"ATƏT-in Minsk qrupu gözlərini ovuşdurub adekvat reaksiya verməlidir" ÖZƏL - AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun həmsədrlərindən bütün bu baş verənlər fonunda sərt bəyanatlar eşitmək istəyirik. Hətta, sərt addımlar da gözləyirik. ATƏT-in Minsk qrupunun həmsədrləri hər hansı bir üçüncü dövlətin nümayəndələri deyil. Dünyanın aparıcı dövlətlərinin həmsədrləridir". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının professoru, politoloq Fikrət Sadıxov Ermənistan tərəfinin Gəncəni vurmaqla bağlı hədələrinə ATƏT-in Minsk qrupunun səssiz qalması ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Gəncə şəhəri Azərbaycanın digər şəhərləri kimi kifayət qədər müdafiə olunan bir şəhərdir və Ermənistanın bu cür xarakterli çıxışları onun üçün pis nəticələrə gətirib çıxara bilər: "Azərbaycana qarşı Ermənistanın atdığı bu təxribat xarakterli addım onlar üçün çox pis nəticələr verəcək. Belə bəyanatlar Ermənistanın sadə əhalisinə nəyisə göstərmək karakteri daşıyır. Məsələn, Ermənistan rəhbərliyi göstərməyə çalışır ki, guya, Ermənistanın hərbi gücü kifayət qədərdir, guya, Ermənistan kifayət qədər güclü dövlətdir və nəinki özümüzü müdafiə edə bilərik, hətta digər düşmən ölkənin də şəhərlərini vura bilərik... Lakin bütün bunlar təbii ki, hamısı cəfəngiyyatdır. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də bu fonda sururlar".
Fikrət Sadıxov vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri indi bəyanat yaysalar belə bu bəyanat zəif qalacaq, çünki, həmsədrlərdən bu günə qədər güclü bəyanat səslənməyib: "Onlardan biz bütün bu baş verənlər fonunda sərt bəyanatlar eşitmək istəyirik. Hətta, sərt addımlar da gözləyirik. ATƏT-in Minsk qrupunun həmsədrləri hər hansı bir üçüncü dövlətin nümayəndələri deyil. Dünyanın aparıcı dövlətlərinin həmsədrləridir. ABŞ, Fransa, Rusiya kimi dövlətlərin nümayəndələridir. Bunlar öz sözlərini deməlidir. Ermənistan tərəfindən səslənən bu cür təxribat xarakterli çıxışlara qarşı öz fikirlərini bildirməli, bunlara son qoymalıdırlar. Hər halda onlar müşahidəçi mövqedə qalmamalıdırlar. Gözlərini ovuşdurub, qulaqlarını silib bu çıxışları eşidib adekvat reaksiya verməlidirlər. Bax, lazım olan addım və reallıq bundan ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB