"Məhərrəm ayında bəzi dini ritualların keçirilməsi karantin tələblərə ziddir" ÖZƏL - AÇIQLAMA
"Məhərrəmlik ayı olduğundan insanlar müəyyən dini ritualları həyata keçirmək istəyə bilər, lakin, bu ilk növbədə karantin qaydalarının pozulması deməkdir və qoyulan tələblərə ziddir. Tarix boyu dünyada Həcc ziyarəti bir-neçə təxirə salınıb. Bu da məhz hər əsirdə pandemiya səbəbindən baş verib. Bu faktları informasiya bolluğu yaşanan bir dünyada savadlı, dünyagörüşlü insanlara sübut etməyə ehtiyac yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü olan deputatı İlham Məmmədov pandemiya dövründə bütün kütləvi tədbirlərin, o cümlədən, indiki dövrdə kütləvi dini tədbirlərin keçirilməsinin yoluxma sayının artmasına ciddi şəkildə təsir edə biləcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, indiki dövrdə qaydalara riayət etməyin labüdlüyü kütləvi informasiya və digər vasitələrlə təkrar-təkrar əhalinin nəzərinə çatdırmalıdır, insanların maarifləndirilməsi, bu sahədə bilgi əldə etməsi, dünyanın müxtəlif ölkələrində bu proseslərlə bağlı hadisələrin ağır fəsadlarının olması barədə məlumat vermək lazımdır: "İnsanlar pandemiyanın hələ də davam etdiyi bir dövrdə qaydalara riayət etməyə çalışmalıdırlar. Bir şeyi nəzərdən qaçırmayaq ki, koronavirus hələ yox olmayıb. Dünyada bununla əlaqədar verilən statistik rəqəmlər, eyni zamanda, televiziya və internet vasitəsilə yayılan məlumat və görüntülər bunu çox dəqiq əks etdirir. İnsanların kütləvi şəkildə toplaşdığı yerlər adətən qapalı məkanlar olur. Təbii ki, müəyyən bir vaxtdan sonra havalar da soyuyacaq, bununla əlaqədar mövsümü xəstəliklər də ortaya çıxacaq, insanların sıx təmasda olduğu yerlərdə virusun çox asanlıqla hava damcı yolu ilə yayılmasına şərait yaradacaq. Ona görə də, istər-istəməz əhalinin sıx toplaşdığı yerlərdə xəstəliyin yayılma ehtimalı çox yüksəkdir. Dünən mətbuatda Türkiyənin Bursa vilayətində 150 nəfərin iştirak etdiyi toyda 47 nəfərin COVID-19-a yoluxduğunu oxudum. Hazırda, 150 nəfər toyda iştirak etmiş şəxslər karantinə alınıblar. Sizcə, bu lazım idimi? Bu, həm də toyu təşkil edilən gənclərin psixoloji və mənəvi sarsıntısına da səbəb oldu. Eyni zamanda, yas mərasimlərində də hər dəfə COVID-19-a yoluxma hallarının yüksək sayda qeydə alındığını oxuyuruq".
Millət vəkili vurğulayıb ki, Məhərrəmlik ayı olduğundan insanlar müəyyən dini ritualları həyata keçirmək istəyə bilər, lakin, bu ilk növbədə karantin qaydalarının pozulması deməkdir və qoyulan tələblərə ziddir: "Tarix boyu dünyada Həcc ziyarəti bir-neçə təxirə salınıb. Bu da məhz hər əsirdə pandemiya səbəbindən baş verib. Bu faktları informasiya bolluğu yaşanan bir dünyada savadlı, dünyagörüşlü insanlara sübut etməyə ehtiyac yoxdur. Mən hesab edirəm ki, şüurlu yanaşmaq lazımdır. Kütləvi tədbirlərin keçirildiyi yerlərdə yoluxma ehtimalı çox olur. Bu gün nəzərə alsaq ki, koronavirus hələ də bizimlədir, hələ davam edir və bunun sonu hələ ki, görünmür, sadəcə insanlar tərəfindən sadə qaydalara əməl olunmalıdır".
İlham Məmmədov qeyd edib ki, ölkəmizdə görülən tədbirlər öz effektiv nəticəsini verir və bu sərt karantin rejimindən sonra yumşalmalara gedilərək insanların müəyyən fəaliyyətlərini icra etməsi, normal həyatlarına davam etdirmələri üçün hər cürə şərait yaradılıb: "SMS icazə sistemi ləğv olundu. Lakin insanlar bundan sui-istifadə etməməlidirlər. İnsanlar indi də məsafəni gözləyib, tibbi maskadan istifadə etməlidirlər. Bunu hər dəfə demək lazım deyil. Normal həyatımıza qayıtmağımız üçün qoyulan qaydalara əməl etməliyik. Bunun üçün hər bir vətəndaşın məsuliyyəti lazımdır. Bu qədər çox informasiyanın qarşısında bunu insanlara sübut etməyin labüdlüyünə də artıq ehtiyac qalmayıb. Hər şey göz qabağındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB