Misir Mərdanov: "Gələn il üçün tələbələrin yataqxana probleminin həll olunmasını gözləmək hələ tezdir"

Misir Mərdanov: "Gələn il üçün tələbələrin yataqxana probleminin həll olunmasını gözləmək hələ tezdir"
Mərkəzləşdirilmiş sınaq imtahanlarının nəticələri keçən ilkindən az fərqlənir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, imtahanlarda IX siniflərin nəticələri daha yüksək, XI siniflərin nəticələri isə əvvəlki illərdə olduğu kimi daha azdır: "Amma biz hesab edirik ki, bu sınaq imtahanıdır. Mərkəzləşdirilmiş buraxılış imtahanlarının özündə nəticələrin daha yüksək olacağını gözləyirik. Düşünürük ki, cari il attestat alan gənclərin sayında ötən illə müqayisədə ciddi dəyişiklik olmayacaq. Bu rəqəmlər təxminən eyni səviyyədə olacaq. Ola bilər ki, 2-3% fərq olsun".

Təhsil naziri bir sıra ali məktəblərin yataqxana probleminə də münasibət bildirib. O qeyd edib ki, gələn il yataqxana probleminin həll olunmasını gözləmək hələ tezdir. Onun sözlərinə görə, yalnız növbəti il üçün bu məsələyə ümid bəsləmək olar. Yeni tədris ilinin başlamasına bir neçə ayın qaldığını deyən M.Mərdanov vurğulayıb ki, yataqxana binasını bu müddət ərzində hazır etmək mümkün deyil: "Ona görə də növbəti dərs ili üçün bu problemin həll olunmasını gözləmirik. İlk olaraq isə Bakı Dövlət Universiteti üçün yataqxana korpusların tikilməsi nəzərdə tutulub".

Dövlət sifarişli ixtisaslarda təhsil haqqlarının artırılması məsələsinə gəlincə nazir qeyd edib ki, dövlət sifarişli ixtisasların təhsil haqqı ödənişli ixtisasların təhsil haqqından aşağı olmamalıdır. Onun fikrincə, amma bu o demək deyil ki, təhsil haqqı ödəyən şəxslər daha yüksək təhsil haqqı ödəsin. Nazir vurğulayıb ki, dövlətin bu sahələr üzrə ödədiyi maliyyə vəsaiti artırılmalıdır: "Ödənişli ixtisaslarda təhsil haqqı yüksəkdir. Düşünürəm ki, yaxın illərdə təhsil haqqının artımı baş verməyəcək".

Növbəti tədris ili üçün yeniliklərdən danışan M.Mərdanov bildirib ki, ali məktəbi bitirən tələbələr üçün təyinatlar olmayacaq: "Biz vakant yerləri müəyyənləşdirmişik və yaxın vaxtlarda bununla bağlı elan verəcəyik. Bu elana əsasən, bu il və ya əvvəlki illərdə ali məktəbi bitirənlər elektron ərizələrini verərək müsabiqədə iştirak edə bilərlər. Bu gün Azərbaycanda müəllimlərə daha çox dağ rayonlarında ehtiyac var. Fənlər üzrə isə bədən tərbiyəsi, tarix, ədəbiyyat, bəzi hallarda kimya, riyaziyyat üzrə müəllimlərə ehtiyac duyulur".

Məktəblərin tikintisi və əsaslı təmirinə gəlincə, təhsil naziri bununla bağlı Prezident İlham Əliyevin xüsusi tapşırığının olduğunu deyib. O bildirib ki, prezidentin tapşırığına əsasən, 2013-cü sonunda kimi Azərbaycanda qəzalı və bütövlükdə pis vəziyyətdə məktəb qalmamalıdır: "2 gün öncə prezident Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qərar verib. Yaxın günlərdə ölkənin təhsil müəssisələrinin tikinti və əsaslı təmiri ilə bağlı qərarın verilməsini gözləyirik".

M.Mərdanov ötən gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun buraxılış və qəbul imtahanlarının metodoloji baxımdan uyğunlaşdırılması təklifinə də münasibət bildirib. O qeyd edib ki, buraxılış və qəbul imtahanlarını metodoloji baxımdan eyniləşdirmək hələ tezdir: "Ali məktəblə orta məktəblərin buraxılış imtahanlarını eyniləşdirmək olmaz. Çünki onların məqsədi və keçirilmə qaydası müxtəlifdir".

Bütün xəbərlər Facebook səhifəmizdə