“Azərbaycan Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirməlidir” ÖZƏL-MÜNASİBƏT

Əlbəttə ki, Rusiyanın işğalçı Ermənistana verdiyi dəstək bizi narahat etməyə bilməz. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğli deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, Rusiyadan bu dəstək hər zaman olub: “Mən xatırlayıram, ötən əsrin 90-cı illərinin ortalarında Rusiya Dumasının o zamankı deputatı Lev Ruxlin aşkar etmişdi ki, Rusiyadan Ermənistana 1 milyard dollar civarında silah və sursat ötürülüb. Bir var rəsmi səviyyədə, bir də var bu 1 milyardlıq silah qeyri-rəsmi səviyyədə ötürülmüşdü. Bu böyük bir qalmaqala səbəb oldu və Ümummilli Lider Heydər Əliyev bu məsələni ciddi surətdə qaldırdı, hətta kamissiya da yaradıldı. Amma sonra kamissiyanın fəaliyyəti unuduldu, arxa plana keçdi. Ondan sonra Lev Ruxlin də müəmmalı şəkildə qətlə yetirildi. Bunun ardınca da Rusiya Ermənistana hər zaman dəstək verirdi, silah göndərirdi. İndiki bu silah göndərilməsi də ondan xəbər verir ki, Rusiya artıq tərəfsiz vasitəçi ola bilməz. Onsuz da Fransa və ABŞ da həmsədr postunda elə bir yararlı fəaliyyət göstərmirlər.

Ümumiyyətlə, danışıqlara heç ehtiyac da qalmayıb. Ötən 25 il danışıqlar heç bir nəticə vermədi və 25 il də keçsə danışıqlar nəticə verməyəcək. Ona görə də Azərbaycan Prezidentinin mövqeyi qətiyyətilidir ki, biz bu məsələni birdəfəlik həll etməliyik və bunun da nə demək olduğunu hamı anlayır.

Türkiyəyə gəldikdə, Türkiyə ilə hərbi ittifaqıməz getdikcə güclənir. Türkiyə ilə birgə keçirilən tədbirtlər, müdafiə nazirlərinin tez-tez keçirilən görüşləri, elə sonuncu dəfə Türkiyə müdafiə nazirinin Bakıya gəlib təlimlərdə iştirak etməsi, dövlət başçısı, Cənab İlham Əliyevlə görüşməsi, hər iki tərəfin qətiyyətlə söyləməsi ki, biz Qarabağ məsələsini birgə həll edəcəyik, bu dünyaya verilən ciddi mesajdır.

Əlbəttə biz Türkiyənin həmsədr olmasını istədik. Amma, əgər danışıqların fayda verməyəcəyini anlayırıqsa, onu da başa düşürüksə ki, Fransa, Rusiya, ABŞ Türkiyənin həmsədr olmasına mane olacaqlar, bu halda enerjimizi boşuna sərf etməyin də tərəfdarı deyiləm. Bizim strategiyamız doğrudur, Türkiyə ilə hərbi ittifaqı gücləndiririk, torpaqlarımızı geri qaytarmaq üçün planlar hazırlayırıq və bu istiqamətdə də davam etməliyik. Yoxsa biz indi başlasaq ki, Türkiyənin həmsədrlikdə təmsil olunmasına, bu birincisi vaxt aparacaq, ikincisi də nəticəsi olmayacaq. Ondansa, elə doğru bildiyimiz strategiyanı davam etdirsək, məncə hamımız üçün daha faydalı olar”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...