"Qurban bayramında ən böyük savabı belə edə bilərik" ÖZƏL - AÇIQLAMA

"Qurban bayramında ən böyük savabı belə edə bilərik" ÖZƏL - AÇIQLAMA

"Cəmiyyət üçün həssas olan belə bir şəraitdə Qurban bayramında da kütləvilik yolverilməzdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olan deputatı Azər Badamov deyib.

O bildirib ki, Qurban bayramı xalqımızın müqəddəs bayramıdır və xalqımız bu bayramı həmişə böyük coşğun və kütləvi qurbanlıq tədbirləri ilə qeyd etmişdir: "Amma bu il pandemiya həyatımızı dəyişmişdir. İlin əvvəlindən başlayaraq insanlar yeni dövrün tələblərinə uyğun yaşamağa başlamışdır. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Hər il milyonlarla insanın getdiyi bu il həcc ziyarətində dünya üzrə cəmi 1000 nəfər iştirak edir. Belə bir hal bəşər tarixində birinci dəfədir. Toylar və yas mərasimlərində kütləvi tədbirlərə də qadağa qoyulmuşdur. Cəmiyyət üçün həssas olan belə bir şəraitdə Qurban bayramında da kütləvilik yolverilməzdir. Çünki, kütləvilik COVID-19 infeksiyasının yoluxma sürətinin artması üçün şərait yaradır. Ona görə də məscidlərdə bayram namazının qılınması və kütləvi tədbirlərin icra olunmasına da yol verilməməlidir".

Millət vəkili əlavə edib ki, bayram günlərində də tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi vacib şərtlər olaraq qalır və hamı tərəfindən əməl edilməlidir: "Əgər biz ətrafdakılarımızı bu gözəgörünməz qara bəladan qoruya biləriksə, Qurban bayramında ən böyük savabı işlətmiş olarıq. Qurbanların kəsilməsi icazə verilmiş yerlərdə, onlayn sifarişlərlə və insan təmasını minimum olan digər formalardan istifadə etmək lazımdır. Düşünürəm ki, pandemiya bitənə kimi həyatımızı bu təhlükədən qorumaq hər birimizin ictimai-sosial borcudur. Həm də fürsətdən istifadə edərək xalqımızı qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edir, pandemiyanın tezliklə başa çatmasını, ölkəmizə ərazi bütövlyü, sülh, süfrələrinizə ruzi-bərəkət, hamıya can sağlığı arzulayıram".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə