"XİN rəhbərinin Rusiyaya səfəri müharibə variantını ortaya qoydu" ÖZƏL - AÇIQLAMA
"Ceyhun Bayramovun xarici işlər naziri kimi ilk səfəri Türkiyəyə, daha sonra Rusiyaya oldu. Hər ikisi də vacib səfərlərdir, hər ikisindən də gözləntilərimiz var. Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol Rusiyaya məxsusdur. Gözləntilərimiz məsələnin konkretləşdirilməsi ilə bağlıdır, yəni, bu məsələ uzanmamalıdır". Bu sözləri SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri, siyasətçi Akif Nağıyev Azərbayacn Respublikası Xarici İşlər Naziri Ceyhun Bayramovun Rusiyaya səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Ceyhun Bayramov Rusiyanın "ITART TASS" agentliyinə də açıqlamalar verdi: "Bizim diqqətimizi çəkən və gözləntilərimizə uyğun olan məsələ odur ki, danışıqların davam etdirilməsində Azərbaycan konkret şərtlər ortaya qoyur. Bunu biz çoxdan gözləyirdik. Diplomatik jestlər etməklə danışıqları davam etdirməyin heç bir mənası yoxdur. Ceyhun Bayramov da bildirdi ki, Ermənistan status-kvonun dəyişdirilməsinə imkan vermir. Ermənistan işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxartmaq istəmir və işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Digər qanunsuz işlərlə məşğul olur. Əgər bunlara son qoymasaq danışıqların davam etdirilməsinin heç bir məqsədi yoxdur. Yəni, bu aydın mövqe Ceyhun Bayramov tərəfindən ortaya qoyuldu. Biz bunu da gözləyirdik".
Siyasətçi vurğulayıb ki, Rusiya artıq bu mövqe ilə hesablaşmalıdır, Rusiya həm də ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi danışıqların davam etdirilməsinin vacib olduğunu bilir: "Rusiya bilir ki, gərginliyə yol vermək olmaz. Bütün bunlar üçün Rusiya mövqeyində müəyyən düzəlişlər etməlidir. Açıq ermənipərəst mövqeyindən çəkinməlidir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı fərdi olaraq Rusiyanın XİN başısı da Ermənistanın xarici işlər naziri ilə əlaqə saxladı. Yəqin ki, onu da müəyyən məsələlərlə bağlı məlumatlandırdı, onun da mövqeyi alındı. Bütün bunlar onu göstərir ki, Azərbaycan tərəfi Rusiyanın qarşısında yeni və konkret mövqe ortaya qoyub. Həmin mövqeyi Rusiyanın siyasi rəhbərliyi Ermənistanın nəzərinə çatdırdı ki, hazırda Azərbaycanın mövqeyi bundan ibarətdir".
Akif Nağıyev qeyd edib ki, nəticə etibarilə Azərbaycan tərəfi artıq bu məsələnin danışıqlar yolu ilə davam etdirilməsinə müəyyən şərtlər qoyur, əgər, bu şərtlərlə danışıqlar davam etdirilməsə, onda Azərbaycan digər variantlara əl atacaq və artıq burada müharibə variantı da gündəmdədir: "Bu səfər müharibə variantının real olduğunu nəzərə çatdırmaq, həmçinin, Rusiyanın və həmsədrlərin qarşısında konkret şərtlərin qoyulması baxımından hesab edirəm ki, uğurlu bir səfər oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB