Münaqişənin həllinin tezləşdirilməsi ehtimalı Ermənistanı qorxudur - AÇIQLAMA

Münaqişənin həllinin tezləşdirilməsi ehtimalı Ermənistanı qorxudur - AÇIQLAMA

"Erməni siyasi ekspert Ayk Qabrelyan Tovuz döyüşlərindən sonra Türkiyənin Qarabağ münaqişəsinin tənzimlənməsi fəallığını artırmasını müxtəlif aspektdən şərh edib. O iddia edir ki, guya Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ və Fransanı Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindən çıxarmaq istəyir. Türkiyənin Cənubi Qafqazda və xüsusən də Qarabağ münaqişəsinin tənzimlənməsində rolunu artırmaq niyyətində olduğuna inanıram. Türkiyə ABŞ-ı və Fransanı tənzimləmə prosesindən kənarlaşdırmaq istəyir. Rusiya və İranla birlikdə Astana formatı kimi bir şey yaratmağa çalışaraq sözügedən ölkələrin təsirlərini azaltmaq istəyir. Ankara buranın postsovet məkanı olduğunu (rus nöqteyi-nəzərdən) başa düşərək Cənubi Qafqaz məsələlərində daha vacib rol almağa çalışır". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, bütün bunlar Putin üçün həssas bir məsələdir: "Ona görə də Ərdoğan rolunu artırmaq üçün Putini müxtəlif sövdələşmələrə dəvət edərək onunla dil tapmağa çalışır. Rusiya və Türkiyə, eləcə də İran, "regional problemlər regional güclər tərəfindən həll edilməlidir, bölgədənkənar dövlətlər (ABŞ) qarışmamalıdır" mövzusunda yekdildirlər. Cənubi Qafqazda Ərdoğan ikinci nömrə ilə oynamağa, birincisini Putinə məğlub etməyə və İranı üçüncü sırada tərk etməyə hazırdır”.

Politoloq bildirib ki, erməni ekspertin mövqeyi qeyri-səmimidir: "Ən azından, o, beynəlxalq hüquq normalarına istinad etməyib. Çünki ATƏT-in Minsk Qrupunun formatını dəyişmək üçün, ən azından, münaqişə tərəflərindən birinin razılığı olmalıdır. Məsələn, 1996-cı ilin Lissabon sammitində mərhum prezident Heydər Əliyev Qarabağ probleminin həlli ilə bağlı Azərbaycan tərəfinin mövqeyini sərgilədikdə 54 dövlət bu təklifi dəstəklədiyi halda, Ermənistan buna qarşı çıxdı. ATƏT nizamnaməsi qərarların konsensus əsasında həllinə əsaslandığı üçün, Ermənistan bunu əngəlləyə bildi. Son proseslər onu göstərir ki, Ermənistan Rusiya, Türkiyə və İranın Qarabağ münaqişəsinin tənzimlənməsində ortaq mövqedən çıxış edəcəyindən çox ehtiyat edir. Ona görə də Qərbdəki havadarlarına tərəf boylanır, problemin ABŞ-ın, xüsusən də Fransanın təsiri altında həllini tapmasına daha çox səy göstərir".

E.Manafov qeyd edib ki, Fransa məsələsində Ermənistanın mövqeyi bəllidir: "Çünki Avropanın ən güclü erməni diasporu Fransadadır. Məhz Fransa qondarma “erməni soyqırımı”nın tanınmasında xüsusi fəallıq göstərib. ABŞ-a gəlincə bu dövlətdə 1 milyon nəfərdən çox erməni seçicisi var. Məhz bu səbəbdən Ermənistan sözügedən dövlətlərin prosesdən kənarlaşdırıla biləcəyi ehtimalından çox narahatdır. Əslində, münaqişənin həllində Türkiyə, Rusiya və İranın rolunun artması daha məqsədəuyğundur. Ona görə ki, ABŞ və Fransadan fərqli olaraq, sözügedən ölkələr region dövlətləridir. Regionda təhlükəsizlik, stabillik və əməkdaşlıq məhz bu dövlətlərin maraqlarına cavab verir. Ermənistan da bütün bunların fərqində olduğuna görə çox narahatdır. Qorxur ki, region dövlətləri ortaq mövqedən çıxış edərək münaqişənin həllini tezləşdirə bilərlər. Məhz bu faktorlar Ermənistanı narahat edir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə