"Nəzarət mexanizmi olmasa biz yenidən mənfi dinamikaya dönə bilərik" ÖZƏL - AÇIQLAMA

"Kafe və restoranlar fəaliyyəti açıq havada da olsa insanların çox toplaşdığı yerlər olacaq. Əlbəttə ki, burada da xüsusi qaydalara əməl edilməlidir. Həm sahibkarlar, həm də vətəndaşlarımız tərəfindən ciddi nəzarət olunmalıdır. İctimai qınaq mütləqdir və ən vacib məsələlərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, sərt karantin rejimi elan olunan bəzi şəhər və rayonlarda artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən müsbət dinamika da nəzərə alınaraq bəzi yumşalmalara gedildi, həmçinin, dünya ölkələrində də bir çox müəssisələr və fəaliyyət sahələri açılmaya doğru gedir: "Mənfi dinamika müşahidə edilən zaman isə bu ölkələrdə də müəyyən məhdudiyyətlər tətbiq edilir. Burada istənilən halda vətəndaşlarımızın üzərinə çox böyük məsuliyyət düşür. Sərt karantin dövründə qaydalara əməl edilməsindən də çox yumşalma dövründə qaydalara riayət etmək daha çox əhəmiyyət kəsb edir. Beynəlxalq praktikaya nəzər salsaq, istənilən ölkədə biz sərt karantin rejimindən yumşalmaya gedilən zaman müsbət dinamikadan mənfi dinamikaya doğru tendensiya müşahidə edirik. Heç də təsadüfi deyil ki, son günlər virusa yoluxma 2 rəqəmli ilə ifadə olunurdu, lakin, dünən 3 rəqəmliyə keçid etdi. Söhbət sadəcə üç sadə prinsipi qorumaqdan gedir. Tibbi maskadan istifadə etmək, sosial məsafəni saxlamaq və fərdi gigiyena qaylarına əməl etmək lazımdır. Bununla virusa qarşı mübarizədə dəymiş zərəri minimuma endirmək mümkün olacaq".

Millət vəkili vurğulayıb ki, heç bir dövlət sərt karantin rejiminin tətbiq olunmasını istəmir, çünki, insanlara dəyə biləcək zərərdən, iqtisadiyyata dəyə biləcək zərərdən daha böyük zərbə dövlətlərə dəyir: "İctimai iaşə və xidmət sahələrinin fəaliyyəti hər bir ölkə üçün vacibdir. Kafe və restoranların açıq hava şəraitində fəaliyyət göstərməsi də ondan irəli gəlir ki, açıq havada virusun yayılma ehtimalı daha azdır. Uzun müddətdir ki, ölkədə bir çox ictimai iaşə obyektləri fəaliyyət göstərmir. Həm bu müəssisələrdə çalışan insanları nəzərə alaraq, həm də son zamanlar virusa yoluxanların sayının azalmasını nəzərə alaraq, eləcə də insanların açıq havada vaxtının səmərəli keçirilməsini nəzərə alaraq bu ictimai xidmətlərin açıq havada bərpasına qərar verildi".

Cavid Osmanov əlavə edib ki, kafe və restoranlar fəaliyyəti açıq havada da olsa insanların çox toplaşdığı yerlər olacaq: "Əlbəttə ki, burada da xüsusi qayadalara əməl edilməlidir. Həm sahibkarlar, həm də vətəndaşlarımız tərəfindən ciddi nəzarət olunmalıdır. İctimai qınaq mütləqdir və ən vacib məsələlərdən biridir. O cümlədən, dövlət orqanları tərəfindən də ciddi nəzarət olmalıdır. Əks təqdirdi bu nəzarət mexanizmi olmasa, həm əhali tərəfindən, həm sahibkarlar tərəfindən, həm də dövlət qurumları tərəfindən nəzarət zəif olduğu təqdirdə biz yenidən mənfi dinamikaya dönə bilərik".

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə