Qənirə Paşayeva: "Dünyaya göstərməliyik ki, ermənilər Şuşanı, onun abidələrini, mədəniyyətini necə dağıdırlar"

Qənirə Paşayeva: "Dünyaya göstərməliyik ki, ermənilər Şuşanı, onun abidələrini, mədəniyyətini necə dağıdırlar"
"Ermənistan təkcə Şuşanı işğal edib azərbaycanlıları oradan qaçqın və məcburi köçkünə çevirməyib, bu ölkə bu gün həmçinin işğal etdiyi Azərbaycanın ayrılmaz parçası olan Şuşada Azərbaycan xalqına məxsus olan tarixi-mədəni abidələri məhv etməklə tarixi faktları yox edirlər. Bundan əlavə ermənilər həmin ərazidə qəbiristanlıqları məhv edirlər ki, bu da insanların ən ağır həssasiyyətlərindən biridir". SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, bütün bu faktları beynəlxalq ictimaiyyətə, təşkilatlara daha çox çatdırmaq lazımdır. Onun sözlərinə görə, cənab prezident də çıxışlarında bütün azərbaycanlılara səsləndi ki, biz hücum mövqeyinə keçməliyik.

Millət vəkili vurğulayıb ki, dünyanın hər yerində ermənilərin azərbaycanlılara qarşı törətdikləri faktları açıq-aşkar şəkildə deməliyik: "Mehriban xanım Əliyeva da dəfələrlə bu məsələləri İSESCO, YUNESCO və bir sıra beynəlxalq təşkilatlarda qaldırıb. Biz də bu məsələlərə dəstək olaraq təbliğat istiqamətində fəaliyyətimizi daha da artırmalıyıq. Dünyada Ermənistan qədər vandal və ya vandalizm aktlarını həyata keçirən bir dövlət yoxdur. Onlar işğal etdikləri torpaqlarda təkcə insanları deyil, oradakı tarixi-mədəni abidələri məhv etmək, dağıtmaq kimi ən ağır vandalizm aktlarını həyata keçirirlər. Ona görə də dünyada buna qarşı səsi ucaltmağa, bunun qarşısının alınması istiqamətində ədalətin azərbaycanlıların tərəfində olması üçün bu məlumatları daha geniş yaymağa ehtiyac var. Burada da əsas yeri görüntü oynayır. Bütün dünyaya göstərməliyik ki, ermənilər Şuşanı, onun abidələrini, mədəniyyətini necə dağıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə