız qaldığını hiss edərək, erməni ailələrinin Livandan köçürülmə siyasətini açıq elan edir. İrəvanın və Qarabağdakı erməni separatçılarının bu tələsik siyasəti beynəlxalq strukturların susqunluğunun nəticəsidir. 27 ildir ki, BMT, Ermənistanı işğal altındakı ərazilərindən işğalçı qoşunlarını geri çəkməyə məcbur edə bilmir, baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində bu şərtlər tam olaraq öz əksini tapıb.
Vəziyyətin dəyişməsi üçün, birincisi, Azərbaycan ATƏT-in Minsk qrupunun uzun müddət fəaliyyətsiz qaldığı işin yenidən başlanması məsələsini qaldırmalıdır. Həmsədr ölkələr içərisində yalnız Rusiya fəaldır, görüşlərə təşəbbüs göstərir, tərəfləri danışıqlara dəvət edir, ancaq Fransa və ABŞ müşahidəçi mövqelərini qorumağa davam edirlər. Ancaq nədənsə ermənilərin işğal altındakı Dağlıq Qarabağa köçürülməsi məsələsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri də Ermənistanı qınamır.
Bu problemi geri sayımı başlayan bomba kimi təqdim etmək vacibdir. Müvafiq reaksiyanın olmadığı təqdirdə, bütün bunların Cənubi Qafqazda irimiqyaslı hərbi qarşıdurmanın başlanmasına şərait yaradacağı açıq şəkildə görünür.
Digər bir məsələ isə, münaqişənin həlli prosesinə xaricdə yaşayan Azərbaycan diasporasını cəlb etməyin vacibliyidir. Xatırlayırsınızsa, iyul ayında Azərbaycanla sərhəddə baş verən son erməni təxribatı zamanı diasporumuz dünya ictimaiyyətinin Ermənistanın təcavüzü barədə məlumatlandırılmasında böyük rol oynadı. İndi də Ermənistanın köçürülmə planları ilə bağlı həqiqətlərin və beynəlxalq hüquq pozuntularının həqiqi nümunələrinin qlobal müstəvidə tanınması vacibdir”, deyə Anastasiya Lavrina bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB