Düşmənin uğursuz diversiya cəhdi – Tovuz zəfərinin davamı! ANALİTİK+FOTOLAR
Erməni tərəfi bu məsələnin əsl mahiyyətini yalan informasiyaları ilə gizlətməyə çalışır
Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və həmin siyasətin təməlində dayanan təxribatçılıq cəhdləri davam etməkdədir. Bu cəhdlərin hər birinin arxasında təcavüzkarlıq faktorları ilə yanaşı, həm də digər kirli maraqların dayandığı şübhəsizdir. O da sirr deyil ki, artıq uzun illərdir ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət, əməli iş apara bilməyib və bunun nəticəsidir ki, atəşkəs rejiminin mövcudluğuna baxmayaraq, erməni tərəfi dəfələrlə (!) öz silahlı təxribatlarını davam etdirir, mülki əhalimiz atəş altında saxlanılır, eyni zamanda, cəbhəyanı ərazilərdə çoxsaylı vətəndaşlarımız həyatlarını itirirlər.
Azərbaycan Ordusunun növbəti addımlarını atmaması üçün yalvarmağa başladılar
Məhz 2016-cı ildəki aprel təxribatı da bu sıradan oldu və şanlı Silahlı Qüvvələrimiz işğalçıların dərsini verməklə yanaşı, düşmənə sarsıdıcı məğlubiyyət yaşatdı, işğal altındakı ərazilərimizin müəyyən bir qismi, habelə strateji yüksəkliklər, qarşı tərəfin postları ələ keçirilərək, geri qaytarıldı. Canlı və texniki itkilər verən ermənilər dərhal beynəlxalq təşkilatların ayaqları altına düşərək, qələbə yürüşü edən Azərbaycan Ordusunun növbəti addımlarını atmaması üçün yalvarmağa başladılar.
2017-ci ildə də təxribat cəhdində bulunan düşmən bu dəfə Naxçıvanda istehkamlarını itirdi və geri çəkildi. Bu, qələbə tariximizə Günnüt zəfəri olaraq düşdü.
Erməni hakimiyyəti ölkə daxilində mövcud olan kütləvi xalq narazılıqlarını, etirazları ört-basdır etməkdən ötrü belə mənfur addımlara gedir
Lakin Ermənistandakı hakimiyyət dəyişikliklərinə baxmayaraq, bu ölkənin işğalçı siması dəyişməmiş qaldı, hətta onların təcavüzkarlıq meyilləri daha da artdı. Düşmən kiçik təxribatçılıqlara əl atsa da, bu ilin iyulunda Azərbaycanın dövlət sərhədi istiqamətində həyasızlıq göstərdi, Tovuz rayonunun sərhədyanı kəndlərini hədəfə alaraq, öz çirkin niyyətini bir daha büruzə verdi. Ancaq Azərbaycan Ordusunun əsgərindən tutmuş ən yüksək rütbəli zabitlərinə qədər hər kəs işğalçıların bu addımlarının da qarşısını əzmlə, döyüş ruhu ilə aldı, onlara öz yerlərini göstərərək, nə qədər zəif, gücsüz və yararsız orduya malik olduqlarını isbatladı.
O da əbəs deyil ki, erməni hakimiyyəti ölkə daxilində mövcud olan kütləvi xalq narazılıqlarını, etirazları ört-basdır etməkdən ötrü belə mənfur addımlara gedir, siyasi uğursuzluqlarını həmin vasitə ilə gizlədir, fikir yayındırmağa çalışırlar. Bu baxımdan, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qruplarının zaman-zaman ərazilərimizə soxulmaları halları baş verir ki, onların da qarşıları qətiyyətlə alınır. Belə ki, bu ərəfələrdə Azərbaycanın Goranboy rayonu istiqamətindəki sərhəd zolağını keçməyə cəhd göstərən düşmənin diversiya-kəşfiyyat qrupunun ələ keçirilməsi də məhz bu sıradandır. Ancaq daha bir amili də qeyd etmək olar ki, bu diversiya cəhdi də cari ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin həyata keçirdikləri təxribatın davamıdır.
Ən əsası isə, diversiya –kəşfiyyat qrupun komandirinin hərbçilərimiz tərəfindən əsir götürülməsidir
Lakin düşmənin ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi ayıq-sayıqlığı nəticəsində, eyni zamanda peşəkarlığı sayəsində diversiya qrupunun bir hissəsini məhv edib, habelə, yaralananların da olması barədə məlumatlar mövcuddur.
Ən əsası isə, diversiya –kəşfiyyat qrupun komandirinin hərbçilərimiz tərəfindən əsir götürülməsidir.
Yeri gəlmişkən, daha bir fakt bəlli olub ki, Ermənistan tərəfi zaman-zaman mətbuatda əsgər ölümləri ilə bağlı informasiyalar yayırlar, ancaq bu ölümlərin hər biri bilavasitə diversiyalarla bağlıdır. Daha dəqiq desək, erməni tərəfi bu məsələnin əsl mahiyyətini yalan informasiyaları ilə gizlətməyə çalışır. Lakin onların yalanları dərhal üzə çıxır.
Ermənilərin daha bir təxribatçı cəhdinin qarşısının alınması isə, əslində Tovuz hadisələri kimi Azərbaycan Ordusunun daha bir uğuru, yağı düşmən üzərindəki qələbəsinin davamıdır. Bu qələbələr isə ardıcıl olacaq - işğal altında qalan, eyni zamanda bütün tarixi və əzəli torpaqlarımız geri qaytarılana qədər!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB