Azərbaycan respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Serbiya respublikasına səfərinin ikinci günü Serbiya Respublikasının Prezidenti cənab Boris Tadiç tərəfindən qəbul edilib, ölkə Parlamentinin sədri xanım Slavitsa Cukiç-Deyanoviç, Baş nazir Mirko Tsvetkoviç, Baş nazirin birinci müavini və Daxili İşlər Naziri İvitsa Daçiç, Əmək və Sosial Siyasət Naziri Rasim Lyayiçlə görüşüb. Azərbaycanın Serbiyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, prezident B.Tadiçlə görüş zamanı Serbiyanın dövlət başçısı 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana rəsmi səfərini xatırlayaraq, səmimi salamlarının Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırılmasını E.Məmmədyarovdan xahiş etmiş, Azərbaycan Prezidentinə böyük hörmət və ehtiram bəslədiyini və iki Prezident arasında dost və mehriban münasibətlərin mövcud olduğunu xüsusi vurğulayıb. Cari ilin 8-9 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildirən Serbiya Prezidenti, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib. Görüş zamanı cənab B.Tadiç Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Serbiya-Azərbaycan iqtisadi əlaqələrinə toxunan cənab B.Tadiç, son bir ildə bu əlaqələrdə canlanma olmasına baxmayaraq, iki ölkənin potensialından tam istifadə edilmədiyini və yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökumətlərinin və əlaqədar qurumların üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Azərbaycanın mühüm geostrateji əhəmiyyətə və böyük enerji ehtiyatlarına malik olduğunu qeyd edən cənab B.Tadiç, Azərbaycan özünün xarici siyasətində və həmçinin enerji sahəsində balanslı siyasət yeritdiyini və ölkəsinin bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. E.Məmmədyarov öz növbəsində, cənab B.Tadiçə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin səmimi salamlarını çatdırdıqdan sonra, Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, aparılan demokratik islahatlar barədə ətraflı məlumat vermiş, ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın qorunub saxlanmasında Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalq tərəfindən tam dəstəkləndiyini vurğulayıb.
Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edərək, 20 faizi işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT-nin dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə geniş məlumat verib. O, həmçinin Azərbaycanın münaqişənin sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ədalətli həll olunmasının vacibliyini bildirib. Məmmədyarov Azərbaycan-Serbiya ikitərəfli münasibətlərinə toxunaraq, son illərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə baxmayaraq, bu sahədə əlaqələrin mövcud potensialdan aşağı olduğunu qeyd etmiş, əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib. Görüşün sonunda E.Məmmədyarov iki ölkə Prezidentləri arasında mövcud olan şəxsi münasibətlərin, ölkələrimizin qarşılıqlı maraqlarının, cənab İ.Əliyevin cari ilin iyun ayında Serbiyaya nəzərdə tutulan səfərinin ikitərəfli münasibətlərin bütün sahələrinin inkişaf etdirilməsi üçün mühüm zəmin yaradacağını və ona güclü təkan verəcəyini vurğulayıb.
Serbiya Parlamentinin sədri xanım S.Cukiç-Deyanoviçlə görüşdə E.Məmmədyarov Azərbaycan Parlamentinin Sədri cənab Oqtay Əsədovun səmimi salamlarını çatdırmış, Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, həyata keçirilən demokratik islahatlar, ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf və Azərbaycan Parlamentinin, o cümlədən Milli Məclisdə Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, həmçinin Serbiyaya səfəri çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı məlumat verib. O, həmçinin Serbiya Parlamentində də Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasından məmnunluq bildirib, parlamentlərarası əlaqələrin genişləndirilməsi məqsədilə Parlament rəhbərləri, dostluq qrupları və deputatların qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Xanım S.Cukiç-Deyanoviç, öz növbəsində Serbiya və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcudluğuna baxmayaraq, digər sahələrdə, o cümlədən parlamentlərarası əlaqələri genişləndirmək üçün böyük potensialın mövcud olduğunu qeyd etmiş, ikitərəfli əlaqələrin yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə parlamentləri üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb, ikitərəfli əlaqələrin inkişafı naminə parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi fikrini dəstəkləyib. O, Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. O, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Nazir E.Məmmədyarov həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin cari ilin 8-9 iyun tarixlərində Serbiyaya nəzərdə tutulan səfəri ilə bağlı S.Cukiç-Deyanoviçə məlumat vermiş, səfərin iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcəyini vurğulayıb. O, Azərbaycan və Serbiya Prezidentləri arasında səmimi və mehriban dostluq münasibətlərinin mövcud olmasının ölkələrimiz arasında dostluq-əməkdaşlıq münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə Serbiya rəhbərliyinə təşəkkürünü ifadə edərək, Azərbaycan rəhbərliyinin Kosovo məsələsi ilə bağlı Serbiyanın mövqeyini tam dəstəklədiyini bir daha vurğulayıb. O, həm Dağlıq Qarabağ, həm də Kosovo problemi ilə əlaqədar beynəlxalq birliyin ədalətsiz mövqeyi və ikili standartlar siyasətinin təəssüf doğurduğunu ifadə etmiş, bu və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı Azərbaycan və Serbiyanın eyni mövqedən çıxış etmələrinin hər iki ölkə üçün qarşılıqlı fayda gətirə biləcəyini qeyd edib.
Həmin gün E.Məmmədyarov Serbiya Respublikasının Baş naziri Mirko Tsvetkoviçlə görüşüb. Görüş zamanı M.Tsvetkoviç Serbiya Respublikasının Prezidenti cənab B.Tadiçin 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana səfəri zamanı Serbiyanın işgüzar dairələrinin nümayəndələri və iş adamlarının iştirakı ilə Bakıda biznes-forumun keçirilməsini qeyd edərək, Serbiya-Azərbaycan iqtisadi əlaqələrinin, o cümlədən ticarət mübadiləsinin aşağı səviyyədə olduğunu və hər iki ölkənin iqtisadi potensialına cavab vermədiyini təəssüflə vurğulanıb, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən hərtərəfli əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. Baş nazir Serbiyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini, ilk növbədə energetika, neft, kimya və s. sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyıb. O, dünya iqtisadi böhranının Serbiya iqtisadiyyatına təsiri, ölkədə iqtisadi vəıziyyət, ÜDM-nin artım səviyyəsi, işsizlik problemi, inflyasiya dərəcəsi barədə ətraflı məlumat verib, Azərbaycan şirkətlərini Serbiya iqtisadiyyatına sərmayə yatırmağa dəvət edib.
M.Tsvetkoviç həmçinin ölkəsinin müxtəlif beynəlxalq qurumlara, o cümlədən Aİ-yə inteqrasiyası, ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. M.Tsvetkoviç ölkəsinin Rusiya, Qazaxıstan Ukrayna, Belarus, Türkiyə kimi ölkələrlə azad ticarət haqqında sazişlər imzalamasından bəhs edərək, Azərbaycanla da belə bir əməkdaşlığı və sənədin imzalanmasını arzu etdiklərini söyləyib. E.Məmmədyarov Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatlar, ölkə iqtisadiyyatına böyük həcmdə xarici sərmayə qoyuluşu, ölkəmizin bir sıra, ilk növbədə enerji sahəsində, iri strateji və regional layihələrin təşəbbüsçüsü və onları reallaşdıran ölkə olması barədə M.Tsvetkoviçə ətraflı məlumat verərək, ölkəmizin də Serbiya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğu bildirilib. O, ölkələrimizin bir-birilərini beynəlxalq müstəvidə qarşılıqlı olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kosovo problemi ilə bağlı dəstəklədiklərini qeyd etmiş, bütün münaqişələrin beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı norma və prinsiplərinə uyğun həlli edilməsinin vacibliyini vurğulayıb.
Serbiya Respublikası Baş nazirinin birinci müavini və Daxili İşlər Naziri İ.Daçiçlə görüşdə E.Məmmədyarov Azərbaycan-Serbiya ikitərəfli münasibətlərindən bəhs edərək, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar olduğunu, qarşılıqlı milli maraqlar əsasında bu əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin cari ilin 8-9 iyun tarixlərində Serbiyaya nəzərdə tutulan rəsmi səfəri barədə məlumat verib. O, Azərbaycan və Serbiyanın qarşılıqlı olaraq, ölkələrimizin üzləşdiyi problemlər, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kosovo problemi ilə bağlı bir-birilərinin mövqeyini dəstəklədiklərindən məmnun qaldığını, bu istiqamətdə birgə səylərin artırılmasının vacibliyini bildirib. İ.Daçiç 2010-cu ilin 12-13 may tarixlərində Serbiya Prezidenti cənab B.Tadiçin ölkəmizə səfəri zamanı onu müşayiət etdiyini xatırlayaraq, səfərdən məmnun qaldıqlarını, həmin səfər zamanı Azərbaycan və Serbiya Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq və sazişin imzalanmasından məmnun qaldığını ifadə etmiş, Serbiya Sosialist Partiyasının və Baş nazirin birinci müavini kimi ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə çalışacağını bildirib. O, ölkəsi ilə Azərbaycan arasında vətəndaşların vizasız hərəkəti, həmçinin Fövqəladə halların aradan qaldırılması haqqında sazişlər imzalamaq arzusunda olduğunu ifadə edib. Görüş zamanı qloballaşan dünyada beynəlxalq təhlükəsizlik, terrorçuluq, mütəşəkkil cinayətkarlıqla mübarizə və s. aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov növbəti görüşü Serbiyanın müsəlman icmasının liderlərindən biri, Serbiya Sosial-Demokrat Partiyasının sədri, ölkə parlamentində Serbiyanın müsəlman icmasının məskunlaşdığı Sancak bölgəsinin təmsilçisi, Serbiya Respublikasının Əmək və Sosial Siyasət Naziri cənab Rasim Lyayiçlə olub. R.Lyayiç görüşün əvvəlində E.Məmmədyarovu salamlayaraq, ölkələrimiz arasında dostluq münasibətlərinin mövcudluğunu qeyd etdi, keçmiş Yuqoslaviya ərazisində müharibə zamanı öz yerlərindən didərgin düşərək, Voyevodina diyarının mərkəzi Novi Sad şəhəri ərazisində məskunlaşan serb qaçqınlara, həmçinin Belqrad şəhərində yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən kimsəsiz ana və uşaq stasionarına göstərilmiş humanitar yardımlara görə Azərbaycan dövlətinə, hökumətinə, Heydər Əliyev Fonduna və ölkə rəhbərliyinə minnətdarlığını bildirdi, bu addımın Serbiya hökuməti tərəfindən yüksək dəyərləndirildiyini qeyd etmiş və təşəkkürünü bildirib. R.Lyayiç Azərbaycanda gedən inkişaf proseslərini izlədiyini, onun imici, bölgədə güclü nüfuza malik olması barədə xoş fikirlərini bölüşüb. Serbiyalı nazir ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, ölkəsinin Azərbaycanla enerji, əmək şəraitinin yaxşılaşdırılması, turizm, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu ifadə edərək, sözügedən sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanması təklifi ilə çıxış edib. E.Məmmədyarov, öz növbəsində Azərbaycanla bağlı xoş sözlərinə görə R.Lyayiçə təşəkkürünü bildirmiş, səfər çərçivəsində Serbiya rəsmiləri ilə keçirdiyi görüşlər barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Serbiyaya nəzərdə tutulan səfəri ilə əlaqədar həmsöhbəti ilə fikir mübadiləsi aparmış, ölkələrimiz arasında bütün sahələrdə hərtərəfli əlaqələrin, həmçinin humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsi üçün geniş imkanlar olduğunu bildirib. E.Məmmədyarovun keçirdiyi bütün görüşlərdə Serbiya tərəfi Azərbaycan hökuməti tərəfindən Belqraddakı "Taşmaydan parkı"nın abadlaşdırılmasına görə Azərbaycan dövlətinə hökumətinə və rəhbərliyinə təşəkkürünü bildirib, bu layihənin iki ölkə arasında dostluq rəmzinin bariz nümunəsi olduğunu vurğulamış və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəc əyini bildirib.
Həmin gün E.Məmmədyarov keçmiş Yuqoslaviya lideri İosip Broz Titonun mavzoleyini ziyarət edib. E.Məmmədyarov həmçinin Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinə gələrək, Səfirliyin kollektivi, Serbiyadakı Azərbaycan diasporasının nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan iqtisadi-ticarət Palatasının üzvləri ilə görüşüb. Serbiyaya ikigünlük rəsmi səfərini başa vurduqdan sonra Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Belqraddan Monteneqronun paytaxtı Podqoritsaya yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB