"Ölkə rəhbəri görülən işlər barədə xalqa daim hesabat verir" ÖZƏL - AÇIQLAMA

"Prezident İlham Əliyevin regionlara səfəri vətəndaşlarımızı daha da ruhlandırır. Ölkə rəhbəri görülən işlər haqqında xalqa hesabat verir. Prezidentin verdiyi bütün hesabatlar ölkəmizin, dövlətimizin və onun rəhbərinin daima xalqın yanında olduğunu sübut edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü olan deputatı İlham Məmmədov Prezident İlham Əliyevin mütəmadi bölgələrə səfərindən və keçirdiyi görüşlərin səmərəliliyindən danışarkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bölgələrə səfəri çərçivəsində regionların sosial-iqtisadi inkişafı daha da gücləndirilir, Prezidentin əhali ilə görüşü, bir çox infrostruktur layihələrinin açılışında iştirak etməsi, dünyada tüğyan edən pandemiya dövründə ölkəmizin inkişafına davam etdiyini və ölkə rəhbərinin siyasətinin əsas istiqamətinin məhz sosial vəziyyətin və regionlarımızın inkişafı olduğunu bir daha sübut etmiş oldu: "Prezident İlham Əliyevin səfər etdiyi hər bir yerdə infrostruktur yeniliklərinin şahidi oluruq. Xüsusilə də bu gün pandemiya ilə mübarizə tədbirləri çərçivəsində ən önəmli meyarlardan biri də modul tipli xəstəxanaların açılışıdır. İsmayıllı, Qəbələ və Şəkidə modul tipli xəstəxanaların açılışı oldu. Bu onu göstərir ki, ölkə öz iqtisadi gücünü və resurslarını insanların sağlamlığına yönəldib. Bunu gördüyü işlər sübut edir.

Bildiyiniz kimi, bu virusun mənşəyi və dəqiq müalicəsi, virusun nə qədər davam edəcəyi və gələcəkdə hansı fəsadlara yol açacağı hələ də məlum deyil. Hələ vaksin tapılmayıb və spesifik müalicə üsulları yoxdur. Buna görə də təhlükəni önləmək və qabaqlamaq üçün gələcəkdə baş verə biləcək genişmiqyaslı təhlükənin qarşısını almaq üçün məhz modul tipli xəstəxanaların olması çox vacibdir. Bu gün 46 xəstəxanamızda insanlar COVID-19-dan müalicə alır, sağalır və evə buraxılır. Bunlardan da 41-i son dövrlərdə yaradılan xəstəxanalardır. Ümumilikdə isə 700-ə yaxın xəstəxana tikilib, yaxud əsaslı şəkildə təmir edilərək vətəndaşlarımızın xidmətinə verilib. Bütün bunlar olmasa idi hazırda hansı vəziyyətdə olardıq? Bu prosesi necə önləyə bilərdik?".

Millət vəkili vurğulayıb ki, pandemiyanın ortaya çıxdığı ilk günlərdə 5-6 test laboratoriyası var idi, bu gün isə artıq 30-dan çox test laboratoriyası fəaliyyət göstərir: "Laboratoriyaların sayının 45-ə çatdırılması gözlənilir. Bu gün 10 modul tipli xəstəxananın hər birində 200 çarpayı mövcuddur ki, bu da əlavə 2 min çarpayı ehtiyat fondu yaradır. Fövqəladə Hallar Nazirliyinin əlavə 800 çarpayılıq korpusu da istifadəyə verildi. Həmçinin, 500 çarpayı ehtiyatı olan yeni klinikanın işə salınması və s. müstəsna addımlardır. Bu xəstəxanaların hər birinin COVID-19-la mübarizədə əsas məqam olan süni-tənəffüs aparatları ilə tam təmin olunmasını xüsusilə qeyd etmək lazımdır".

İlham Məmmədov qeyd edib ki, bu gün bizim ən böyük məsuliyyətimiz pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində qarşıya qoyulan şərtlərə əməl etməkdir: "Prezident İlham Əliyevin regionlara səfəri vətəndaşlarımızı daha da ruhlandırır. Ölkə rəhbəri görülən işlər haqqında xalqa hesabat verir. Son çıxışlarında ölkə rəhbəri sosial infrostuktur layihələri haqqında, dünyada baş verən siyasi proseslər haqqında məlumat verdi və erməni təcavüzü nəticəsində ölkəmizə qarşı yürüdülən siyasət, anti-Azərbaycan qüvvələrin birləşərək təxribatlara əl atmasından açıq söhbət etdi. Bu bizi bir daha ayıq-sayıq olmağa çağırır. Prezidentin verdiyi bütün hesabatlar ölkəmizin, dövlətimizin və onun rəhbərinin daima xalqın yanında olduğunu sübut edir və əməli işlə göstərir. Ölkə rəhbərinin səfər etdiyi hər bir ərazidə inkişaf var və bu, dövlətin iqtidarının xalqın yanında olması, onun qayğısı ilə yaşamasını göstərir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...