Rusiyanın bu addımı onun siyasi və hüquqi statusuna zərər verəcək - ŞƏRH

Rusiyanın bu addımı onun siyasi və hüquqi statusuna zərər verəcək - ŞƏRH

“İndiyədək Rusiyadan kifayət qədər silah almışıq. Rusiya ilə yanaşı, İtaliya, Belarus, Ukrayna, Türkiyə, İsrail, Pakistan və digər ölkələrdən də silahlar ala bilmişik. Amma bu məsələdə əsas tərəfdaşlarımızdan biri Rusiyadır. Yəqin ki, Şoyqu Bakıda bu yöndə problemlərin yaranıb-yaranmadığı ilə bağlı məsələlərə də aydınlıq gətirmək istəyəcək”. SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, ilk növbədə, Rusiyanın bu fəallığının arxasında onun bölgə ilə bağlı geosiyasi maraqları durur: "Məlumdur ki, ötən ay Ermənistanın Azərbaycanı hərbi təxribata çəkmək cəhdlərinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı. Bu təxribatın məlum olan və olmayan tərəfləri var. Məsələnin məlum tərəfi budur ki, erməni tərəfi bu təxribatı törətməklə Azərbaycanın Rusiya və onun patronajlıq etdiyi KTMT ilə münasibətlərində gərginlik yaratmaq, eyni zamanda ölkəmizi adıçəkilən qurumla münaqişəyə cəlb etmək istəyirdi. Əlbəttə, Ermənistanın bu təxribatının qarşısı Rusiya və KTMT-yə üzv olan dövlətlərlə aparılan danışıqlar nəticəsində alındı. Faktiki olaraq, Ermənistan Azərbaycana qarşı “yeni müharibə, yeni ərazi” doktrinasından çıxış edərək, müharibə və münasibətlərə yeni impuls vermək niyyətində idi".

Politoloq bildirib ki, bu istəyin arxasında Ermənistanda Qərbin, konkret adla ifadə etsək, Sorosun dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyan iqtidarının korporativ maraqları olmamış deyil: "Paşinyanın Qərbin müvafiq institutları qarşısında öhdəlikləri var. O, bu öhdəliklərə uyğun olaraq, Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa çalışır.

Bununla həm də, Rusiya-Türkiyə və Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq istəyirdi. Azərbaycan prezidenti rusiyalı həmkarı ilə telefon danışığında Rusiyadan 400 min ton həcmində hərbi təyinatlı məhsulların Ermənistana daşınmasının Azərbaycan ictimaiyyətində haqlı suallar doğurduğunu onun diqqətinə çatdırdı. Çünki Rusiya ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlətlərdən biridir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün onun öz missiyası və mandatı var. Bu mənada, Rusiyanın birmənalı mövqe sərgilməsi və ya tərəflərdən birini dəstəkləməsi onun siyasi və hüquqi statusuna zərər verməyə bilməz".

E.Manafov vurğulayıb ki, Lavrov da bəyanatında bildirdi ki, Ermənistan tərəfi bu addımı atmaqla, üzərinə düşən öhdəlikləri pozdu: "Çünki Lavrov bundan əvvəl bəyan etmişdi ki, münaqişənin mərhələli şəkildə həllinə dair Ermənistanla razılıq əldə olunub. Mərhələli həllə bağlı “Madrid prinsipləri” və “Kazan sənədləri”ndə müəyyən razılıqlar olmuşdu. Amma Ermənistan tərəfinin Kazan sammitində sərgilədiyi qeyri-konstruktiv mövqe danışıqların dalana dirənməsinə gətirib çıxardı. Paşinyanın iqtidara gəldikdən sonra pozucu açıqlamalar verməsi və “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi danışıqları labirintə saldı".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə