"Şərqi Aralıq dənizində münaqişə riskinin atması fonunda müxtəlif güclərin bu regiona marağını artırır. Qeyd etmək lazımdır ki, Yunanıstan və Türkiyə münasibətlərinin olduqca gərgin olmasına baxmayaraq, Şimali Atlantika Alyansının müttəfiqləridirlər. Türkiyə ilə Yunanıstan arasındakı qarşıdurma, ötən həftə Aralıq dənizində yunan və türk hərbi gəmilərinin toqquşmasından sonra daha da güclənib. Brüssel də burada Yunanıstanı dəstəkləyir. Avropa Birliyi Xarici İşlər nazirləri Şərqi Aralıq dənizində Yunanıstan və Türkiyə arasındakı qarşıdurmanı müzakirə etmək üçün təcili iclas keçirib. Avropa liderləri tərəfləri münaqişəni kəskinləşdirməməyə çağırıb. Yunanıstan Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasına çağırır, digər Avropa Birliyi ölkələri isə danışıqlara üstünlük verir". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Siyasi şərhçinin sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə ilə Yunanıstan arasındakı qarşıdurma Avropanın digər hissəsinə də təsir edir: "Türkiyə Fransanı bir neçə dəfə ona qarşı hərbi güclə təzyiq göstərməyə çalışmaqda ittiham edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü İsveçrəyə səfəri zamanı bildirib ki, “Fransa gərginliyi artıra biləcək addımlardan çəkinməlidir. Onlar əzələ nümayiş etdirməklə heç bir şey əldə etməyəcəklər. Nə Liviyada, nə Suriyada, nə İraqda, nə də Aralıq dənizində”. Mövcud qarşıdurma Aralıq dənizindəki neft və qaz yataqlarının kimə məxsus olması ilə bağlı mübahisələrin yeni mərhələsidir. Bu, Yunanıstanın özünə məxsus olduğunu hesab etdiyi bölgədə Türkiyənin kəşfiyyat işlərinin aparması ilə növbəti mərhələyə keçib. Qarşıdurma həftənin əvvəlində başlayıb – Türkiyənin “Oruç Rəis" adlı kəşfiyyat gəmisi bazar ertəsi beş döyüş gəmisinin müşayiəti ilə Yunanıstanın mübahisəli ərazi hesab etdiyi, lakin Türkiyənin dəniz sərhədləri daxilində olduğu ərazi sularına daxil olub. Bunun ardınca, yunan donanması dərhal qrupu müşayiət etməyə başlayıb. Çərşənbə günü Fransa da bölgəyə müdaxilə edib. Prezident Emmanuel Makron əvvəlcə Türkiyəni kəşfiyyatı dayandırmağa çağırıb və daha sonra bölgəyə əvvəllər manevr üçün gələn Fransaya aid olan “Rafale” qırıcı təyyarəsi və “Lafayet” sinifinə aid olan bir fraqatın orada qalacağını söyləyib. Makron Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisi Fransa hərbi qüvvələrinin bölgədəki vəziyyəti yaxından izləyəcəklərinə inandırıb. Fransa prezidentinə cavab olaraq Yunanistanın Baş naziri "tvitter"də yazıb ki, o Yunanıstanın əsl dostu və Avropa dəyərlərinin qatı müdafiəçisidir".
Politoloq bildirib ki, şelf uğrunda mübarizədə Yunanıstanın tərəfində Kipr, Misir və İsrail çıxış edir: "Bu qarşıdurma ilə yanaşı dəniz yataqlarından Avropaya karbohidrogen tədarükü layihəsi üzərində əməkdaşlıq davam edir. Yunanıstanın xarici işlər naziri Nikos Dendias İsrailin Baş naziri Benyamin Netanyahu və xarici işlər naziri Gabi Aşkenazi ilə görüşlərdən sonra söyləyib ki, İsrail də Yunanıstanı dəstəkləyir. Görünən odur ki, Türkiyəni dəstəkləyən təkcə Liviyadır. Ümumiyyətlə qeyd etməliyəm ki, son illərdə Kiprə yaxın dəniz ərazilərində böyük karbohidrogen ehtiyatları aşkar edilib. Kipr, Yunanıstan, İsrail və Misir yataqların istismarı sahəsində əməkdaşlıq etmək qərarına gəlib. Onların razılığına əsasən, Aralıq dənizinin dibi ilə gedən 2000 kilometrlik boru kəməri ilə neft və qaz Avropaya istiqamətlənəcək. Ötən ilin noyabr ayında Türkiyə Liviyanın dəniz sərhədlərinin delimitasiyası ilə bağlı saziş imzalamaqla dəstəyini təmin etdi. Buna əsasən, Türkiyə Şərqi Aralıq dənizinin Liviyanın eksklüziv iqtisadi zonasına qədər demək olar ki, bütün sahələrini özünəməxsus iqtisadi zonası hesab edir".
İ.Hüseynov vurğulayıb ki, cari ilin may ayında Ankara Yunanıstanı, onun layihə tərəfdaşlarını və adanın tanınmış hökumətini həyəcanlandıran Kiprin qərbindəki bir neçə ərazidə mədən işləməyə başlamağı planlaşdırdığını söylədi: "Türkiyə hökuməti Şərqi Aralıq dənizində, o cümlədən Krit və Kiprin şelfində olan şirkətlərə mədən lisenziyaları verməyə başlayıb. Türkiyənin əsas istəyi “Mavi Vətən” konsepsiyasından ibarətdir. Beynəlxalq dəniz hüququ Türkiyəyə bu haqları versə, beynəlxalq güclər və siyasi konyuktura Türkiyəni təsir altında saxlamaqda davam edəcək. Lakin Türkiyə də öz maraqlarından və siyasi ambisiyalarından geri çəkilmək istəmir. Türkiyə mətbutında Lozanna müqaviləsi ilə bağlı məlumatlar geniş yayılmağa başlayır. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynayır. Belə vəziyyətdə Vaşinqtonun da mövqeyi böyük maraq kəsb edir. Türkiyə və Yunanıstan NATO-nun üzvü kimi münaqişəyə cəlb olunmasına qarşı çıxan ABŞ-dır. Buna görə də, Vaşinqtonun hər hansısa tərəfə üstünlük verməsi gözlənilən deyil. Lakin ABŞ-dakı yunan lobbisinin dəstəyini və ABŞ-da keçirilən seçkilərdə qələbə qazanmağı hədəfləyən namizədin birtərəfli addımlarını müşahidə edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB