Almaniyadan üzü Azərbaycana doğru – yaxşı yol (3-cü hissə)

Almaniyadan üzü Azərbaycana doğru – yaxşı yol (3-cü hissə)

Ötən məqalədə Almaniyaya gedib orada avtomobil almaq haqda, nələrə fikir vermək barədə söz açmışdıq. Söz verdiyimiz kimi indi də maşın alandan sonra Azərbaycana dönən yolun marşrutundan danışacağıq. Hazırda ən rahat və ən təhlükəsiz marşrut Almaniya – Avstriya – İtaliya – Yunanıstan – Türkiyə - Gürcüstan – Azərbaycan hesab edilir. Yaxın keçmişdə Avropa Birliyinə daxil olan ölkələrin sayı artdıqdan və təbii ki, bu ölkələr də Şengen viza zonasına daxil olduqdan sonra yeni bir, nisbətən ucuz başa gələn Çex respublikası – Macarıstan – Bolqarıstan üzərindən keçən marşrut da yaranıb. Amma, təxminən 200 avro ucuz başa gəlməsinə baxmayaraq bu yol əziyyətli yoldur. Belə ki, adları çəkilən ölkələrdə yollar hələ ki, Avropa standartlarına uyğun gəlmir və əksər hissələrdə yol-tikinti işləri aparılır. Xüsusən qış aylarında bu yollarla səfərə çıxmaq nabələd adam üçün məsləhətli deyil. Gəlin artıq dəfələrlə sınanmış və ən rahat yoldan danışaq.


Beləliklə Almaniyadan çıxmaq üçün Münhen şəhəri istiqamətində getmək lazımdır. Yanınızda atlas olduğu halda bu çox asan və sadədir. Ölkənin Şərq və Qərb istiqamətindəsinizsə məşhur A-7 avtobanı sizi bu şəhərə tərəf aparacaq. Münhenə çatmağa təxminən 15 kilometr qalmış yol artıq Avstriyaya istiqamətlənəcək. Burda isə mütləq İnsburq şəhəri istiqamətini götürmək lazımdır. İnsburqdan sonra isə İtaliyaya cəmi 20 kilometr qalır. Bir vaxtlar Suvorovun tarix yazaraq çətinliklə keçdiyi Alp dağlarını superrahat yolla bir anda keçdikdən sonra İtaliyanın füsunkar təbiəti sizi qarşılayır. Burda əvvəlcə Modena şəhəri istiqamətində, sonra isə Ankona liman şəhərinə getmək lazımdır. Ankonada maşınları gəmi ilə Yunanıstana keçirirlər. Yol, liman və nəhayət gəmiyə minmək heç də çətin deyil. Hər bir yerdə istiqamət göstərilir və informasiya verilir. Bu yerlərdə turistlər və sürücülər üçün hər bir məlumat nəzərdə tutulub ki, onlar çətinlik çəkməsinlər. Hələ bir tutulmasın da. Ölkə büdcəsinə kifayət qədər gəlir gətirən turizm birbaşa dövlətin marağındadır. Sizə gəmi ilə Yunanıstanın İqonometsiya limanına keçmək lazımdır. Yeri gəlmişkən, bir gündə bu şəhərə 3 gəmi yola düşür. Çalışmaq lazımdır ki, ən geci səhər saat 11-ə limana çatılsın ki, elə həmin günə də bilet ala biləsiniz. Xüsusən yay aylarında bilet tapmaq çətinlik törədir.
Yunanıstanda yol sənayesi çox böyük sürətlə inkişaf edir. Avropa standartlarına uyğunlaşdırmaq üçün elə Avropa Birliyi banklarının verdiyi böyük kreditlər hesabına geniş avtobanlar salınır. Artıq çətin aşırımlardan əsər-əlamət qalmayıb. İndi o aşırımları uzun və rahat tunellər əvəz edir.


Əvvəl az qala 30-40 dəqiqəyə dolana-dolana keçdiyin dağı indi tunellə bir-iki dəqiqəyə yarıb keçirsən. Yunanıstandan sonra növbədə doğma Türkiyədir. Burda qeyd edək ki, Yunanıstandan çıxa-çıxda yanacaq çənlərinizi tam doldursanız yaxşıdır. Türkiyə yanacağın ən baha olduğu Avropa ölkəsidir. Sərhəddə heç bir problem olmur. Əsas odur ki, özünüzlə bir neçə məişət texnikası aparmayasınız. Türkiyəyə belə texnika keçirmək qadağandır. Düzdür, tranzit (Türkiyədən keçib başqa ölkələrə gedənlər) kimi gedənlərə bu aid olmaya bilər. O zaman həmin malın dəyərində yatırım alırlar və ölkəni tərk etdikdə bu pulu geri qaytarırlar. Amma ilk baxışdan bu rahat görünür. Birincisi, bu proses xeyli vaxt aparır. İkincisi isə pulun dəyişdirilməsindədir. Yatırım türk lirəsi ilə kursa görə hesablanıb götürülür. Təbii ki, ölkəyə yeni daxil olduğunuz məqamda sizdə türk lirəsi az hallarda ola bilər. Deməli aşağı kursla avro və ya dollar verməlisiniz. Ölkədən çıxışda isə səhnə əksinədir. Artıq sizə lirə lazım olmadığından yatırımı geri ya avro, ya da dollarla götürmək istəyirsiniz. Bu zaman izə lirənin ən yüksək kursu hesablanır. Beləliklə keçirmək istədiyiniz bir televizora görə 400-450 avro yatırım etməlisiniz ki, bunun da "alış-verişdə" təxminən 50-60 avrosunu itirə bilərsiniz. Türkiyədən çıxanda artıq sərhəd yoxlamaları da çoxalır. Gürcüstana girişdə bir qayda olaraq növbədir. Yenə də tranzit maşınlar üçün sənədləşmə aparılır ki, bu da vaxt alır. İlin və günün müəyyən vaxtlarından asılı olaraq Batumi sərhəd qapısından Gürcüstana girmək 2-5 saat vaxt ala bilər. Artıq Gürcüstanda yollar Avropanı arzuladır. Bir tərəfli darısqal yol adətən yüklü olur və xüsusən yay aylarında Batumdan Tbilisə qədər olan 400 kilometrlik yolu 7 saata güclə gedə bilirsən. Gürcüstandan Azərbaycana iki qapıdan daxil olmaq olar. Qırmızı körpüdən və Laqodex qapısından. Yay aylarında Laqodex yolunun bir ayrı ləzzəti olsa da, qış aylarında ən rahatı Qırmızı körpüdən keçməkdir. Burdan isə artıq doğma Azərbaycan gəlir. Quru iqlimi və doğma dildə danışan insanlarla ünsiyyət uzun yoldan sonra adama rahatlıq gətirir. İlk istədiyin şey isə uzun yoldan sonra rahatlıqla oturub heç yerdə tayı olmayan Azərbaycan kababı yeməkdir. Həqiqətən də, bu tamda kababı başqa heç bir yerdə dadmaq mümkün deyil. Nuş olsun və həmişə vətəndə.

Haşiyə (keçilən ölkələrdə əsas nələri bilmək lazımdır):

Almaniya – avtobanlarda avtomobillərin ən gur olduğu ölkədir. Diqqətli olmaq lazımdır ki, yolayrıcılarında səhv etməyəsiniz. Nabələd adam üçün yanlış burulan yoldan qayıtmaq az qala 20-25 kilometr əlavə məsafə qət etmək hesabına başa gələcək.


Avstriya – Ölkəyə girən kimi ilk yanacaqdoldurma məntəqəsindən yol bileti almaq məsləhətdir. Qiyməti 7 avrodur. Bu bilet olmadan yoxlamaya düşdükdə isə 80 avro cərimə verməli olacaqsınız.


İtaliya – İngilis dilində danışmağa meylli deyillər. Əksər sürücülər hətta üçcərgəli yolda belə yalnız sol cərgə ilə getməyi xoşlayırlar. Avropanın göbəyində əsl qafqaz ab-havası görmək olar.


Yunanıstan – Yağışlı havalarda yollarda ehtiyatlı olmaq lazımdır. Bu ölkədə yolun keyfiyyətini və ömrünü artırmaq üçün asfalta mərmər qatırlar. Bu üzdən də yağışlı havada yol çox sürüşkən olur.


Türkiyə - İstambulu pik saatlarda keçmək heç məsləhət deyil. Avropa ilə Asiyanı birləşdirən bu nəhəng şəhəri pik saatlarında keçmək qarışqa kimi qaynaşan maşınların fonunda adama cəhənnəmi xatırladır. Bu ölkədə sürət həddinə də fikir vermək lazımdır. Cərimə ən azı 150-200 lirədən(100-120 dollar) başlayır.


Gürcüstan – artıq hazır olun ki, yollarda informasiya son dərəcə azdır. Çox təhlükəli maşın sürürlər ki, bu da tez-tez ağır qəzalara səbəb olur.
Azərbaycan – burdan beləsini hamımız bilirik.

Bütün xəbərlər Facebook səhifəmizdə