"Bu gün ermənilər Ermənistandan qaçır, Dağlıq Qarabağda isə..." ÖZƏL - AÇIQLAMA
"Bu məsələni beynəlxalq təşkilatların qarşısında, onların gündəliyində müzakirə predmetinə çevirməliyik. Bu təşkilatların biganəliyi fonunda bütün bu proseslər baş verir". Bu sözləri SİA-ya Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının müdiri, politoloq Fikrət Sadıxov Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasətini davam etdirməsi məsələsini şərh edərkən deyib.
Politoloq bildirib ki, bu, ermənilər tərəfindən aparılan açıq şəkilli təxribatdır: "Onlar nəinki, Azərbaycana qarşı, həm də dünya birliyinə qarşı siyasət aparırlar. Ermənistan beynəlxalq hüququ tapdalayır. Eyni zamanda, Cenevrə Konvensiyasının müəyyən şərtlərini də kobud şəkildə pozurlar. Düşünürəm ki, Ermənistan bütün bunları göstəriş xarakterli həyata keçirir. Onlar erməni mənşəli etnik əhaliyə biganə qalmadıqlarını göstərməyə çalışırlar. Əlbəttə ki, bu prosesə beynəlxalq təşkilatlar öz münasibətini bildirməlidir. Xüsusilə də, ATƏT-in Minsk qrupunun həmsədrləri, çünki, onlar aparıcı dövlətlərin nümayəndələridirlər. Bu məsələni beynəlxalq təşkilatların qarşısında, onların gündəliyində müzakirə predmetinə çevirməliyik. Bu təşkilatların biganəliyi fonunda bütün bu proseslər baş verir".
Siyasətçinin fikrincə, Dağlıq Qarabağın ermənilər tərəfindən dağıdılmış ərazilərinə yerləşdirilən ailələr çətin ki, burada yaşamağa davam etsinlər, bunun üçün bir çox obyektiv səbəblər var: "Burada onların yaşayışını təmin edəcək infrostruktur mövcud deyil, burada nə fəaliyyəti təmin edə biləcək müəssisə, nə də tibbi məntəqələr yoxdur. Əgər, buraya ailələr yerləşdirilirsə onlara maddi qazanc əldə etmək üçün də şərait yaradılmalıdır, lakin həmin ərazilərdə maliyyə mənbəyi yoxdur. Belə bir şəraitdə yaşamaq onlara sərf etməyəcək. Həmin əhalinin bu torpaqlarda qalması uzunmüddətli olmayacaq. Sadalanan səbəblərə görə onlar bu əraziləri tərk edəcəklər".
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə etnik mənşəcə erməni olan ailələri yerləşdirməsinin əsas səbəbi burada dayaqlarını möhkəmləndirməkdən ibarət ola bilərmi? - sualına politoloq Fikrət Sadıxov belə cavab verir: "Təbii ki, məsələnin bir də bu tərəfi var. Bu, Ermənistanın siyasətində kifayət qədər görünən bir məqamdır. Onların etnik siyasət aparmalarının bir məqsədi də Dağlıq Qarabağda erməni əhalini çoxalmasına xidmət edir. Hesab edirlər ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni mənşəli əhali nə qədər çox olsa, bu gələcəkdə münaqişə həll olunan zaman Ermənistanın lehinə işləyə bilər. Belə bir amil mövcuddur və Ermənistan bu amildən istifadə etmək fikrindədirlər. Lakin, həmin əhalinin Dağlıq Qarabağda indiki şəraitdə necə yaşayacağını dərk etmək mümkün deyil. Bu gün, ermənilər Ermənistanın özündən qaçır, əhali azalır. Ermənistan isə xaricidən gələn erməniləri Azərbaycanın işğal olunmuş torpaqlarında dağıdılmış ərazilərdə yerləşdirməklə onların burada qalmasını gözləyir. Onların burada çalışmalarını, inkişaf etmələrini istəyir. Tamamilə absurddur və bu siyasətin gələcəyi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB