Prezident İlham Əliyev Ramiz Mehdiyevə hansı dərsi verdi? ANALİTİK+FOTOLAR

Prezident İlham Əliyev Ramiz Mehdiyevə hansı dərsi verdi? ANALİTİK+FOTOLAR

Yaxud, şah qanun deyil, qanun şahdır!

Məlum olduğu kimi, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev karantin qaydalarını pozduqları üçün məhkəmə qərarı ilə 15 sutkalıq həbs cəzası alıblar. SİA xəbər verir ki, artıq hər iki şəxs Abşeron Rayon məhkəməsinin qərarı ilə elə zaldaca həbs olunaraq, müvafiq cəzaçəkmə müəssisəsinə göndəriliblər. Məsələ ondadır ki, artıq bir neçə gündür ölkə gündəmində və ictimai rəydə ciddi müzakirələrə, haqlı narazılıqlara səbəb olan toy mərasimi mövzusu birbaşa dövlət başçısının – Prezident İlham Əliyevin də diqqətindən kənarda qalmadı. Xüsusilə, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin, eləcə də onun kürəkəni, sabiq deputat İlham Əliyevin və qudası Rövşən Mustafayevin karantin rejiminin tələb etdiyi qanunlara etinasız yanaşmaları sadə vətəndaşda qınaq, hiddət və sözün əsl mənasında qıcıq yaratdı. Sosial şəbəkələrdə, KİV-lərdə bu məsələ ətrafında çoxsaylı fikirlər yer aldı. Belə olan halda məsələ dövlət başçısının diqqətindən kənarda qala bilməzdi və haqqında bəhs etdiyimiz mövzu da birbaşa həmin diqqətin məntiqi nəticəsidir.

Ən əsası isə, dövlətimizin başçısı özünü xalqın bir nömrəli xidmətçisi bəyan etməklə bu məsələnin nöqtəsini qoymuşdu

Lakin o da həqiqətdir ki, Prezident İlham Əliyev dəfələrlə, hətta pandemiyadan əvvəlki çıxışlarında da vurğulayıb ki, heç bir məmur özünü xalqdan üstün tutmamalı, əlində olan vəzifəsindən sui-istifadə etməklə qanunları pozmamalı, vətəndaş və dövlət arasında əsaslı rabitə rolunu oynamalıdır. Ən əsası isə, dövlətimizin başçısı özünü xalqın bir nömrəli xidmətçisi (!!!-R.N.) bəyan etməklə bu məsələnin nöqtəsini qoymuşdu. Bu bəyanat isə əlbəttə ki, qüvvədədir!

Amma təəssüf ki, bu qətiyyətli tezis bir çoxlarına örnək, nümunə olmadı və biz sonrakı müddətdə aparılan siyasi və s. sahələri əhatə edən islahatlar fonunda - xüsusən, pandemiyanın yaratdığı kəskin situasiyada vəzifələrindən sui-istifadə edən, xalqın və dövlətin cibinə girən, talançılıqla, dövlət vəsaitlərini mənimsəməklə, korrupsiyaya bulaşmaqla aparılan uğurlu siyasətə kölgə salan icra başçılarının, habelə digər yüksək vəzifəli şəxslərin həbslərini müşahidə etdik. Həmin vaxtda da biz yazırdıq ki, artıq belə açıq ifşaolunmalar digər məmurlara öz fəaliyyətləri üçün bir nümunədir, siqnaldır.

Belə bir çətin zamanda dövlətin sosial layihələri ard-arda, mütəşəkkilliklə reallaşdırması öhdəmizə düşən məsuliyyət hissini daha da artırdı

Və beləliklə, pandemiya dövründə qəbul edilən qərarlar, tətbiq edilən məhdudiyyətlər fonunda hər bir vətəndaşın üzərinə məsuliyyət düşdü. Bu məsuliyyət dövlətin öz vətəndaşının sağlamlığının mühafizəsi, sosial vəziyyətinin qorunması üçün vacib idi. Sosial statusundan, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəsin qaydalara riayət etməsi, həm də vətəndaşlıq borcu kimi bu məsuliyyətin üzərinə yazıldı. Belə bir çətin zamanda dövlətin sosial layihələri ard-arda, mütəşəkkilliklə reallaşdırması, hər bir insanımızın gerçəkləşdirilən layihələrdən bəhrələnməsi öhdəmizə düşən məsuliyyət hissini daha da artırdı.

Fəqət, bunu anlamayanlar da oldu – müxtəlif bölgələrimizdə koronavirus pandemiyası şəraitində başqalarının həyatlarını yoluxma təhlükəsi altına qoyaraq toy və yas mərasimləri keçirənlər, iaşə obyektlərini gizli şəkildə müştərilərin üzünə açanlar və s. qanun pozucuları elə qanunun tələb etdiyi maddələrlə cəzalandırıldılar. Belə olanda isə...

Əgər Ramiz Mehdiyev və onun ətrafı özlərini Azərbaycan qanunları üzərində “şah” hesab edirlərsə, onda buyursunlar, həmin qanunlara öz “şahlıqlarını” sübut etsinlər!

Belə olanda isə yüksək vəzifəli məmurların, elə götürək Ramiz Mehdiyevin və onun qudası ilə kürəkəninin tələb edilən bütün qayda-qanunları ayaqlar altına alıb, onu tapdamaları xalqın hiddətinə, haqlı narazılığına, qıcıqlanmasına səbəb oldu. Necə ola bilər ki, sadə vətəndaş qanunu pozarkən dərhal cərimə olunur, ya da sutkalıq həbs cəzasına məruz qalaraq, inzibati və s. cəzalara layiq görülür, amma bu vəzifəli şəxslər əl-qollarını sallaya-sallaya toy edir, karantin qaydalarını pozaraq, sözün əsl mənasında, bu qanunları heçə sayırlar? Adi bir məntiqlə yanaşaq həmin məsələyə: Dövlətimiz hüquqi dövlətdir və ali qanunları ilə idarə olunur. Qanunlarımızı təsbit edən Ana Yasamız mövcuddur. Hər bir vətəndaşımız da məhz həmin qanunlar çərçivəsində yaşayır, çalışır, fəaliyyət göstərir və s. Yəni Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına uyur, bu qanunları özünə şah bilir. Belə bir deyim var - şah qanun deyil, qanun şahdır! Və əgər Ramiz Mehdiyev və onun ətrafı özlərini Azərbaycan qanunları üzərində “şah” hesab edirlərsə, onda buyursunlar, həmin qanunlara öz “şahlıqlarını” sübut etsinlər! Etdilərmi? Edə bildilərmi? Əsla! Çünki qanunlarımızın, dövlətçiliyimizin təməlində daha bir danılmaz faktor – xalq faktoru dayanır, Prezident İlham Əliyev isə xalqına arxalanır, necə ki, xalqı da Ona sonsuz etimad göstərir! Bax, bu həqiqət nəticə etibarı ilə ədalətin zəfər çalması ilə isbatlandı. Ədalət isə budur – hər kəs qanun qarşısında bərabərdir və qanunları pozanlar həmin qanunlar qarşısında cəzalarını alırlar!

Xeyr, Rövşən Mustafayev, bu film deyil, həqiqətdir!

Yeri gəlmişkən, akademikin qudası və kürəkəni məhkəməyə aparılarkən, onlar KİV nümayəndələri tərəfindən işıqlandırıldılar. Həmin məqamda Ramiz Mehdiyevin qudası kamera ilə çəkiliş aparan həmkarımıza istehza ilə sual edir ki, “Filmi harada göstəriləcək”.

Xeyr, Rövşən müəllim, bu, sizin düşündüyünüz kimi film deyil. Bu, həqiqətdir. Qanunlu və ədalətli həqiqət. Əgər siz bilavasitə dövlət başçısının diqqətində olan bir həssas məsələni öz təbiriniczə “film” adlandırırsınızsa, artıq bu düşüncənizə görə də cavab verməli olacaqsınız....

Yekunda isə, xalq bir daha şahidi oldu ki, o Prezident İlham Əliyev üçün bir nömrəli diqqət və qayğı amilidir və heç kim bundan sonra xalqın, dövlətin heysiyyatına toxuna bilməməsi ilə yanaşı, həm də ali qanun deyilən gerçəkliyə etinasız yanaşa bilməyəcək. Artıq biz buna bir daha əmin olduq!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə