“Milli Şura” siyasi səhnədə çirkin oyunlar oynayır” ÖZƏL-MÜNASİBƏT

“Sən demə, Azərbaycanda sərt karantin rejiminin uzanmasına, müəyyən qədər iqtisadi geriləmənin baş verməsinə ən çox sevinən Milli Şura imiş. Qurumun iclasından yayılan son görüntülərdə açıq formada bəyan olunur ki, karantin qaydalarının uzanması onlara sərf edir. Konkret belə bildirilir, diqqət edin: “Mövcud duruma görə, insanların narahatlığı artır, dolanışığı çətinləşir, buna sevinmək lazımdır. Karantinin uzanmağı birmənalı olaraq Milli Şura üçün əlverişlidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə dörə, göründüyü kimi, niyyət bütün çılpaqlığı ilə ortadadır: Şura karantin rejiminin uzanmasının, xalqın güzəranının daha da pisləşməsinin tərəfdarı olduğunu, bunun dövlətin yaxasına çökmək, hay-küy salmaq, təbliğat aparmaq üçün imkan yaratdığını bəyan edir.

“Öz dövlətinə, vətəndaşına düşmən kəsilməyin başqa adı varmı? Az öncə dünya bazarlarında neftin qiymətinin düşməsini bayram edən Milli Şura, indi də karantin rejiminin uzanmasına sevinir. Xəstəlik hələ də tam aradan qalxmayıbsa, infeksiyaya yoluxan vətəndaşlarımızın vəfat etməsi faktları mövcuddursa, sərt karantin rejimi səbəbindən ölkədə iqtisadi sahədə inkişafın tempi aşağı düşübsə, buna sevinmək üçün alçaq düşüncənin, kobud əxlaqın sahibi olmalısan! Bunun başqa adı yoxdur! Azərbaycana düşmən qüvvələrlə arada hansısa fərq varmı? Yoxdur!

Hökumətin karantin rejimini uzatmasının yalnız bir səbəbi var - nəyin bahasına olursa-olsun insanların sağlamlığının qorunması! Dövlət olaraq özümüzdən asılı olmayaraq düşdüyümüz durum bütün vətəndaşlara bu və ya digər formada zərbə vurur. Hakimiyyət fərqli yol da tuta bilərdi, bəzi ölkələrdə olduğu kimi, bütün sahələrin fəaliyyətini təmin edib, karantin rejimini aradan qaldıra bilərdi. Nəticədə iqtisadi sahədə irəliləmə yenidən baş verəcəkdi, insanlarımızın qorunması isə ikinci plana keçəcəkdi. Amma buna gedilmir, insanların sağlamlığı, qorunması önə çəkilib. Bu, birmənalı olaraq təqdir edilməlidir.

Təəssüf ki, pandemiyaya görə itkilərimizə öz içimizdən olanlar da şadyanalıq edirmiş! Normal düşüncəyə malik müxalif qüvvə öz ölkəsinin vətəndaşının güzəranının pisləşməsinə sevinə, bundan öz çirkin məqsədləri, təbliğatı üçün istifadə edə bilərmi? Əgər sən hakimiyyətə alternativ qüvvə kimi özünü cəmiyyətə sırıyırsansa, mövcud vəziyyətlə bağlı fərqli nəsə təklif et. Bu, yoxdursa, ortaya düşüb indiki duruma sevinirsənsə deməyə söz qalmır. Deməli, cılızlığı, miskinliyi, xalqa düşmən münasibəti öz fəaliyyətinin əsas elementinə çevirmisən. Öz məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə belə razısan...

Reallıq odur ki, Milli Şura sivil yolla irəli çıxmaq imkanını tam itirib. Hər seçkidən, siyasi mübarızədən sonra itirilən elektorat, itirilən reytinq, nüfuz, saysız-hesabsız uğursuzluqlardan doğan ruh düşkünlüyü bu kimi dairələrin hakimiyyətə gəlmək şanslarını heçə endirib. Nəticədə dövlətin zəifləməsini, insanların kasıb duruma düşməsini arzulamaq kimi rəzil bir səviyyəyə eniblər.

Anlamırlar ki, sosial şəbəkələrdə yalan, böhtan üzərində qurulan çalışma sosial bazanı genişləndimək, elektoratın rəğbətini qazanmaq, müxalifəti nüfuzlu siyasi qüvvəyə cevirmək iqtidarında deyil.

Sosial sifarişdən doğmayan yollarla güclənə biləcəklərini fərz edənlər rüsvayçı duruma düşməkdə davam edəcəklər. Nə qədər sevinsələr də, qarşıdakı dönəm şanssızlıq baxımından müxalifət ücün daha ağır proses kimi gözlənilir. Sosial şəbəkələrdə trolluq etmək, xüsusi şəbəkə saxlamaq əslində yeniliklərlə ayaqlaşmaq deyil. Milli Şuranın düşdüyü çarəsiz durum, tükənmişlik onu sosial şəbələkələrdə radikallıq, süni gərginlik yaratmağa, trolları ilə birlikdə yalanlar uydurmağa, təhqirlə məşğul olmağa vadar edir. Lakin bununla nəsə əldə etmək mümkünsüzdür. Cəmiyyətin real proqramlara malik olmayan və köhnə mübarizə metodlarını sosial şəbəkəyə daşıyan hazırkı müxalifətə marağı çoxdan itib...

Hakimiyyət pandemiya ilə mübarizədə uğurlu fəaliyyətə müəlliflik edir. İndiki durumda hakimiyyət itkiləri qarşılamaq üçün yardım paketləri icra edib, maaş və pensiyaların ödənişində hər hansı problem mövcud deyil. Sosial proqramlar təxirə düşməyib. Heç kimdə şübhə yoxdur ki, tezliklə bu bəla arxada qalacaq, iqtisadi geriləmənin qarşısı alınacaq. Müxalifətinsə müəyyən sosial narazılıqları, gileyləri, tənqidi yanaşmaları bir arada toplayıb, real hərəkətə çevirmək təşəbbüsləri tamamən perspektivsizdir.

Dünyanın pandemiyadan sonra düşdüyü halı hər yerdə eynidir, amma dünyanın heç bir yerində bu haldan siyasi xalq toplamaq, əhalini qızışdırmaq, dövlətin çökməsini arzulamaq kimi bir ağıla, əxlaqa, vicdan hissinə sahib olan müxalifət yoxdur, bəlkə də tək elə bizdədir!

Milli Şuranın bu dərəcədə rəzilləşməsi, öz dövlətinə, millətinə münasibətdə düşmənlə eyni mövqeni bölüşməsində, əslində yeni bir şey yoxdur! İllərdir, siyasi səhnədə o, məhz belə rəzil və çirkin rollar oynayır!..”, deyə Elman Babayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə