Türk Şurasına bir sıra ölkələrin marağı qurumun nüfuzundan xəbər verir - AÇIQLAMA

"Ukrayna bir sıra geosiyasi və geoiqtisadi amillər səbəbindən Türk Şurasında yer almaq niyyətindədir. Dünyanın bir sıra ölkələrinin Türk Şurasına maraq göstərməsi yaxşı haldır. Bu həmin qurumun nüfuzunun artmasının göstəricisidir. Ukranyadakı məlum narıncı inqilabdan sonra Kiyev bildiyiniz kimi, birmənalı şəkildə Qərbə inteqrasiya məsələsinə daha çox önəm verəcəyini bəyan etdi. Bu mənada Liyevlə Moskva arasında gərginlik də yaşandı. Digər tərəfdən, unutmayaq ki, Ukrayna Azərbaycanla birlikdə Vaşinqtonun xeyir-duası ilə yaradılan GUAM təşkilatının tərkibindədir. GUAM təkilatı Rusiyanın dəstəyilə əmələ gələn müəyyən separatçı qurumlarla qarşıdurma şəraitində olan dövlətlərin birliyidir. Qurumda təmsil olunan Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova bu və ya digər şəkildə Rusiya tərəfindən dəstəklənən separatçılarla mübarizə aparır”. SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun sözlərinə görə, Ukraynanın Türk Şurasında yer alması məsələsi bu mənada bir neçə aspektdə ciddi əhəmiyyət kəsb edir: “Belə ki, Kiyev yenidən Bakı ilə birlikdə daha çox geopolitik mahiyyət daşıyan bir layihədə yer alacaq. Kiyevin bu layihədə yer alması Azərbaycanla ikitərəfli münasibətlərə müsbət mənada ciddi təsir götərməklə yanaşı, həm də perspektivdə ölkəmizin karbohidrogen ehtiyatlarının Ukrayna ərazisindən Avropaya nəqli məsələsinə də təsirsiz ötüşməyəcək. Bildiyiniz kimi, ABŞ “Şimal-2” axınının reallaşmasından narahatdır. Çünki bu axın Avropanın Rusiyadan enerji asılılığını artırır. Azərbaycan isə Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq yolunda ciddi enerji ehtiyatlarına malik dövlətdir. Bu baxımdan Azərbaycanın karbohidrogen ehtiyatlarının Ukrayna ərazisindən keçməklə Avropaya nəqli məsələsi ciddi önəm kəsb edə bilər. Kiyevlə Bakı arasında münasibətlər olduqca yüksəkdir. Azərbaycan Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb, Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Kiyev də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu mənada Ukraynanın Azərbaycanla birlikdə Türk Şurasında təmsil olunması ikitərəfli münasibətlərə təsir göstərməklə yanaşı, perspektivdə Kiyevlə Bakı arasında nəqliyyat-kommunikasiya layihələrinin yeni bir mərhələyə keçməsinə öz töhfəsini verəcək. İkinci bir tərəfdən, Ukrayna Qərbin təhlükəsizlik sisteminə inteqrasiyada ciddi şəkildə maraqlı olan dövlətdir. Bu perspektivdə Azərbaycanın da Qərblə münasibətlərinə öz töhfəsini verəcək".

Elşən Manafov bildirib ki, Qarabağ probleminin həllində NATO ilə əməkdaşlıq proqramının heç şübhəsiz özünəməxsus rolu ola bilər: "Bütün bunlar perspektivdə Ukraynanın timsalında ölkəmizin mövqeyini beynəlxalq arenada dəstəkləyəcək daha bir dövlətlə münasibətlərimizin sıx və əməkdaşlıq kontekstdə qurulmasına gətirib çıxaracaq. Bir sözlə, Ukranyanın Türk Şurasında təmsil olunmaq istəyinə bir sıra amillər təsir edib. Burada iqtisadi faktorlar, nəqliyyat-kommunikasiya amili, Ukraynanın da Azərbaycan kimi separatizmlə üzləşməsi, Kiyevin Rusiya ilə yaşadığı problemlər, bu ölkənin Qərbin təhlükəsizlik sisteminə inteqrasiyası kimi məsələlər yer alıb. Bu mənada Ukraynanın Türk Şurasında yer alması regionda sabitlik və təhlükəsizlik məsələlərinə töhfə verməklə yanaşı, Dağlıq Qarabağ probleminin həllilə bağlı prosesə də öz töhfəsini verəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...