Bu gün “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusuna həsr olunmuş tədbir keçirilib

Bu gün “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusuna həsr olunmuş tədbir keçirilib
Bu gün "Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir" mövzusuna həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi, professor, fəlsəfi elmlər doktoru Əlikram Abdullayev, filologiya elmlər doktoru İlhami Cəfərsoy, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Elçin Əhmədov, Şuşa Memarlıq Abidələrinin Elmi Bərpa İdarəsinin sabiq rəisi İlhami Fətəliyev və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov tədbir haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Şuşanın dərdi yalnız şuşalıların deyil, xalqımızın dərdidir və biz Şuşanı heç vaxt unuda bilmərik.

Tədbirdə söz alan Dövlət İdarəçiliyi Akademiyasının rektor əvəzi Əlikram Abdullayevin fikrincə, xalqımız heç vaxt bu mövzuya biganə qala bilməz: "Qarabağı lazım gələrsə silah yolu ilə almağa hazırıq. Amma əminəm ki, biz torpaqlarımızı sülh yolu ilə alacağıq".
Tədbirdə çıxış edən filologiya elmlər doktoru İlhami Cəfərsoy tədbir haqqında öz fikirlərini dilə gətirib. O, söyləyib ki, gün gələcək işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. İlhami Cəfərsoy əlavə edib ki, Şuşa haqda demədiyimiz çox fikirlər var və biz onları yaxın zamanlarda kitab halına salacağıq.

Qeyd edək ki, tədbirə gələn qonaqlar "Şuşanın dünəni və bu günü" adlı video-slayda tamaşa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə