"Belarusda baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir"

"Belarusda baş verən hadisələr Azərbaycanda diqqətlə izlənilir"

"Hər bir halda Azərbaycan üçün Belarus çox vacib ölkədir və həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyü olan, maraqları Azərbaycanın geosiyasi maraqları üst-üstə düşən bir ölkədir. Ona görə də, Belarusda baş verən hadisələr Azərbaycan üçün çox vacibdir və diqqətlə izlənilir". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Belarusda baş verən hadisələri və etiraz aksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda Belarusda çox ciddi siyasi proseslər gedir və ölkədə müxalifətin sistemli siyasi seçki taxtikasının şahidi oluruq: "Görünən odur ki, Belarusda çox ciddi geosiyasi oyunlar gedir. Qeyd etmək istərdim ki, dünyanın heç bir yerində açıq-aşkar bu qədər insanın küçələrə toplaşması heç bir şəkildə mümkün olan və görülən hal deyil. Hazırda Belarusda müxalifətin tam olaraq hazırlıqlı və sistemli şəkildə tərtib edilmiş siyasi seçki taktikalarının şahidi oluruq. Əlbəttə ki, bu kimi hadisələri müxtəlif ölkələrdə zaman-zaman müşahidə edə bilərik. Əslində Belarus öz həyat səviyyəsinə görə, sosial-iqtisadi durumuna görə qonşu Pribaltika (Baltikyanı ölkələr) ölkələrindən daha irəlidə gedir. Sadəcə olaraq, Lukaşenkonun illərdir ki, hakimiyyətdə olması bir çoxları üçün bahənə rolunu oynayır. Mən düşünürəm ki, Lukaşenko Belarus üçün çox lazımlı bir liderdir. Qazaxıstan hadisələri və Nazarbayevin istefa verməsi və s. məsələlər bir daha onu göstərdi ki, biz MDB məkanında siyasi liderlərin nə qədər böyük rol oynadığını əsla diqqətdən kənarda saxlamamalıyıq".

Ekspertin fikrincə, hər bir halda Belarus üçün real bir namizəd olmasa da bilirik ki, bu gün dünyada seçkilərdə qalib gələn şəxslər adətən siyasətdən və siyasi proseslərdən uzaq olan, xalq arasından, daha çox qeyri-siyasi şəxs kimi tanınan insanlara daha çox rəğbət bəslənir: "Təbii ki, bu şəxslərə rəğbət siyasətçilərdən daha çoxdur. Biz bunun müxtəlif ölkələrdə də şahidi olduq. Hər bir halda Azərbaycan üçün Belarus çox vacib ölkədir və həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyü olan, maraqları Azərbaycanın geosiyasi maraqları üst-üstə düşən bir ölkədir. Ona görə də, Belarusda baş verən hadisələr Azərbaycan üçün çox vacibdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə