"İnformasiya müharibəsi dayandırılmadan davam etdirilməlidir" - MÖVQE ÖZƏL

"İnformasiya müharibəsi dayandırılmadan davam etdirilməlidir" - MÖVQE ÖZƏL

"Tovuz hadisələrindən sonra Azərbaycan beynəlxalq səpgidə tam başqa bir müstəviyə çıxmış oldu. Əgər Tovuz hadisələrinə qədər yalnız beynəlxalq tribunalardan erməni vandalizmi ilə əlaqədar siyasətçilərimizin səsləri gəlirdisə, Tovuz hadisələrindən sonra dünyanın bir çox mərkəzi ölkələrində azərbaycanlıların dinc yürüşləri zamanı ermənilərin əsl simasını elə özləri dünyaya göstərmiş oldular. Bununla da Azərbaycan bu münaqişədə yeni bir mərhələyə keçdi. Çünki dünya artıq onların əsl simasını, aqresiyasını, vandallığını gördü". Bunu SİA-ya açıqlamasında QHT-lərə Dövlət dəstəyi Şurasının katibi Nərgiz Xələf deyib.

Onun sözlərinə görə, burada xüsusilə vacib məqam məhz gənc ermənilərin, hansı ki, 1989-1994-cü illər arasında yaşanmış müharibələri görmüş insanlar deyil, erməni valideynlərinin onlara çatdırdıqları ilə böyüyən gənclərdir və onların azərbaycanlılara qarşı olan münasibətini gördük: "Bu məqama ona görə, xüsusilə diqqət yetirməliyik ki, ermənilərin atdığı istənilən addıma artıq dünya mütləq şəkildə şübhəylə yanaşamağa başlayacaq. Dünənə qədər bu məsələdə şübhələr ikili standartlar səbəbindən Azərbaycana daha çox idisə, artıq vəziyyət əks tərəfə doğru dəyişib. Azərbaycana qarşı xüsusilə qərb ölkələrinin ikili standartları hiss etməmək mümkün deyil. Bu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yanaşmasından da, Rusiyanın Ermənistana silah yardım etməsindən də hiss olunur və bütün bunlar hamısı dünyanın gözü qarşısında baş verir".

N.Xələf vurğulayıb ki, Livanda yaşanan partlayışdan sonra orada yaşayan ermənilərin məhz Dağlıq Qarabağ ərazisinə köçürülməsi məsələsinə gəldikdə isə bildirmək istəyirəm ki, Twitter-də qondarma DQR prezidentinin məsələ ilə əlaqədar yazılarını görürük və həmin postlarda sözün əsl mənasında bir yalvarış var: "Livan ermənilərinin ora köçməsi üçün bonuslar təklif edilir. Bütün bunlar onu göstərir ki, bu siyasət bir o qədər də uğurla nəticələnmir və bu məsələ ilə əlaqədar çox böyük çətinlikləri var. Lakin aparılan bu siyasət beynəlxalq hüquqa ziddir və 1989-cu ildən bu yana Ermənistanın tam şəkildə beynəlxalq hüquqları pozur. Burada ən önəmli məqam Azərbaycanın mövqeyidir. Azərbaycan dövləti illərdir bütün bu məsələrlə əlaqədar dünya ictimaiyyətini məlumatlandırmaq üçün səylə çalışır. Bunun nəticəsi olaraq, BBC kimi böyük və nüfuzlu televiziya kanallarında Azərbaycanın haqqlı mövqeyindən çıxış edən, beynəlxalq hüququ dəstəkləyən, reportajlar, jurnalist mövqeləri görürük. Sonda isə problemin əsas məğzinə diqqət etdikdə görərik ki, məsələnin əsas mahiyyəti biz azərbaycanlıların istər siyasətçi olsun, istər sadə vətəndaş hər birimiz sosial şəbəkələrdə aktiv olması və dünya ictimaiyyətini daim məlumatlandırmasıdır. Çünki bu müharibə həm də sosial sferada aparılır. Ona görə də, gənclərin, QHT-lərin, siyasətçilərin üzərinə düşən əsas vəzifə informasiya müharibəsini dayandırmadan davam etdirməkdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə