“Paşinyan obyektivlik qarşısında əzildi” ÖZƏL-ŞƏRH

“Paşinyan obyektivlik qarşısında əzildi” ÖZƏL-ŞƏRH

BBC-nin Hard Talk verilişində Nikol Paşinyanın sadəcə olaraq dərsini bilməyən uşaq kimi cığallıq edib vəziyyətdən çıxma cəhdləri müşahidə olundu. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, orada jurnalist kifayət qədər təcrübəli, dünyaca tanınan, qəbul edilən bir jurnalistdir və obyektivliyinə də şübhə yoxdur, çünki daim obyektiv mövqedən çıxış etməyə cəhd göstərir və bu da onda alınır.

“Paşinyanla söhbətdə kifayət qədər obyektiv və tərəfsiz yanaşma sərgilədi jurnalist Stefan Sakur. Təbiidir ki, Paşinyan da o obyektivlik qarşısında əzildi və əzildiyini biruzə verməmək üçün qeyd etdiyim kimi, cığal uşaq davranışı sərgiləməyə cəhd göstərdi. Yəni, Qarabağla bağlı adicə bir sual verilir, amma bu adam min illərdir Qarabağda nələrinsə olduğundan dəm vurur. Jurnalist də deyir ki, siz min illərə getməyin və konkret məsələ ilə bağlı sizə sual verilir, istərdik ki, o suala cavab verəsiz.

“Azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəməyə hazırsınızmı” sualının cavabından yayınmaq üçün öz ağlınca manevr etmək istəyir və deyir ki, azərbaycanlılar da bizə belə ediblər. Jurnalist isə öz növbəsində deyir ki, sualı ona verir və burada azərbaycanlı yoxdur, azərbaycanlıya vermir sualı. Yəni, Ermənistan tərəfi o törətdiyi cinayətlərə görə azərbaycanlılardan üzr istəməyə hazırdırmı? Təbii ki, Paşinyan bu sual qarşısında aciz duruma düşdü və cavab verməkdən yayınaraq əslinə qalanda özünü daha da dolaşdırmış oldu.

Ümumiyyətlə, bu müsahibədə mənim diqqətimi bir daha o məqam çəkdi ki, Ermənistan dövlətini beynəlxalq platformalarda təmsil etmək baxımından Paşinyan bəlkə də ən zəif, ən uğursuz, ən bacarıqsız ermənidir. Yəni, bu adamın beynəlxalq platformalar üçün yetişmədiyini deyə bilərik və təəssüflər olsun ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Qarabağ münaqişəsinin ümumilikdə həlli ilə bağlı danışıqları bu adamla aparmalıdır. Bilirsiniz ki, bir neçə görüş olub və gələcəkdə də görüşlərin olacağı istisna deyil. İndi təsəvvür edin ki, belə çığal uşaq kimi oynamağı sevən və düşdüyü vəziyyətdən çıxmaq istərkən özünü daha ağıllı göstərməyə cəhd edib daha gülünc vəziyyətə düşən bir adamla Cənab İlham Əliyev kimi çox təcrübəli, sözünü kifayət qədər yaxşı bilən, dediklərinin məsuliyyətini dərk edən bir adam danışıq aparmalıdır. Həqiqətən bu baxımdan vəziyyətimiz yaxşı deyil. Çünki, Paşinyan normal bir siyasət adamı olsaydı, normal bir lider olsaydı onunla normal da danışıqlar aparmaq mümkün idi.

Ümumilikdə, beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət onun bu cılız oyunlarını görüb etiraf etməlidirmi? Yaxud da, gördümü? Məsələ burasındadır ki, beynəlxalq ictimaiyyət Paşinyanın da kim olduğunu bilir, Cənab İlham Əliyevin də kim olduğunu bilir, Azərbaycan dövlətinin qüdrətini də bilir, Ermənistanın özünü saldığı çətin vəziyyəti də bilir. Yəni, dünya əslinə qalanda Ermənistanın işğalçı olduğunu da, Paşinyanın sadəcə cılız bir siyasət oyunçusu olduğunu da, ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyini də yaxşı bilir. Sadəcə olaraq, hesab məsələsi var. Yəni, hər dövlətin, hər beynəlxalq gücün öz hesabı var. Ona görə də məsələdə ədalətsiz yanaşmaya tuş gəlirik. Amma bir daha deyirəm, bu “çətin söhbət”də Paşinyan özünün lider kimi yetişmədiyini bir daha göstərmiş oldu. Hələ siz təsəvvür edin ki, burada adicə bir jurnalistin sualları qarşısında bu adam bu qədər aciz qaldı. Siz də xatırlayırsız, oxucularımız da xatırlayar, Cənab Prezident İlham Əliyevlə üz-üzə gəldiyi platformalarda Paşinyanın nə qədər rəzil duruma düşdüyünü bizim heç birimiz unutmamışıq. Yəni, onun yenidən Cənab İlham Əliyevlə üz-üzə gəlməsi əlbəttə ki, Paşinyan üçün, bir dövlət rəhbəri olaraq fəlkətdən başqa bir şey vəd eləmir”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə