“Ermənistanın təcavüzkar siyasəti və Minsk qrupunun 28 illik fəaliyyətsizliyi” ÖZƏL-ŞƏRH

“Ermənistanın təcavüzkar siyasəti və Minsk qrupunun 28 illik fəaliyyətsizliyi” ÖZƏL-ŞƏRH

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.” Bu fikirləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Akademiyanın professoru, siyasi elmlər doktoru xatırladıb ki, 1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir.
“BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.

Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının xarici işlər nazirinin açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Bu siyasətin davamı olaraq iyulun 10-da Yerevanda keçirilən təhlükəsizlik şurasının iclasında Ermənistanın milli təhlükəsizlik strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazirin dilindən növbəti dəfə etiraf edildi.

2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirdi. Aydın oldu ki, təcavüzkar Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur və Azərbaycana qarşı açıq-aşkar anneksiya siyasətindən əl çəkmir. Bunun davamı olaraq, iyulun 23-də Ermənistanın baş naziri tərəfindən hökumətin iclası zamanı səsləndirilən fikirlər, Azərbaycana qarşı açıq-aşkar anneksiya siyasəti, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və dövlətimizin regionda söz sahibinə çevrilməsi dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər.

Bu baxımdan, Ermənistan rəhbərliyinin, eləcə də işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimin nümayəndələri tərəfindən ölkəmizi təhdid edən çıxışlar və əsassız iddialar dünya birliyi tərəfindən sükutla qarşılanır, qınaq obyektinə çevrilmir, xüsusilə münaqişəni nizama salmaq üçün vasitəçilik missiyasını üzərinə gotürmüş ATƏT-in Minsk qrupun Ermənistanın təcavüzkar siyasətinə qarşı adekvat cavablarını 28 ildir eşitmirik.

Qeyd etmək lazımdır ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Bu baxımdan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bundan əlavə, əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi? Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük vermiş, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməmişlər. Bu cür mövqe Ermənistanın yürütdüyü işğalçılıq siyasətini açıq formada olmasa da, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.

Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur. Buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirir. Ona görə ATƏT Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməlidir. Əks təqdirdə, onların tərəfsiz vasitəçiliyi şübhə altındadır.

XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Bununla yanaşı, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Beynəlxalq hüququn normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Azərbaycan Prezidenti bildirmişdir ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmişdir.
Hazırda Ermənistan ictimaiyyətinin ozü də hər zaman arxalarında güvəndikləri “güclu lobbi”nin çürümüş fəaliyyətsizliyi, pərakəndəliyi, vəhşiliyi qarşısında Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, milli həmrəylik ideyası və azərbaycançılıq məfkurəsi ilə silahlanımış mütəşəkkil və səfərbər olunmuş vətənpərvər azərbaycanlılarla qarşılaşdılar. Elə məhz bu uğursuzluq Ermənistan baş nazirini əməli addımlar atmağa və diasporla iş üzrə komissarın ofisində təmizləmə aparmağa məcbur etdi. Onu erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrdə xüsusilə, ABŞ, Fransa və Rusiyada Azərbaycan diasporu qarşısında çarəsiz vəziyyətdə qalması hiddətləndirmişdir.

Bütün bunlar onu deməyə əsas verir ki, XXI əsrdə XIX-XX əsrlərin təfəkkürü ilə nəyisə əldə etmək mümkün deyil. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. Əgər hər hansı bir ölkəyə qarşı çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək. Bu, 30 ildən artıqdır ki, Azərbaycana qarşı erməni lobbisinin timsalında açıq-aydın özünü biruzə verir. Amma baş verən hadisələr və zaman göstərdi ki, Erməninistanın daim arxalandığı “güclü erməni lobbisi”nin hazırda ənənəvi terrordan başqa güvəndiyi heç nəyi yoxdur.

Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır. Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcəkdir”, deyə Elçin Əhmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə