“Azərbaycan Prezidenti xalqın yanındadır” ÖZƏL-MÜNASİBƏT

“Cənab Prezidentin təşəbbüsü ilə ölkədə aparılan pandemiyaya qarşı mübarizə kampaniyası Azərbaycana böyük təcrübə qazandırdı”. Bunu SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, əgər ölkədə vaxtında lazımı tədbirlər görülməsəydi, Azərbaycanda da, digər ölkələrin praktikasında gördüyümüz mənzərə ilə qarşılaşmış olacaqdıq: “Dünyanın ən aparıcı dövlətlərinin praktikasında pandemiya qarşısında iqtisadi çöküş yaşamaqla bərabər, səhiyyə baxımından da hazırlıqsız olduqlarını müşahidə etdik. Prezident İlham Əliyevin dərhal ölkədə gərəkli addımların atılması ilə yanaşı, pandemiyaya qarşı geniş miqyaslı mübürizə proqramının tətbiq edilməsi ilə ölkəmizin bu sahədə böyük təcrübə qazanmasına nail olundu. Bu gün bir çox tibb mütəxəssisləri belə söyləyir ki, pandemiyanın mövcud durumu ilə bu ilin fevral ayında müşahidə edilən durum arasında böyük fərq var. Çünki başqa-başqa dövlətlərin praktikasında pandemiya ilə mübarizə və müalicə metodları öyrənilir. Bir çox dövlətlərin liderləri Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığına rəğmən, ölkənin iqtisadi, ticari və turizm baxımından zərər görməməsi üçün bu xəbərdarlığa vaxtında əhəmiyyət vermədi. Cənab Prezident isə həmin an buna reaksiya verdi və ölkədə sərt müdafiə sistemi yaratmağa müvəffəq oldu. Bu sistem o qədər mütəşəkkil təşkil edildi ki, ölkə daxilində sabitlik qorunmaqla yanaşı, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində də gərəkli addımlar atıldı. O an belə ölkə başçısı ölkənin nə iqtisadi, nə ticari, nə də turizm maraqlarını deyil, birmənalı olaraq bütün tövsiyə və qərarlarını vətəndaş faktoru üzərində fokusladı. Ən ağır dönəmdə belə, Prezident bütün qayğı və diqqəti ilə xalqın yanında olduğunu bir daha sübut etdi. Digər tərəfdən ölkə başçısının tətbiq etdiyi yeni idarəçilik modeli sayəsində ölkənin bu zaman kəsiyində ən az zərərlə çıxması üçün gərəkli addımların atıldığını da, müşahidə edirik. Bu gün bir çox dövlətlər iqtisadi çöküş yaşadıqları üçün tətbiq edilən karantin rejminin yumuşaldılması praktikasına keçid alıb. Azərbaycan isə təbii ki, bu praktikaları da müşahidə edərək, qərarlar verir. Amma yenə də, hesab edirəm, sosial məsafə və maskadan istifadə uzun müddətli bir proses olacaq. Bu tendensiya sadəcə ölkəmiz üçün deyil, digər ölkələr üçün də keçərlidir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...