Bu gün Milli Məclisin iclası keçiriləcək

Bu gün Milli Məclisin iclası keçiriləcək
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib. İclasda ilk növbədə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçiriləcək, sonra isə Naxçıvan MR-in Konstitusiyasına dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunacaq.

İclasda həmçinin "Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmış "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihələri müzakirə olunacaq.
Bundan əlavə deputatlar Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə