"Sarkisyan mətbuat konfransı ilə özünü təmizə çıxarmağa çalışır" ÖZƏL-RƏY
“Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan keçirdiyi mətbuat konfransında 2016-cı ilin aprel savaşının bəzi detallarını açıqlayıb. O deyib ki, döyüşlərin dördüncü günü Ermənistanın keçmiş baş qərargah rəisi Yuri Xaçaturova rusiyalı həmkarı zəng edərək Bakının guya atəşkəsin şərtlərini müzakirə etmək üçün görüşə hazır olduqlarını bildirib: “Xaçaturov görüşün Tiflisdə keçirilməsini istəyirdi. Çünki Tiflis məsafəcə İrəvana yaxındır, cəbhə bölgəsində nəsə yeni hadisə baş versəydi tez geri qayıtmaq imkanı olacaqdı. Ancaq Azərbaycan tərəfi Moskvada görüşməyi təklif etdi. Bakı ona görə Moskvanı təklif etdi ki, atəşkəs vasitəçilərdən birinin təminatı əsasında bərpa olmalıydı”. Bunu SİA-ya Politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, görüşün aprelin 5-də reallaşdığını deyən Serj Sarkisyan mətbuat konfransında daha sonra bunları deyib: “Biz döyüşlərdən əvvəlki yerlərə qayıtmağı təklif etdik. Azərbaycan tərəfi isə bildirdi ki, bu qədər itkidən sonra əvvəlki yerlərə qayıda bilməzlər. Biz başqa nəticə əldə etdik, yeni saziş imzalanmasa da¸ 1994-cü ildə imzalanan atəşkəs rejiminə qayıtdıq”.
Hiss olunur ki, Serj Sarkisyan bu mətbuat konfransı ilə özünü təmizə çıxarmağa çalışır. Ermənistan tərəflərin görüş yeri kimi Tiflisi təklif etməsi inandırıcı deyil. NATO və Avropa İttifaqının üzvü olmağa çalışan ölkədə atəşkəsə nail olmaq Kremlin narazılığına səbəb olardı. Serj Sarkisyan və keçmiş baş qərargah rəisi belə həssas məsələdə Tiflisi təklif edə bilməzdilər. Moskva Gürcüstanın vasitəçiliyini əsla qəbul etməzdi, Rusiyanın baş qərargah rəisi Tiflisə getməzdi. İkincisi, aydındır ki, Azərbaycan ordusu Lələtəpə yüksəkliyini ələ keçirdikdən sonra əvvəlki pozisiyaya qayıda bilməzdi, İrəvanın “əvvəlki pozisiyalara qayıdaq” təklifinin absurd olduğu bəlli idi. Serj Sarkisyan belə vəziyyətdə guya uğurlu nəticə kimi tərəflərin 1994-cü il sazişizinə qayıdılmasını göstərib. Ermənistan-Azərbaycan sərhədindəki son döyüşlər bir daha göstərdi ki, 1994-cü ildə imzalanan atəşkəs sazişi daha işləmir. Serj Sarkisyan mətbuat konfransında Ermənistan ordusunun itkiləri barədə heç nə deməyib.
Ermənistanın keçmiş rəhbərinin bugünkü açıqlamaları inandırıcı olmasa da, onun aprel döyüşləri barədə səsləndirdiklərinə Azərbaycan Müdafiə Nazirliyinin açıqlama verməsi vacibdir. Çünki dövlət başçısı İlham Əliyev açıqlamalarında, məhz Ermənistan tərəfinin aprel ayında atəşkəs barədə Moskvaya yalvardığını söyləyib. Müdafiə Nazirliyi imkan verməməlidir ki, Serj Sarkisyanın bugünkü sərsəmləməsi həqiqətə çevrilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB