Qardaşlıq qətiyyəti, “Bir millət, iki dövlət” reallığı ANALİTİK
Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən, irəli sürdüyü diplomatik fikirləri məhz bu mühüm amili önə sürməkdədir
Azərbaycanla Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq bağlarının beynəlxalq siyasi arenada da dəfələrlə öz təsdiqini tapması sirr deyil. İstər Türkiyə Cümhuriyyətinin, istərsə də Azərbaycan Respublikasının təmsil olunduqları demək olar ki, bütün nüfuzlu qurum və təşkilatlarda qarşılıqlı dəstək ifadə etmələri əlbəttə ki, xalqlarımız arasında qürur duyurmaqdadır. Bu, eyni zamanda Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tarixi kəlamının məntiqi nəticəsidir.
Əbəs deyil ki, bir çox beynəlxalq tədbirlər zamanı Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin olmadığı yerdə isə Azərbaycan bir-birlərinin siyasi və s. maraqlarını müdafiə edir, ortaya qətiyyət qoyurlar. Bu həqiqətlərin sayı isə kifayət qədərdir.
Qardaş ölkələr arasında birlik, həmrəylik və dəstək ifadə edən məqamlar
Məsələn, hələ 2014-cü il aprelin 24-də - Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistan o zamankı prezidenti Serj Sarqsyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma "erməni soyqırımı" ilə bağlı mülahizələrə həsr etməsi ilə yanaşı, Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edərək, qondarma "soyqırımı" məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdi. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışmışdı ki, Avropa ictimaiyyəti qondarma "soyqırımı" ilə bağlı daha təsirli mövqe tutmalıdır. Lakin Sarqayan çox ciddi şəkildə yanılmasının fərqinə varmaması ilə yanaşı, həm də unutmuşdu ki, orada Azərbaycan Prezidenti də var. Məhz erməni dövlət başçısının fikirlərinə verilən sərt cavab da onu yerində oturtdu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, Ermənistan prezidenti fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir və bu sərt bəyanatını verir. SİTAT: “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: “Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi ermənilər idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir”.
Beləliklə, bu tarixi məqamlar ilk növbədə qardaş Türkiyə dövlətində, ölkə rəhbərliyində minnətdarlıq hissi ilə qarşılandı və bundan sonrakı dövrlərdə də qardaş ölkələr arasında birlik, həmrəylik və dəstək ifadə edən məqamlar yer aldı.
Azərbaycan xalqı və dövləti hər zaman qardaş Türkiyənin yanında olmuşdur
Türkiyədə 15 iyul dövlət çevrilişinə edilən cəhd zamanında da Azərbaycan dövləti dərhal bu xain plana reaksiya göstərdi və qardaş Türkiyə dövlətinin dövlət rəhbərliyinin, xalqının yanında olduğunu bəyan etdi. Prezident İlham Əliyev xain planın növbəti ildönümündə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana yazığı məktubunda da bu amilə toxunub. SİTAT: “Türkiyə dövlətinə və xalqına qarşı olan bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olmuşdur. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir”.
Türkiyənin Qarabağ məsələsində daim Azərbaycanın yanında olması faktı da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.
Prezident İlham Əliyevin cənab Rəcəb Tayyib Ərdoğana məktubundan: “Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir”
Biz, elə də uzağa getməyərək, Ermənistanın Tovuz təxribatını xatırlaya bilərik. Məhz həmin günlərdə Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, eləcə də hökumətinin üzvləri birmənalı olaraq bəyan etdilər ki, qardaş Azərbaycanın yanındadırlar və hər zaman da belə olacaq. Ölkə rəhbərimizin sözügedən məktubunda bu faktor xüsusilə vurğulanıb.
“Biz də bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik”, vurğulayan İlham Əliyev cənabları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin hər zaman Azərbaycanla həmrəy olduğunu, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə etdiyini bildirib. SİTAT: “Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası vermişdir. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir”.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminəm ki, birliyimiz və həmrəyliyimiz bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcəkdir.
Prezident İlham Əliyev cənabları Şərqi Aralıq dənizi mövzusunda birmənalı olaraq Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədiyini də vurğulayıb
Məhz bu kontekstdən çıxış edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul etdiyi zaman irəli sürdüyü fikirləri önəm kəsb etməkdədir. Dövlətimizin başçısı bu məsələdə bilavasitə Azərbaycanın milli maraqlarına əsaslanan və eyni zamanda, qardaş Türkiyənin regiondakı maraqlarını müdafiə edən mühüm fikirlər səsləndirdi.
Daha bir mühüm nüans Prezident İlham Əliyevin yüksək səviyyəli diplomatik bilgisi vasitəsi ilə açıq danışıq aparması ilə bağlıdır. Belə ki, məhz diplomatik qaydalara riayət edən dövlətimizin başçısı Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş etdirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz.
Digər tərəfdən, ölkə rəhbərimiz Yunanıstanla əlaqələrin aşağı həddə olması məsələsinə də münasibətini açıqlayaraq məhz milli maraqlarımız kontekstindən çıxış edib, əzm, iradə, qətiyyət nümayiş etdirib. Belə bir məqamda Yunanıstanın Kipr və Ermənistanla birlikdə üçlük format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərdiklərini, Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlığın Azərbaycanda ciddi narahatlıq doğurduğunu da bəyan edən Prezident İlham Əliyev cənabları Şərqi Aralıq dənizi mövzusunda birmənalı olaraq Türkiyənin mövqeyini qəti şəkildə dəstəklədiyini də vurğulayıb. Bu xüsusdan da çıxış edərək qeyd edə bilərik ki, Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da qətiyyətlə Türkiyənin yanında olduğunu göstərib və qardaş ölkənin mövqeyinə növbəti dəfə dəstəyini nümayiş etdirib.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu: “Çox təşəkkürlər edirəm cənab Prezident!”
Artıq Türkiyə tərəfinin də Azərbaycan Prezidenti İlham Əliyevin dəstək bəyanatına təşəkkürlər edilib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” sosial hesabında Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən ifadə etdiyi “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikrinə şərh yazıb. SİTAT: “Çox təşəkkürlər edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”.
Türkiyəli nazir, həmçinin Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq dövlət bayraqlarımızın qoşa təsvirini də paylaşıb.
Bütün bu kimi reallıqlarda da deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir və həmin nümunə özünü bir da təsdiq etdi.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB