"Sabitlik və əmin-amanlıq üçün mehriban qonşuluq siyasəti vacibdir” ÖZƏL-ŞƏRH
“Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını diqqətlə izləyən ölkələrin başında Rusiya gəlir. Kremlin keçmiş illərdə olduğu Türkiyə-Azərbaycan hərbi təlimlərinə qarşı bəyanatı olmadı. Ancaq Rusiya mediasında yayımlanan yazılardan hiss olunurdu ki, Moskva prosesi diqqətlə izləyir. Bu mənada prezident İlham Əliyevin avqustun 12-də Rusiya prezidenti Vladimir Putinə zəng etməsi təsadüfi deyildi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, bu telefon danışığında Azərbaycan Prezidenti Rusiyanın himayə etdiyi Ermənistanın təxribatlarını bir-bir Putinin diqqətinə çatdırıb: “Birincisi, İlham Əliyev deyib ki, iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat və təcavüz aktı nəticəsində Azərbaycanın hərbi qulluqçuları və bir nəfər mülki şəxs həlak olub. İlham Əliyev ayrıca, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. İkincisi, İlham Əliyev Ermənistanın təxribatının məqsədini Putinin diqqətinə çatdırıb: ”Ermənistanın hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olub".
Yəni prezident demək istəyib ki, Ermənistan Rusiyanın müdaxiləsini istəyib. Üçüncüsü, dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb: “Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub və bu məsələ aydınlaşdırılmalıdır”. İlham Əliyevin Vladimir Putinə telefon zənginin əsas səbəbi məhz üçüncü bəndlə bağlıdır. Azərbaycan prezidenti faktiki rusiyalı həmkarına Rusiyanın Ermənistana hərbi dəstəyindən narazılığını açıq şəkildə bildirib".
Siyasi analitikin sözlərinə görə, ilk dəfədir ki, Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə telefon danışığı zamanı bu cür iradlar səsləndirib: “Azərbaycan Prezidentinin rusiyalı həmkarına telefon zənginin Türkiyənin müdafiə nazirinin Bakıda olması gününə təsadüf etməsi həm də Kremlə mesajdır ki, ”Rusiyanın Ermənistana hərbi dəstək siyasəti rəsmi Bakıya Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmaqdan başqa yol qoymayıb".
Ekspert dedi ki, Prezident İlham Əliyev kimliyindən asılı olmayaraq növbəti dəfə hər kəs üçün xarici siyasətdə onun əsas prinsipinin nə olduğunu bəyan etmiş oldu - Azərbaycan xalqının və dövlətinin maraqları ilə hesablaşmağın vacibliyini: “Əgər kimlərsə özünü Azərbaycana dost və tərəfdaş dövlət adlandırırsa o zaman, bunu əməldə sübut etməlidirlər. Ələlxüsus, Rusiya və İran kimi qonşularımız Ermənistanla münasibətlərində işğal faktoruna diqqət yetirməlidirlər. Bölgədəki sabitlik və əmin-amanlıq üçün mehriban qonşuluq siyasəti vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB