"Paşinyanın medal verdiyi hərbiçilər sabah onu devirməyə qalxacaqlar" ÖZƏL-MÜNASİBƏT
"Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzünə qarşı Azərbaycanın güclü hərbi zərbəsi, paralel olaraq diplomatik müstəvidə prosesləri öz lehimizə çevirməyimiz, Paşinyan iqtidarını çıxılmaz vəziyyətə saldı. Demək olar ki, sərhəddə və xarici siyasətdə arda-arada məğlubiyyət ona qarşı daxildə narazılığı pik səviyyəyə qaldırdı. Ermənistanın vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar Paşinyan hakimiyyətinin bu məğlubiyyətini onun apardığı uğursuz siyasətdə görürdülər. Hətta Rusiya KTMT çərçivəsində Ermənistana siyasi dəstək vermədi. Halbuki, Azərbaycan döyüşləri Ermənistanın sərhədlərindən içəri daşımışdı. Baxmayaraq ki, Tovuz təxribatının arxasında Moskva dururdu". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Tovuz təxribatlarında Ermənistanın işağlçı mahiyyəti birdaha ortaya çıxmaqla, regionda və beynəlxalq münasibətlər sistemində Qarabağla bağlı mövqeyimizi möhkəmləndirmiş olduq. Demək olar ki, dünya birliyi birmənalı şəkildə Azərbaycanı dəstəklədi: "Baş verən bu proseslər fonunda Ermənistan hakimiyyəti öz uğursuzluğunu ört-basdır etmək üçün Tovuz təxribatlarının iştirakçısı olan bəzi hərbiçilərə orden və medallar verdi.
Əlbəttə, bu medalları verməklə Paşinyan Tovuz məğlubiyyətinin acı nəticələrini daxili auditoriyada "qələbə" kimi təqdim etməyə çalışdı. Amma, bunun əsl cavabını sabiq prezident Serj Sarqsyan verdi. Serj Sarqsyan Tovuz döyüşlərində bir neçə hərbiçiyə mükafat və medalların verilməsini əsassız olduğunu qeyd etdi. Bunu onunla əsaslandırdı ki, Tovuzda Ermənistanın heç bir qalibiyyəti olmayıb.
Ermənistanda daxili siyasi vəziyyətinin gərginləşməsi, Paşinyanın "Qarabağ klanına" qarşı cəza siyasəti digər vəd etdiyi islahatları arxa fona keçirib. Artıq, ABŞ və Rusiyada Ermənistan hakimiyyətinə qarşı çox ciddi ölçü götürülməsində maraqlıdır. Hər iki tərəf Paşinyanın apardığı siyasəti özlərinin geosiyasi maraqlarına cavab vermədiyində görürlər. Məhz onun nəticəsidir ki, Paşinyan nə "demokratik" lider kimi Ağ Evə dəvət edildi, nə də müttəfiq kimi Kremlə çağırıldı. Baxmayaraq ki, Paşinyan özünü regionun "demokratik" lideri hesab edir. Rusiyada Ermənistanın müttəfiqi kimi Paşinyanı Moskvaya rəsmən dəvət etdi.
Göründüyü kimi Paşinyanın hazırkı siyasəti regionda manevr siyasəti qurmaq idi. Azərbaycan kimi tarazlıq siyasəti aparmaq, bununla da Qarababağ məsələsini arxa plana keçirmək idi. Amma, onun bütün cəhdləri boşuna çıxdı. Azərbaycan regionun aparıcı ölkəsi, iki qitəni birləşdirən enerji və nəqliyyat layihələrinin birbaşa iştirakçısı olaraq uzun illərdir ki, manevr siyasəti həyata keçirib.
Ermənistan məhz işğalçı ölkə olaraq Rusiyanın "for-post"u ola-ola manevr siyasətinə əl atır. Təbii ki, bu aksiyomadır və Ermənistan onda müstəqil ölkə statusu alacaq ki, işğal olunmuş Azərbaycan ərazilərindən çıxsın. Bundan sonra Paşinyanın demokratik islahatlar paketi reallaşa bilər. Ermənistanda hazırkı siyasət bu ölkədə növbəti silahlı çevrilişə aparır. Paşinyanın medal verdiyi hərbiçilər sabah onu devirməyə qalxacaqlar. Çünki, bundan sonrakı proseslərdə Rusiya çalışacaq ki, sabiq DTX rəsi A.Vanetsyan vasitəsilə onun siyasi dayaqlarını zəiflətsin. Bu istiqamətdə ordudan da istifadə ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB