"Ermənistan terror təşkilatları vasitəsilə dinc aksiyalarımıza mane olmaq istəyir" ÖZƏL - AÇIQLAMA
"Son illər Azərbaycan diaspora təşkilatların, siyasətçilərin apardığı mütəşəkkil fəaliyyət sayəsində ermənilərin terrorçu, işğalçı cinayətkar simasını dünyaya çatdıra bilmişik. Xocalı qətliamı, torpaqlarımızn işğal edilməsi, vətəndaşlarımızın öz doğma yurdlarından qaçqın və köçkün salınması ilə bağlı apardığımız ədalətli siyasətimiz beynəlxalq arenada ermənilərin üzərində qələbə əldə etməyimizə yol açmışdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, biz beynəlxalq mübarizəmizi sivil qaydada aparırıq və müsbət nəticələri də görürük:
"12 iyun təxribatında uğursuzluğa düçar olmuş Ermənistanın rəhbərliyi, dünya erməni diasporası terrorçu təşkilatlarına xüsusi göstəriş verərək cinayətkar yollarla bizim beynəlxalq dinc aksiyalar keçirməyimizə mane olmaq istəyirlər. ABŞ-da, Belçikada baş verən hadisələr də bunun əyani göstəricisidir. Təbii ki, dinc aksiya keçirərək öz etirazını ifadə edən insanlara zor işlətmək yol verilməzdir və cinayətdir".
Millət vəkili bu proseslərdə maraqlı bir məqamı da diqqətə çatdırıb və bildirib ki, dinc aksiyalarda iştirak edən azərbaycanlıların azlığından istifadə edərək mütəşəkkil şəkildə onlara güc tətbiq edən cinayətkar ermənilərin əməllərinin pislənməsi ilə əlaqədar insan haqlarının müdafiəsi haqqında hesabatlar yayan "Human Rights Watch", "Freedom House", "Amnesty International" təşkilatları bu arada susur və səsini də çıxartmır:
"Təbii ki, bu ikili standartların göstəricisidir. Biz, müstəqil ölkə olaraq hansı ölkədə vətəndaşlarımıza qarşı güc tətbiq edilirsə, o ölkənin rəhbərliyindən, hüquq mühafizə orqanlarından beynəlxalq hüquq normaları çərçivəsində cinayətkarların cəzalandırılmasını tələb etməliyik. Bütün bunları nəzərə alaraq biz mübarizəmizi sivil qaydada davam etdirməliyik. Düşünürəm ki, dünyada yaşayan azərbaycanlılar emosiyalara qapanmadan, güc işlətmədən beynəlxalq hüquq normalarına uyğun mübarizəni davam etdirməlidirlər. Hansı ölkədə yaşayırıqsa o ölkənin qanunlarına hörmətlə yanaşmalıyıq və hər hansı aksiya keçirməyi planlaşdırılanda o ölkənin hüquq mühafizə orqanlarına rəsmi müraciət edilələrək, təhlükəsizlik təmin olunmaqla öz işimizi görməliyik. Biz müharibəni işğal altındakı torpaqlarda aparmalıyıq və ona hazır olmalıyıq. Hardasa xarici ölkələrdə gücə-güc işlətmək məsələsini önə çəksək, biz gördüyümüz işlərə ləkə gətirə bilərik. Ermənilərin də istəyi beynəlxalq səviyyədə azərbaycanlıları təxribata çəkməkdir. Ona görə də baş vermiş hadisələrə təmkinlə yanaşaraq, beynəlxalq hücum diplomatiyasını qanunlara uyğun davam etdirsək daha çox uğur əldə edəcəyimizi düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB