“Nikol Paşinyan Qarabağ kartı ilə manipulyasiya edir” ÖZƏL-ŞƏRH
"Birincisi, o məsələyə aydınlıq gətirək ki, niyə Nikol Paşinyan tez-tez Dağlıq Qarabağa və ümumiyyətlə, Azərbaycanın işğal altındakı torpaqlarına səyahət edir. Bu, səbəbsiz deyil. Bilirik ki, erməni ictimai rəyi bu saat çox həssasdır. Özəlliklə də Ermənistan koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrin önündə gedir və əhalinin sosial durumu həddən artıq böhranlıdır. İnsanlar gündəlik çörək tapmaqda çox ciddi problemlərlə üzləşirlər və təbiidir ki, ölkə içində narazılıq hədsiz dərəcədə yüksəlib. Paşinyan da o narazılığın qarşısında duruş gətirməkdə çətinliklərlə üz-üzədir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, bunu göz ardı etmək, o çətinlikləri, narazılıqları arxa plana keçirmək üçün bu adam Qarabağ kartı ilə manipulyasiya edir.
“İyul ayında Tovuzdan Azərbaycan ərazilərinə təcavüz cəhdinin qarşısını ordumuz rəşadətlə aldı, bu da o qəbildən idi. Yəni, erməni ictimai rəyinin diqqətini məhz bu məsələlərə fokuslandırmaqla özünə qarşı narazılıqları bir növ balanslaşdırmaq, zəiflətmək istəyir. Ona görə də, tez-tez Qarabağa səfər eləyir, gəlir, görünür, şəkil, video çəkdirir, hansısa, həqiqətən də bir ölkə rəhbərinə, diplomata, siyasətçiyə yaraşmayacaq açıqlamalar verir. Bununla da bir növ, o başıpozuq erməni kəsiminin beynini məşğul edir və təbiidir ki, ölkə daxilindəki ictimai rəyi beləcə bir müddət də aldatmış olur.
İkinci bir tərəfdən, Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirak etməsi və sair məsələsinə gəlincə, bununla bağlı Azərbaycanın mövqeyi həmişə açıq və aydın olub. Əgər Ermənistan Respublikası özünün işğalçı əsgərlərini Azərbaycanın işğal altındakı torpaqlarından çıxararsa, yəni, Ermənistan Respublikası Azərbaycandakı təcavüzə son qoyarsa, təbiidir ki, Azərbaycan dövlətinin müvafiq qurumları Dağlıq Qarabağdakı ermənilərlə danışıqlar apara bilər. Yəni, onlar bizim öz vətəndaşımızdır, narazılıqları, narahatlıqları var, yaxud da iddiaları var, bunlarla bağlı masa arxasında danışıq aparmağın heç kim əleyhinə deyil. Lakin indiki şəraitdə, Dağlıq Qarabağ tərəfi deyə bir şey yoxdur. Var işğalçı Ermənistan, var torpaqları işğal edilmiş Azərbaycan. Yəni, bu münaqişənin üçüncü tərəfi yoxdur. Olmadığına görə də Azərbaycan danışıqları məhz Ermənistanla aparır. Əslinə qalanda Ermənistan çox sağ ol deməlidir ki, Azərbaycan dövləti əlindəki nəhəng imkanlara baxmayaraq, hələ də onlarla masa arxasında danışıqlar aparır. Ermənistan dövləti və ona rəhbərlik edənlər anlamalıdır ki, Azərbaycanın səbrinin də bitəcəyi bir gün vardır. Həmin gün Paşinyan Azərbaycanın cəsarətini sorğu edərsə, özünə çox böyük ziyan vurmuş olar. Əslinədə, Cənab Prezident Ermənistanın cəsarəti ilə bağlı bu yaxınlarda bir fikir səsləndirdi. Yəni, 12 iyuldakı təcavüzün ardından Cənab prezident də dəyərləndirmə etdi və orda dedi: “Əgər Ermənistan doğrudan da iddia etdiyi qədər cəsarətli və güclüdürsə, arxasındakı qüvvədən imtina edib təkbaşına Azərbaycanın qarşısına çıxsın. Ermənistan buna hələ ki, cavab verməyib və verə də bilməz. Emənistana liderlik edən şəxslərdə də o kişilik yoxdur ki, Azərbaycanla təkbətək üz-üzə gələ biləcəklərini dilə gətirsinlər. Ona görə də Paşinyanın bu manipulyasiyaları, özəlliklə də acından ölməkdə olan ermənilərin başını qatmaq üçün tez-tez Qarabağa gəlməsi, Qarabağla bağlı fikirlər səsləndirməsi, bunlar boş şeylərdir. Azərbaycan dövləti hazırda konkret istiqamətdə işlər görür. Ermənistan, nə qədər gec deyil, ağlını başına toplayıb masa arxasında bu münaqişənin, bu işğalın bitməsi ilə bağlı razılığa gəlməlidir. Əks təqdirdə, Ermənistanı çox böyük fəlakətlər gözləyir. Onda Paşinyan görəcək ki, kim sözdə, kim də əməldə cəsarətlidir”, deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB