“Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi çərçivəsində videokonfrans keçirilib

İyulun 31-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilati dəstəyi ilə “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi” layihəsi çərçivəsində videokonfrans keçirilib. Bu barədə SİA-ya Komitənin mətbuat xidmətindən məlumat verilib.

Virtual tədbirə Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri qatılıb. Videokonfransda əvvəlcə Dövlət Komitəsinin əməkdaşı Lalə İsgəndərovanın və “Chiza Architectural Bureau”nun təsisçisi, baş memarı Zəki Cəbiyevin çıxışları dinlənilib.

Türkiyədə fəaliyyət göstərən diasporumuzun nümayəndəsi, memar Nurlan Yusifovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Zəhra Hacıyeva müəllifi olduğu “Qarabağ" memorial muzey kompleksi layihəsini təqdim edib.

Zəhra Hacıyeva bildirib ki, “Qarabağ" memorial muzey kompleksi layihəsi işğal altında olan Ağdam, Qubadlı, Fizuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan rayonlarına və Xocalı şəhərinə həsr olunub. Qeyd edilib ki, muzey kompleksi səkkiz hissədən ibarətdir. Kompleksdəki hər bir abidə işğal edilmiş Ağdam, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan rayonlarına və Xocalı şəhərinə xas olan xüsusiyyətləri özündə əks etdirir.

Təqdimatı böyük maraqla qarşılayan azərbaycanlı memarlar layihəni müsbət qiymətləndirdiklərini bildiriblər. Tədbir görüşə qoşulan iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə davam edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...