MCP də qeydiyyata alındı FOTO

Razi Nurullayev: “Prezident Administrasiyasında siyasi partiyalar və parlamentlə iş üzrə yeni şöbənin yaranması ilə siyasi arenada çox dəyişiklik olub”

Bir sıra partiyaların dövlət qeydiyyatına alınması proseduru davam etdirilir. Növbəti dövlət qeydiyyatından keçən partiya Milli Məclisinin deputatı Razi Nurullayevin sədri olduğu Milli Cəbhə Partiyasıdır (MCP).

SİA-ya daxil olan məlumata görə, R.Nurullayev deyib ki, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə ona təqdim edilib.

“Prezident Administrasiyasında siyasi partiyalar və parlamentlə iş üzrə yeni şöbənin yaranması ilə siyasi arenada çox dəyişiklik olub”, deyən R.Nurullayev əlavə edib ki, onilliklərlə yaranmış problemlərin bir-bir həll edilməsi şansı yaranıb və bəziləri isə artıq həllini tapıb: “Yeni məmur təfəkkürü, yanaşması cəmiyyətə müsbət impuls buraxır. Müvafiq şöbənin rəhbəri hörmətli Ədalət Vəliyevə görüşlərimiz zamanı müzakirə edilən problemlərin həlli yolunda atdığı addımlara görə təşəkkür edirəm. O, demişdi ki, ölkə rəhbəri tərəfindən qarşısında ciddi məsələlər qoyulub və tez bir zamanda nəticə də olmalıdır”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə