“Qaz qiymətlərində artım səbəbiylə bahalaşma davam edəcək” Vardan Bostanjyan

“Qaz qiymətlərində artım səbəbiylə bahalaşma davam edəcək” Vardan Bostanjyan

Ermənistanda iyulun 19-dan bəri qazın qiyməti artıb ki, bu da digər malların bahalaşmasına səbəb olub və bahalaşma hələ davam edəcək. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet yazır ki, qazın qiymətinin artmasından cəmi on gün keçib və nəticəsi artıq görünməkdədir. Qeyd olunur ki, xüsusilə, bu günlərdə sürücülər maye qazın qiymətinin təxminən 10% artdığı yanacaqdoldurma məntəqələrində qiymət artımının fərq etdiyini bildirirlər. Həmçinin nəzərə çatdırılır ki, digər tərəfdən, başqa malların qiymətinin artması baxımından mənfi siqnallar da mövcuddur və iqtisadçılar qeyd edirlər ki, qazın bahalaşması səbəbindən qiymət artımı davam edəcək.
“Nə qədər adam əhalinin müəyyən bir hissəsi üçün qaz tarifinin artmayacağını söyləsə də, bunların hamısı boş sözlərdir. Qazın qiymətindəki bu artım bütün zəruri mallara xüsusilə təsir edəcəkdir. Qiymət artımına dair statistika orqanlarının hansı məlumatları yaymasından asılı olmayaraq, qiymət artımının müşahidə edildiyi real bazar daha vacibdir”, deyə iqtisadçı Vardan Bostanjyan qəzetə müsahibəsində bildirib.
"Danışanda deyirlər ki, qaz yalnız böyük istehlakçılar üçün bahalaşıb. Amma məqsəd insanları çaşdırmaq üçün sözlər vasitəsilə müəyyən bir oyun oynamaqdır. Əslində, qiymət artımı əhali üçündür, çünki malların istehlakçısı əhalidir”, deyən enerji mütəxəssisi Armen Manvelyan əlavə edib ki, qazın artması avtomatik olaraq digər malların qiymətinin artmasına səbəb olur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə