“Milli Şura”dakılar davranışlarının anormallığını özləri də etiraf edirlər” ÖZƏL-MÜNASİBƏT

“Ötən bir neçə ay ərzində sosial şəbəkələr üzərindən yayılan və özünü “Milli Şuranın Koordinasiya Mərkəzi” elan edən qurumun toplantılarını əks etdirən videogörüntülər bu qurumun bütün mahiyyətini ortaya qoyur. KM-də toplaşan şəxslərin hansı mədəniyyətə, “mənəviyyata” sahib olduqlarını, rəqiblərinə, “dostlarına”, “müttəfiqlərinə” qarşı necə davrandıqlarını, ölkənin və xalqın taleyüklü məsələlərinə necə laqeyd olduqlarını göstərir”. Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, ölkə mediası, siyasi ekspertlər Milli Şura adlanan qurumun perspektivsizliyi, ictimaiyyət arasında dayaqlarının olmaması, fəaliyyətinin ölkə və xalqa fayda gətirmədiyini uzun illərdir ki, yazırlar: “Bənzər fikirlər MŞ təsis edilən andan, 2012-13-cü illərdən başlayaraq gündəmdə dolaşır. Amma onlar inkar edir, deyirdilər ki, guya bu fikirlər subyektivdir, rəqabətdən irəli gəlir. İndi durum fərqlidir, ənənəvi arqumentləri işə yaramır. Çünki, bu dəfə danışan özləridirlər. Barələrində ən neqativ rəyi özləri yaradırlar. Son iki gün ərzində ortaya çıxan görüntülər də bu baxımdan dəhşətlidir, üzücüdür. KM-də toplaşan şəxslər əvvəlki videogörüntülərdə “dostlarına”, “müttəfiqlərinə” həqarət edirdilərsə, bu dəfə ümumi xalqı hədəf seçirlər, xalqın ünvanına aşağılayıcı, təhqiredici ifadələr işlədirlər. Bəlli olur ki, Koordinasiya Mərkəzində toplaşan şəxslər nəinki xalqı, dövləti qlobal böhranlardan xilas edəcək strategiyaya malik deyillər, əksinə, bu barədə heç düşünmürlər də, xalqa aşağılıq varlıq kimi baxırlar. Milli Şura KM-in toplantısından yayılan son videogörüntülər deməyə əsas verir ki, onlar xalqın taleyinə biganə olduqları kimi, milli əxlaq və davranış qaydalarına da laqeyddirlər. Toplantılarının birində müttəfiq saydıqları şəxslərin qeybətini edirlər, dost saydıqlarını xərcləyirlər. Digər bir toplantıda başqa dəyəri ayaqlayırlar. Bu yolla xalqın gözündən düşüb, marginallaşırlar.

İlk videogörüntüdən sonra KM-nin üzvlərinin silsilə istefaları başlamışdı. O zaman əksəriyyət sual edirdi ki, bunlar niyə belə asanlıqla dağılışdılar. Həmin vaxtı mən demişdim ki, görünür bunların “daha dəhşətli fikirlər səsləndirdikləri toplantılar olub”, həmin toplantıların videogörüntülərinin üzə çıxacağından ehtiyatlanıb istefa edirlər, gedirlər. Bu gün mənim həmin ehtimalım təsdiqini tapır. Hər iclasın yeni videogörüntüsü yayıldıqca, daha dəhşətli davranışla ortaya çıxır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə