Regionda müharibə ocağı Ermənistan hakimiyyətinin strateji maraqlarındadır - ŞƏRH ÖZƏL

"Dağlıq Qarabağ probleminin həlli prosesi hazırda heç vaxt olmadığı qədər mürəkkəb və qeyri-müəyyən şəkil alıb. Qarabağ münaqişəsi kontekstində birmənalı bəlli olan əsas məsələlərin sırası da genişlənib. Tam əminlik yaranıb ki, problemin həlli prosesinin heç bir nəticə verməməsinin tək sorumlusu təcavüzkar Ermənistandır, Azərbaycan hansı yolla olmasından asılı olmayaraq problemin həllində ardıcıl maraqlıdır və regionda ən davamlı sülhün mübahisəsiz şərti Azərbaycan torpaqlarının mümkün qədər tezlikkə azad edilməsidir. Münaqişənin həlli prosesindəki ən dərin mürəkkəblik ondan ibarətdir ki, Ermənistan Azərbaycanın torpaqlarını heç bir halda azad etmək istəmir, danışıqlardan qaçır və təhlillər göstərir ki, Azərbaycanı problemin həllinin müharibə üsuluna əl atmağa təhrik edir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Politoloqun sözlərinə görə, regionda qaynar müharibə ocağı açmaq Ermənistanın və onun indiki hakimiyyətinin taktiki və strateji maraqlarındadır: "Azərbaycan üçün danışıqlar yolunun səmərəsini gözləmək müddəti sonsuz deyil və bitib. Elə nöqtəyə varılıb ki, əslində Azərbaycan özü üçün son zərurət addımı sayılan müharibəyə əl atmaqla həm də təcavüzkar Ermənistanın əlinə oynamalı olacaq, çünki zatən Ermənistan dövləti bu gün bütün regionumuzu alovlu müharibəyə çəkmək kimi qorxulu bir sifarişi icra edir. Ermənistan hakimiyyətinin müstəqil olmadığı və beynəlxalq fondların təsiri altında olduğu şübhəsizdir. Ermənistanı təsirdə saxlayan Qərb qüvvələrinin Qafqazda böyük müharibə maraqları var və bu maraqların ən qısa icra yolu Azərbaycanı öz haqqı uğrunda müharibəyə başlamasını diktə edən şəraiti yaratmaqdır. Regionu bu dəhşətli geosiyasi müharibədən qorumağın yeganə yolu burada dayanıqlı sülh üçün ən çox məsuliyyət daşıyan ölkələrin qətiyyətli hərəkətə keçməsidir. Konktet şəraitdə regionun müharibələrsiz taleyində ən maraqlı və məsul ölkələr Rusiyadır, ardınca isə İran və Türkiyə gəlir".

A.Quliyevin fikrinə görə, təhlillər göstərir ki, Rusiya, İran və Türkiyə Ermənistanı qabaqlarına qoyub onu konkret istiqamətə yönəltməsələr, münaqişənin həllində heç bir addım olmayacaq və regional təhlükəsizlik daha böyük təhlükələrin altında qalacaq: "Bu gün Dağlıq Qarabağ probleminin həllində Rusiyanın görə biləcəyi işlər heç vaxt olmadığı qədər vacib və həlledicidir. Rusiyadan məlum gözləntilər özünü doğrultmasa Qarabağ münaqişəsinin həlli prosesində heç bir dəyişiklik ehtimalından danışmaq olmaz. Bu şəraitdə Azərbaycanın isə görə biləcəyi ən böyük iş Rusiya, İran və Türkiyə kimi regional güclərin Ermənistana qarşı son qətiyyətli addımlarının atılmasına qədər daha bir kiçik müddətə dözümlü olmaqdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...