Qız qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb

Qız qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb
Qız qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb. Bu barədə SİA-ya "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər. Məlumata görə, işlər Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri şəhərdəki Məhəmməd Məscidini bərpa edən Erix Pummerin rəhbərliyi ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bərpa zamanı Almaniyanın "Remmers" şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunacaq.

"Atelier Erich Pummer" şirkəti tərəfindən 2009-cu ilin noyabrında abidənin nadirliyi və təkrarolunmazlığı nəzərə alınaraq tam miqyaslı işlərə başlanmazdan əvvəl Qız qalasının cənub-qərb tərəfindəki sınaq sahəsində bərpa işləri aparılıb.

UNESCO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş Qız qalasına uzun müddət lazımi diqqət göstərilməməsindən və ətraf mühitin təsirlərindən yaranan mənfi hallar beynəlxalq təcrübənin və texnologiyanın tətbiqi vasitəsilə aradan qaldırılacaq və abidə tarixi görkəminə qaytarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə