Azərbaycan bütün sahələrdə Ermənistana qarşı hücum siyasəti yürütməlidir - MÖVQE ÖZƏL

"Ermənistan Azərbaycan arasında yaşanan sonuncu gərginlikdən sonra əslində məlum oldu ki, indiki Ermənistan hakimiyyəti danışıqlar yolu ilə bu məsələni həll etmək istəmir. Vaxtilə Minsk Qrupu çərçivəsində ATƏT-in iştirakı ilə beynəlxalq təşkilatlarda müəyyən qəbul olunan qərarlar kontekstində Ermənistan danışıqlardan boyun qaçırır və hesab edir ki, bu formatı dəyişmək lazımdır. Eyni zamanda bunlara paralel olaraq Ermənistan təxribatlarla məşğuldur. Azərbaycanafobiya, Azərbaycana qarşı nifrət ruhu, xaricdə erməni lobbisi vasitəsilə Ermənistanın cəmiyyətində bizə qarşı müxtəlif təxribatların törədilməsi kimi məsələlər hazırki hakimiyyətin real addımlarıdır". Bunu SİA-ya açıqlamasında Fikrət Sadıqov deyib.

Onun fikrincə Tovuz hadisələrindən sonra Yerevan sivil üsullardan istifadə etməli olduğunu anladı: "Çünki əks halda ermənilər bundan sonra da daim regionda təcrid olunmuş mürəkkəb bir vəziyyətdə qalacaqlar. Azərbaycan dəfələrlə bütün sferalarda Ermənistana sübut edib ki, əsla torpaqlarının işğalı ilə barışmayacaq. Fikrimcə artıq erməni tərəfi bunu anlayıb. Bir tərəfdən Ermənistandakı indiki hakimiyyət sadəcə olaraq çabalayır, digər tərəfdən isə Avropaya üz tutub, Rusiyadan üz döndərir. Son zamanlar Rusiya-Ermənistan münasibətlərinin gərginləşdiyini müşahidə edirik. Buna baxmayaraq Ermənistan yaxşı bilir ki, Rusiya olmasa indi yaranmış vəziyyətdən çıxa bilməyəcəklər".

F.Sadıqov vurğulayıb ki, Avropa ölkələri müəyyən qədər onları dəstəkləsə də, amma açıq şəkildə onlara yardım etmir: "Ermənilərə silah verən Rusiyadır. Belə bir vəziyyətdə Azərbaycan həm diplomatik, həm siyasi, həm də hərbi sahədə hücumedici addımlar atmalıdır və bununla da Ermənistan bir daha başa düşməlidir ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Bizim əsas strateji məqsədimiz torpaqlarımızı azad etmək və Ermənistana belə bir şəraitdə normal yaşaya bilməyəcəklərini sübut etməkdir. Onların sosial-iqtisadi durumu da tənəzzülə uğrayacaq, əhalisi azalacaq və həmçinin daimi olaraq müxtəlif problemlərlə üzləşəcəklər".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...