Dünyadan bixəbər Paşinyana əmanət edilən Ermənistan... ÖZƏL - AÇIQLAMA
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfindən səslənən bütün əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsas mahiyyətini əks etdirmir. 2019-cu ilin oktyabr ayında Prezident İlham Əliyev "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısında, həmçinin, oktyabr ayının 11-də MDB dövlət başçılarının məhdud tərkibli Aşqabadda baş tutan iclasındakı çıxışında, 2020-ci ilin fevral ayının 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan panel müzakirələr zamanı Ermənistanın Baş nazirinə həm tarixdən, həm də beynəlxalq hüquqdan dərs keçdi. Bu il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransı zamanı keçirilən sammitdə də yenə Ermənistanın Baş naziri Paşinyanın faşist ideologiyası yürütdüyünü, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa etdi. Prezident bir daha Baş nazirə bildirdi ki, terrordan, enik təmizləmədən, işğaldan danışarkən o sussuz və sakitcə yerində otursun, bu barədə danışmasın. Bütün bunların fonunda, təsadüfən hakimiyyətə gəlmiş Ermənistan rəhbərinin BBC-nin "Hard Talk" verilişinə verdiyi müsahibədə səsləndirdiyi ritorik çıxışlar isə ümumiyyətlə gülünc idi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
Onun sözlərinə görə, Paşinyanın həm tarixdən, həm beynəlxalq hüquqdan xəbərsiz olması, həm də ağlına gələni danışması və bəzən isə əsl həqiqətləri məcburiyyət qarşısında qalıb səsləndirməsi çaşqınlıq sayıla bilməz: "Münhendəki çıxışında da Paşinyan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu deyir, lakin, sonra səhv etdiyini bildirir. Əslində isə tarixi qərara əsasən bildirilir ki, Azərbaycan hüdudlarında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılsın və Azərbaycan hüdudlarında saxlanılsın. Paşinyan da məcbur olub, həmin ifadədən istifadə edir, sonra isə bildirir ki, burada "Ermənistana verilsin" olmalı idi. Lakin, tarixi həqiqətlərə əsaslanaraq deyə bilərik ki, belə bir ifadə olmayıb. Bu həqiqətləri danmaq mükün deyil. Sonuncu müsahibəsində də Dağlıq Qarabağ əhalisinin sayı ilə bağlı açıqladığı fikirlər, tarixə yenidən qayıtması, lap qədimdən Artsaxdan danışması onun ümumiyyətlə bu məsələlərdən xəbərsiz olduğunu göstərdi".
Siyasi elmlər doktoru bildirib ki, Ermənistanda uzun illər davam edən həm sosial, həm iqtisadi, həm də siyasi proseslər onu göstərir ki, hazırda Ermənistan hakimiyyəti və Nikol Paşinyan böhranın içərisində çabalayır, xüsusilə də, burada "iki stulda oturmaq" taktikası nəzərə çarpır: "Ermənistanda iki il əvvəl hakimiyyət çevrilişindən sonra kütləvi informasiya vasitələrində Rusiyaya qarşı açıq çağırışlar var idi və qərb yönümlü yazılar daha çox idi. Bu gün hakimiyyətdə Soros Fondunun idarələrini özlərinin iş otağına çevirmiş və oradan təlimat almış adamların təmsil olunması bunu bir daha təsdiq edir. Bu, idarəçilik təcrübəsi olmayan, tarixdən, beynəlxalq hüquqdan xəbərsiz Nikol Paşinyanın, həmçinin, sərhəddə baş verən hadisələrdən sonra Ermənistanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin ofisində təmizləmə işi aparması, erməni lobbisinin Azərbaycan və türk diaspor təşkilatları qarşısında çıxılmaz vəziyyətə düşməsi, Ermənistanın Diaspora Təşkilatlarında ciddi problemlərinin yarandığını göstərirdi".
Elçin Əhmədov vurğulayıb ki, Ermənistanın Baş naziri "Hard Talk" verilişində özünü Münhen Təhlükəsizlik Konfransında olduğu kimi nəinki rüsvay etdi, Ermənistanın özündə də anlaşıldı ki, bu adamın Ermənistan rəhbərliyində təmsil olunması yalnış bir addım olub: "Paşinyanı bir rəhbər kimi ona görə seçmişdilər ki, əvvəlki hakimiyyət sistemindən (söhbət 1998-ci ildən 2018-ci ilə qədər olan rejimdən gedir) xilas olsunlar. Buna görə, xalq Paşinyanın arxasınca getdi. Ona görə yox ki, Paşinyan dahi siyasətçi idi. Paşinyanın ümumiyyətlə olan-bitəndən xəbəri yoxdur. Ermənistanın tarixindən xəbəri yoxdur. Buna görə də, Paşinyan müsahibəni aparan jurnalistin obyektiv sualları qarşısında tamamilə aciz idi. Ermənistanın Azərbaycan ərazilərini işğalı faktı qarşısında jurnalistin onu çıxılmaz vəziyyətə salması, Paşinyanın ritorik çıxışları onu göstərdi ki, Ermənistan cəmiyyəti sadəcə anti-Azərbaycan, anti-türk mövqeyi tutur. Erməni lobbisinin timsalında yalnız bunu deyə bilərik. Onlar həmişə anti-türk və anti-Azərbaycan mövqeyi ilə seçiliblər. Prezident İlham Əliyev Tərtərə səfəri zamanı çıxışında da qeyd etdi ki, bütün Azərbaycan ictimaiyyəti, eləcə də, dünya azərbaycanlıları bilməlidir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, lakin, bu ölkənin terrorçu, faşist ideologiyasına əsaslanan dövlət idarəçiliyini həyata keçirən siyasəti dəyişməz olaraq qalır. Bunu bütün dünya bilməlidir".
Professorun fikrincə, bu işğalçılıq siyasətinin davam etdirilməsində təkcə Ermənistan günahkar deyil, eyni zamanda, bu məsələni həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi də özünü göstərir: "Minsk qrupunun mücərrad bəyanatları, təcavüzkar ilə təcavüzə məruz qalanı eyni tutması onu göstərir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti turist səfərlərindən başqa heç nəyi xatırlatmır, verdiyi bəyanatlar isə işğal rejimini qoruyub saxlamağa çalışan Ermənistanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Bildirilir ki, Azərbaycan və Ermənistan nəyə hazırdırsa, biz də ona tərəfdarıq. Əgər, biz razılaşa bilsəydik, onda Minsk qrupu nəyə gərəkdir? Bu, tərəfsiz vasitəçilik missiyasını öz üzərinizə götürən qurumun bəyanatları onların tərəfsizliyini şübhə altında qoyur. Ona görə ki, Dağlıq Qarabağı bir dəfə də olsun Azərbaycan ərazisi kimi, Ermənistanı isə bu əraziləri işğal etmiş ölkə kimi qəbul etməyiblər, bunu verilən bəyanatlarda görmürük. Bunu görmədiyimiz müddətdə, heç bir beynəlxalq təşkilatdan, bu cür vasitəçilərdən münaqişənin nizama salınmasında ədalət gözləmək absurddur. Ona görə də, Prezident İlham Əliyevin dediyi kimi, biz yalnız Azərbaycan xalqına və Azərbaycan Ordusuna arxayın olmalıyıq. Prezident İlham Əliyev onu da bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT-nin Nizamnəməsini diqqətlə oxumalıdırlar. Burada Azərbaycanın öz ərazilərini azad etmək hüququna malik olduğu qeyd edilib. Bu, 51. maddədə öz əksini tapıb və Azərbaycan 51. maddədən istənilən vaxt istifadə edəcək, çünki, bu, artıq qaçınılmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB