Arif Hacılının apelyasiya şikayəti təmin olunmayıb

Arif Hacılının apelyasiya şikayəti təmin olunmayıb
Bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, İctimai Palatanın üzvü Arif Hacılının apelyasiya şikayətinə baxılıb. Lent.az-ın xəbərinə görə, bu barədə Arif Hacılının vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil bildirib ki, Apelyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. O qeyd edib ki, müdafiə tərəfi Arif Hacılının zaminə buraxılması üçün məhkəməyə 10-dan çox ziyalının adından imzalanmış müraciət təqdim edib və bu barədə vəsatət qaldırıb. Lakin məhkəmə həmin müraciəti də nəzərə almayıb və vəsatəti qəbul etməyib.

Xatırladaq ki, Arif Hacılı Səbail Rayon Məhkəməsinə Hacılının həbsinin ev dustaqlığı ilə əvəz edilməsi barədə müraciət etmişdi, lakin məhkəmə buna razılaşmamışdı. Bakı Apelyasiya Məhkəməsi isə həmin qərardan edilmiş şikayəti araşdırırdı.

Qeyd edək ki, Arif Hacılı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur. Səbail Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bütün xəbərlər Facebook səhifəmizdə