"Ermənistan tərəfi konstruktiv mövqedən qat-qat uzaqdır" ÖZƏL - AÇIQLAMA

"Ermənistan tərəfi konstruktiv mövqedən qat-qat uzaqdır" ÖZƏL - AÇIQLAMA

"Ermənistan tərəfi münaqişədə konstruktiv mövqedən qat-qat uzaqdır, onları bu mövqeyə gətirmək üçün təkcə Azərbaycanın səyi yox, beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupunun səyi mütləqdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə, son vaxtlar Ermənistanın Azərbaycanla bağlı səsləndirdiyi təxribat xarakterli bəyanatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən son vaxtlar səslənən ağlasığmaz bəyanatların içərisində Gəncəni vurmaqla bağlı bəyanat mühüm yer tutur, bu bəyanat Ermənistanın və Ermənistan siyasi rəhbərliyinin münaqişəyə və onun perspektivlərinə yanaşmasından xəbər verir: "Ermənistan tərəfi həm cəbhə xəttində, həm də Ermənistan-Azərbaycan sərhəddində yaranmış gərgin vəziyyətdən nəticə çıxartmır. Son illər ərzində Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı hər hansı bir əsaslı addım atmayıb. Lakin, daxili siyasətdə bu mövzudan məharətlə istifadə edilib. Xüsusilə də Ermənistanın hakim siyasi rəhbərliyi öz siyasi rəqiblərinə qarşı bu siyasətdən istifadə edib. Son bəyanat ondan xəbər verir ki, Ermənistan regiondakı real vəziyyəti dərk etmir, real qiymətləndirə bilmir. Öz əhalisi içərisində də çaşqınlıq yaradır. Biz bilirik ki, Azərbaycan tərəfi heç vaxt Ermənistanda əhalinin sıx yaşadığı əraziləri vurmaqla bağlı bəyanatlar səsləndirməyib. Bizim əsas hədəfimiz işğal olunmuş torpaqlardakı hərbi obyektlər olub, hansı ki, onlar real təhlükə törədirlər. Ermənistan tərəfi çalışır ki, vəziyyəti elə göstərsin, guya, Azərbaycanın əsas hədəfi erməni xalqıdır və dinc əhalidir".

Ekspert vurğulayıb ki, Ermənistan siyasəti bizə məlumdur, məhz, onlar Azərbaycanın dinc əhalisinə qarşı çirkin, işğalçı, etnik təmizlənəmə və sorqırımı siyasəti aparırlar: "Bu bəyanat onu göstərir ki, Ermənistan öz siyasətini davam etmək niyyətindədir. Gəncəyə zərbə endirmək hədə-qorxusu Ermənistan tərəfinin əsas düşmən kimi Azərbaycanın dinc əhalisini hədəf tutmasını göstərir. Onlar Azərbaycan əhalisinə qarşı siyasi kampaniya aparır, bölgədə etnik, dinc əhaliyə qarşı terror siyasətini davam etdirməkdir. Buna ən gözəl nümunə axırıncı bəyanatdır. Təəssüflər olsun ki, bu cür terror mahiyyətli bəyanatlara beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu biganə yanaşır. Lazımı qiymət, sərt cavab vermir. Ermənilər belə vəziyyətdə daha da kəskin bəyanatlarla çıxış edirlər, hədə-qorxuların sayı daha da çoxalır. Regional gərginlik onsuz da çoxdur və Ermənistan tərəfi sünu olaraq gərginliyi saxlamağa çalışır. Bu da Ermənistanın münaqişədə konstruktiv mövqedən qat-qat uzaq olduğunu göstərir. Onları bu mövqeyə gətirmək üçün təkcə Azərbaycanın səyi yox, beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupunun səyi mütləqdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə