Ermənistanın törətdiyi təxribat onlar üçün sonun başlanğıcı ola bilər - ŞƏRH ÖZƏL
"12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddində Tovuz istiqamətində hərbi aventuraya əl atması, bir neçə istiqamətlər üzrə Ermənistan üçün çox ciddi problemlər yaradıb. Problemlərdən biri onla bağlıdır ki, hədəflərinə çatmadılar. Məqsədləri isə Tovuz istiqamətində bir neçə strateji yüksəklikləri ələ keçirmək idi. Xüsusilə Qaraqayanı ələ keçirmək istəyirdilər. Onların bu planı puç oldu. Azərbaycan ordusu Aprel döyüşlərində olduğu kimi düşmənə öz yerini göstərdi. Şəhidlərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin! Ancaq şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alındı və bundan sonra da alınacaq. Ali Baş Komandan cənab İlham Əliyev hadisələrə məhz bu cür qiymət verdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, politoloq Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, birinci zərbə Ermənistanın 100 qədər əsgər itirməsi və böyük sayda hərbi texnika itirməsi oldu və bəzi məntəqələri dağıdıldı: "İkincisi Ermənistan üçün bir daha bəlli oldu ki, güvəndiyi KTMT-dan ona heç bir dəstək gəlməyəcək. Bu təşkilata 6 ölkə daxildir və bu 5 dövlətin heç biri Ermənistana konkret dəstək göstərmədi. Bu tərəfdən də Ermənistan növbəti zərbəni aldı. Güman edirdi ki, xüsusilə Rusiya və Belarus Azərbaycana silah satışını dayandıracaq və bu istiqamətdə də çalışırdılar, lakin bütün bu məqsədlər də puça çıxdı. Üçüncü istiqamət onunla bağlı idi ki, Paşinyan güman edirdi ki, uğurlu hərbi əməliyyat və bunun nəticəsində ölkə daxilində ona qarşı etiraz dalğasını səngidəcək və bununla da o, özünü qəhrəman kimi təqdim edəcək. Buna görə də, çoxsaylı dezinformasiyalar yayır və guya özünün hərbi qələbə qazandığına kimisə inandırmaq istəyir. Amma bu dezinformasiyalar havada asılı vəziyyətdə qalır və özündən başqa ona heç kim inanmır. 12 iyul hərbi təxribatdan sonra Ermənistanda Paşinyan əleyhinə etiraz dalğası daha da genişlənməyə başlayıb, ona olan etimadsızlıq daha da böyüyüb. İnsanlar görürlər ki, o, öz hakimiyyyətinin ömrünü uzatmaq üçün hətta istənilən hərbi aventuraya gedə bilir və nəticə də göz qabağındadır. Məğlub vəziyyətdə özünün əvvəl gəldiyi yerə geri qayıdır".
Politoloq bildirib ki, dünyada olan azərbaycanlıların göstərdiyi həmrəylik Paşinyan üçün olduqca gözlənilməz oldu və ən böyük zərbəni də burdan aldı: "O, inanmırdı ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu qədər böyük həmrəylik və birlik nümayiş etdirib işğalçılara öz nifrətini ifadə edəcəklər. Los Ancelesdə, Londonda və.s ölkələrdə erməni diaspora üzvləri ilə azərbaycanlılar arasında toqquşma oldu. Azərbaycanlılar da bu toqquşmalarda yenə öz sözlərini ləyaqətlə dedilər və öz ləyaqətli davranışları ilə Azərbaycanın mövqeyini bütün dünyaya bir daha çatdırdılar. Qardaş Türkiyənin Azərbaycana olan dəstəyini xüsusilə qeyd etmək istəyirəm. Türkiyədə 10 minlərlə insan küçələrə tökülüb Azərbaycana öz dəstəyini ifadə etdi. Türkiyənin ali siyasi rəhbərliyi, Prezidenti, Xarici İşlər Nazirliyi, Parlamenti, Müdafiə Nazirliyi, ictimai-siyasi xadimləri səviyyəsində Aərbaycana dəstəklərini və həmçinin Ermənistana olan haqqlı etirazlarını ifadə etdilər. Birməmalı şəkildə Azərbaycanın yanında olduqlarını bildirdilər. İranda bizim 35 milyon soydaşımız yaşayır və onlar Ermənistana qarşı çox böyük yürüşlər etdilər. Birmənalı şəkildə Azərbaycan dövlətini və onun mövqeyini müdafiə etdilər. Bu proses Ukraynada da çox yüksək səviyyədə təşkil olunmuşdu".
E.Nəsirov vurğulayıb ki, bu çox geniş miqyas almış proses idi və hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bu işlərdə öz rolunu oynadı: "Bütün bu səylər nəticə etibarilə Ermənistanın hərbi təxribatına qarşı dünyada yaşayan azərbaycanlıların böyük bir etiraz dalğasını formalaşdırdı. Bu da təbii ki, Azərbaycan dövlətinin gücünü birə beş artırır və həmçinin düşməni vahimələndirir. Bütün bunlar onu deməyə əsas verir ki, düşmən tərəf, onun siyasi, hərbi rəhbərliyi əgər varsa, papaqlarını qarşılarına qoyub düşünsünlər ki, bu cür hərbi təxribatlarla heç nəyə nail olmayacaqlar. Əksinə, müharibə versiyası olduqca aktuallaşıb. Belə olan halda ümumiyyətlə bir gün müharibənin qarşısının alınması üçün istənilən səylər nəticə verməyə bilər. Müharibənin başlanması asandır, ama onu dayandırmaq çox çətindir. Düşmən tərəfi bilsin ki, Azərbaycan Aprel döyüşlərində özünün hərbi potensialının cüzi bir hissəsindən istifadə edib və Ali Baş Komandanın söylədiyi kimi əgər bütün hərbi potensialımızı işə salsaydıq Ermənistanda daş daşın üstündə qalmazdı. Bu gün də həmin reallıqdır. Azərbaycan 2020-ci ildə 2016-cı ildəkindən də güclüdür. Bunu düşmən tərəf unutmasın və düşünürəm ki, artıq Ermənistanın siyasi-hərbi rəhbərliyi hər gün daha çox böyük bir səhvə yol verdiyi daha çox dərk edəcək. Bu səhv indiki hakimiyyətin sonunun başlanğıcını hazırlayacaq bir səhv ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB