«Üç dəniz» əfsanəsi...
Dövlətimiz hazırda çoxşaxəli enerji siyasəti yürütməklə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumla yanaşı, Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək trans-enerji marşrutlarının gerçəkləşməsində də aktiv rol oynayır. Respublikamızın birbaşa təşəbbüsü ilə regionda yeni yanacaq dəhlizlərinin yaradılması dünya enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini möhkəmləndirmək və iqtisadi dividendlər gətirməklə bərabər, siyasi üstünlüyünü artırmış olur. Son günlər Avropa dövlətlərinin rəhbərlərinin respublikamıza davamlı xarakter alan səfərləri zamanı da Azərbaycanın enerji siyasəti təqdir olunub və dünya dövlətlərinin yanacaq təminatında oynadığı rol yüksək dəyərləndirilib. Bu gün bir çox Avropa dövlətlərinin, o cümlədən, Polşa, Rumıniya və Baltikyanı dövlətlərin Azərbaycanla əməkdaşlıqları müsbət mənada yeni məzmun və mərhələyə daxil olub. Azərbaycan Türkiyə, Gürcüstan, Moldova və Rumıniya kimi dövlətlərin neft-yanacaq komplekslərinin inşasına investisiya qoymaqdadır. Rumıniya prezidenti Trayan Besesku, Ukrayna prezidenti Viktor Yanukoviç və Litva prezidenti Dalya Qribauskaytenin son səfərləri zamanı da Xəzər regionunun neft-qaz ehtiyatlarının nəqlinin genişləndirilməsi və Xəzər-Qara-Baltik-Aralıq dənizləri dəhlizinin yaradılması, bölgədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi geniş müzakirə mövzusu olub. Avropaya birbaşa dəhliz olan bu layihə, region dövlətləri arasında sıx inteqrasiyanı dərinləşdirməklə yanaşı, onların iqtisadi inkişafına böyük təkan verəcək. Avropa İttifaqının enerji üzrə nüfuzlu tədqiqat mərkəzlərinin nümayəndələrinin qeyd etdikləri kimi, bu gün dünyada baş verən siyasi və iqtisadi proseslərin fonunda Xəzər regionu ölkələrinin mövqeyi artır. Xüsusilə də, Azərbaycan zəngin enerji resurslarının nəqlində diversifikasiya siyasətini gücləndirməklə, dünya enerji bazarına öz töhfəsini verməkdədir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, respublikamız yanacaq ehtiyatlarını şaxələndirilmiş şəbəkə ilə nəql edəcək və qarşıdakı mərhələdə qazın yeni istiqamətlər üzrə ixracı həyata keçiriləcək: "Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə resurslarını böyük dərəcədə genişləndirə bilsin. Bu, beynəlxalq mövqelərimizi gücləndirdi və minlərlə yeni iş yerinin açılmasına gətirib çıxardı. Bizi dünya bazarları ilə birləşdirən neft-qaz kəmərləri ya əsaslı şəkildə təmir olundu, ya da ki, yenidən tikildi. İstisna edilmir ki, gələcəkdə yeni kəmərlərin tikintisinə ehtiyac olacaqdır. Nəzərə alsaq ki, neft-qaz ehtiyatlarımız artır, resurslarımız kifayət qədər çoxdur, gələcəkdə qonşu ölkələrin resursları Azərbaycan ərazisindən dünya bazarlarına nəql edilə bilər, ona görə yeni kəmərlərin tikintisi istisna olunmur".
Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Azərbaycan hökuməti nümayiş etdirdiyi siyasi iradə ilə trans-enerji layihələrinin çəkilişinə səbəb olub, Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin yaradılmasını reallaşdırıb. Dünya dövlətlərinin yanacaq təminatında mühüm rol oynayan Azərbaycanın Xəzər-Qara-Baltik-Aralıq dənizləri dəhlizinin yaradılması istiqamətində intensiv addımlar atması isə dünyanın enerji xəritəsinin zənginləşməsinə səbəb olur. Respublikamızın enerji resurslarının dünya bazarlarına çatdırılmasında 3 neft, 4 qaz kəməri mövcud olsa da, ölkəmizin zəngin neft və qaz ehtiyatlarının həcminin artması yeni ixrac marşrutlarının yaradılmasını da zəruri edir. Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumla yanaşı, Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək kəmərləri - Odessa-Brodı-Qdansk-Plotı və NABUCCO marşrutlarının gerçəkləşməsində qətiyyəti ilə diqqəti cəlb edir. Xəzər -Qara -Baltik dənizi enerji dəhlizinin yaradılması respublikamızın enerji təhlükəsizliyində mövqeyini möhkəmləndirmək və iqtisadi dividentlər gətirməklə bərabər, regionda siyasi üstünlüyünü artırmış olur. Hazırda respublikamız neft ehtiyatları ilə yanaşı, qaz resurslarının hasilatını və nəqlini artırmaqla öz diversifikasiya siyasətini genişləndirir. Azərbaycan yanacaq resurslarının həcmini artırmaq üçün Xəzərin özünə aid sektorunda yerləşən perspektivli yataqların geoloji kəşfiyyatını da sürətləndirib. Aparılan kəşfiyyat işləri isə yeni-yeni uğurlara imza atılması ilə nəticələnir. Ötən il qaz sənayesində ən mühüm bloklardan hesab olunan "Ümid" yatağının kəşf edilməsi və bu perspektiv blokda hasilat işlərinə hazırlıqların başlanılması respublikamızın enerji siyasətində çox mühüm hadisə kimi dəyərləndirilə bilər. Yaxın zamanlarda digər yataqlarda da hasilat işlərin uğurla başa çatacaq ki, bu da Azərbaycanın dünya enerji bazarında potensialına öz töhfəsini verəcək və respublikamızın mövqeyi Avropa və dünya qaz bazarlarında daha da güclənəcək. Hazırda enerji resurslarının dünya bazarlarına çatdırılmasında respublikamızın 3 neft, 4 qaz kəməri mövcud olsa da, ölkəmizin zəngin neft və qaz ehtiyatlarının həcminin artması yeni ixrac marşrutlarının yaradılmasını da zəruri edir. Prezident İlham Əliyev bildirib ki, Xəzər regionu Avropa İttifaqı üçün yeganə yeni alternativ potensial qaz təchizatçısıdır, çünki bütün digər təchizat mənbələri artıq istifadə olunur: "Düzdür, Avropaya ənənəvi təchizat yolları ilə nəql olunan enerji daşıyıcılarının hasilat həcmi artmaqdadır, lakin yeni alternativ variant yalnız Xəzər regionu sayılır. Bizim enerji resurslarımızın şaxələndirilmiş nəql yolları var. Qeyd etdiyim kimi, bu, müxtəlif istiqamətdə dörd boru kəməri ilə həyata keçirilir. İstehlakçıların təchizat yollarının şaxələndirilməsinə duyduğu ehtiyacı da aydın şəkildə başa düşürük, çünki belə olarsa, enerji təhlükəsizliyi artır və bazarda daha ədalətli qiymətlər təmin edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə