“Xalq-dövlət, ordu-xalq birliyini daha da gücləndirməliyik” ÖZƏL-ŞƏRH

“Ermənistan terrorçuluğu, faşizmi təbliğ edən, abidələşdirən və tətbiq edən dövlətdir. Ermənistan Avropada ən çox silahlanmaya meyilli dövlətdir və konkret olaraq, işğalçıdır. Bu barədə bilgilər, nüfuzlu qurum olan BICC-nin (“Bonn International Center for Conversion”) hazırladığı “Qlobal Hərbləşdirmə İndeksi” (“Global Militarisation Index'”) məruzəsində də öz əksini tapıb.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, həmin məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda silahlanmaya ayrılan xərclər, ümumən hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
“Ermənistanın əsas silah təminatçısı, dəstəkçisi Rusiyadır, bu faktlarla təsdiq olunmuş məsələdir və bir kimsənin şübhəsi olduğunu zənn etmirəm. Ermənistanın Rusiya tərəfindən silahlandırılması, yaxud Rusiyadan silah alması haqqında tarixcə elə Ermənistanın dövlət müstəqilliyinin yaşı qədərdir. Nəzərə alsaq ki, Ermənistanda və Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində gizli silahlanma hələ sovet illərindən başlayıb ki, o zaman Ermənistan və havadarının işğalçılıq siyasətinin planlı iş olduğu bir daha aydın görünər.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın növbəti hücumu və bu hücumun qarşısının alınması bir çox həqiqətləri üzə çıxardı. Düşmənin hücum başlatmasından 5 gün sonra – iyul ayının 17-dən etibarən – avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana uçaqla 7 reys silah daşınıb. Silahların daşınması üçün ən kəsə yol Gürcüstanın hava məkanı və ya quru yolu ilə daşınma olsa da, qonşu Gürcüstan silahların özünün hava və ya quru sərhəddini keçərək daşınmasına icazə verməyib. Bundan sonra da, beynəlxalq hüququ, humanitar təfəkkürü çeynəməkdən çəkinməyən Ermənistan və Rusiya tərəfləri silahların “Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan” marşrutu ilə (başlanğıc və son məntəqələri nəzərə almadan desək) 3 xarici ölkə üzərindən daşınmasını təmin edib. İşin ən qərib tərəfi odur ki Rusiya, guya Ermənistanla Azərbaycan arasında sülhyaratma mandatına malikdir, ATƏT-in Minsk Qrupunun həmsədridir.
Əlbəttə, bizimçün heç xoş deyil ki, qardaşlarımız və Xəzər qonşularımız Qazaxıstanla, Türkmənistan, habelə, milyonlarla soydaşımızın vətəni olan İran, hər üç ölkədən daha kiçik, daha az imkanlara sahib olan və Rusiya ilə problemlər yaşayan Gürcüstanın bu məsələdə göstərdiyi dəyanəti göstərə bilməyib. Çox təəssüflər! Respublikiamızla yaxın siyasi və iqtisadi münasibətlər içində olmasına baxmayaraq, Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verən Qazaxıstan, Türkmənistan və İran rəsmi məqamlara aydınlıq gətirməldir ki, müvafiq olaraq, Aktauda, Türkmənbaşı və Novşer-Rəşt hava limanında özbaşınalıqmı olub, təxribatmı baş verib, yoxsa bu, düşünülmüş işdirmi?!
İnanıram ki, Xarici İşlər Nazirliyimiz Azərbaycan ictimaiyyətinin və dövlətimizin narahatlığını hər üç dövlətin Azərbaycandakı səfirləri vasitəsi ilə adıkeçən dövlətlərə çatdıracaq. Bu mövzuda yaxın günlərin Serbiya örnəyi var.
Bildiyimiz kimi, Tovuz döyüşlərindən bir neçə gün öncə və döyüşlər gedən günlərdə Ermənistana Serbiyadan çoxsaylı silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Əlbəttə, Serbiyanın hərəkətləri cəmiyyətimizdə qəzəblə və suallarla qarşılandı. Çətin günlərdə həmişə Azərbaycanın dəstəyini hiss edən Serbiya, yaxın aylarda, koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərməyimizi də xatırlamaqla, “yaxşılığı tez unudan ölkə” imicini özünə yaraşdırmamalıdır. Bundan əlavə, Azərbaycan dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bildirib. Demək istəyirəm ki, bu faktla bağlı rəsmi Bakının reaksiyası özünü çox gözlətmədi, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili rəsmi Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair bilgilərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı. Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi. Bundan sonra, Serbiyanın Ticarət və Telekommunikasiya naziri bildirdi ki, “rəsmi Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir, biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu durumun hər hansı bir şəkildə bağlarımıza xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin”. Bunun ardınca, Serbiya Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı, Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi, durumun araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Və Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Bakıya gəldi, burada danışıqlar aparıldı.
Beləliklə, bir daha aydın oldu ki, Azərbaycanla dostluq, bu dostluğu qorumaq həssas və vacib məsələdir. N.Stefanoviçin Bakıda olarkən, jurnalistlərə “Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq” deməsi də bunun ifadəsidir.
Yenidən qayıdaq, Rusiya mövzusuna.
Bəli, son günlərdə Rusiya Ermənistana xeyli silah verdiyi danılmaz faktdır. Bu silahlara radio-elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Özü də, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır.
Artıq, rəsmi məlumatlardan da bildiyimiz kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hücumu barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan hərbi qulluqçularının və bir mülki vətəndaşımızın həlak olduğunu vurğulayıb, sərhəd boyu kəndlərimizdə bir çox evin dağıldığını, yararsız hala düşdüyünü bildirib.
Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdıran Azərbaycan Prezidenti, Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək, Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Azərbaycan Prezidentinin bu zəngi, telefon danışığı əsnasında dedikləri, elan olunmamış müharibənin mövcud durumunu yetərincə aydın ifadə etməkdədir.
Ümumiyyətlə, Ermənistan öz dövlət müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi işbirliyi zəminində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı və aparıcı dövləti olan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”na (KTMT) üzv olub. Üstəlik, işğalçı ölkə ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir.
Beləliklə, bir daha aydın olur ki, “ümid sənədir ancaq, Azərbaycan əsgəri” deyib, silahlı qüvvələrimizi gücləndirməli, silahlanmaya yeni, yerli və xarici çağdaş silahlar qəbulunu davam və inkişaf etdirməli, hərbçilərimizin təhsilini artırmalıyıq. Bu planda, son günlər qardaş Türkiyə ilə intensiv hərbi məsləhətləşmələr, yüksək səviyyəli görüşlər və genişmiqyaslı birgə təlimlər çox ciddi önəm daşıyır.
İşin taktiki-texniki tərəfləri öz yerində, biz, xalq-dövlət, ordu-xalq birliyini daha da gücləndirməli, Ali Baş Komandanın əmr və tapşırıqlarına hazır olmalıyıq.
Bizim işimiz haqq işidir.
Biz qalib gələcəyik!
Dövlətimiz zaval görməsin!", deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə