Millət vəkili: “Gənclər təşkilatlarına üzv olmayan gənclərlə bağlı məsələlər də proqramda öz əksini tapacaq”- AÇIQLAMA

Millət vəkili: “Gənclər təşkilatlarına üzv olmayan gənclərlə bağlı məsələlər də proqramda öz əksini tapacaq”- AÇIQLAMA
"Azərbaycan Gəncliyi 2011-2015-ci il Dövlət Proqramı gənclərimizin həyatında yeni dövrün başlanğıcı olacaq". Bu sözləri millət vəkili Ceyhun Osmanlı SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, müəyyən problemlər var ki, onlar bir neçə ildir ki, müzakirə olunsa da həlli uzanırdı. Onun sözlərinə görə, sözügedən proqram vasitəsilə həmin problemlərinin birbaşa həlli gözlənilir.
Proqramda nəzərdə tutulan bir neçə məsələ haqqında məlumat verən millət vəkili söyləyib ki, hər zaman gənclər təşkilatları, gənclərin fəaliyyəti üçün əsas problemlərdən biri yer problemi idi ki, yeni proqram vasitəsilə bu məsələ həll olunacaq. O vurğulayıb ki, problemin həlli Bakıda və bəzi regionlarda Gənclər Mərkəzinin yaradılması ilə öz həllini tapacaq: " Bizdə 200-dən çox gənclər təşkilatları olsa da onların büdcəsi bahalı otellərdə tədbir etməyə imkan vermir. Buna görə də proqram vasitəsilə Gənclər Mərkəzinin yaradılması problemin həllinə səbəb olacaq. Nəinki Bakı şəhərində hətta bəzi regionlarda bu cür mərkəzlərin tikilməsi nəzərdə tutulur. Bu mərkəzlər gənclər təşkilatlarının fəaliyyəti üçün poliqon yaradacaq. Bundan əlavə proqramda gənc ailələri düşündürən ipoteka kreditlərinin şərtlərinin sadələşdirilməsi məsələsi də öz əksini tapıb. Belə ki, ipoteka kreditləri və onların şərtlərinin sadələşdiriməsi ilə bağlı məsələ artıq gündəmə gəlib və hazırda bununla bağlı işə başlanılıb. O ki qaldı hər hansı bir strateji sahələrdə fəaliyyət göstərən gənc ailələrin evlə təmin olunmasına bunun da yolları hazırda araşdırılır".
Proqramın hazırlanmasına gəlincə C. Osmanlı proqramın hazırlanması ilə bağlı qısa müddət, yəni iki həftə ərzində 20-dən çox ictimi müzakirədə iştirak etdiyini dilə gətirərək vurğulayıb ki, bu gün proqramla bağlı xaricdəki gənclərimiz bir araya gəlirək müxtəlif müzakirələr həyata keçirir, təkliflər hazırlayırlar.
O proqramla bağlı 100-lərlə təklif olduğunu da qeyd edib.
"Ümumiyyətlə proqramın əsas mahiyyəti hər hansı bir fəaliyyət sahəsinə aid olan gənclərin, bütövlükdə hər bir gəncin özünü həyatda realizə edə bilməsi üçün onun inkişaf mexanizmlərinin proqramda aydın şəkildə göstərilməsidir. Hər bir gəncin həyata addımlama kanalları var. Bu sahədə yeniliklərə ehtiyac var. Belə bir yeniliklərdən biri gənclər fondunun yaradılmasıdır. Bu gün hər kəs gənclər təşkilatlarının üzvü deyil, ölkə gənclərinin 90 faizi heç bir gənclər təşkilatlarının üzvü deyil. O gənclərlə bağlı məsələlər də proqramda öz əksini tapacaq"- deyə millət vəkili bildirib.
C. Osmanlı həmçinin vurğulayıb ki, proqramda gənclərin məşğulluq məsələləri, gənc sahibkarlar üçün kreditlərin ayrılması, elmi yanaşmanın gənclərə təbliği və bunlarla yanaşı 100-lərlə məsələ öz əksini tapacaq: "5 il ərzində hər bir gəncin arzusuna cavab vermək çox çətin olacaq amma buna çalışacağıq. İş ağır gedir, çünki təklif həddindən artıq çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə